Millimiz bu gün cari seçmə mərhələdə xal hesabını aça bilər

ÖLKƏ FUTBOLU 8 Oktyabr 2010 / 11:02 2459
-  A +

Bu gün futbol üzrə əsas yığma komandamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, ilk oyununu səfərdə Almaniyaya qarşı keçirən və biabırçı məğlubiyyətlə (1:6) üzləşən millimiz cari seçmə tiskldəki ikinci oyununu da rəqib meydanında keçirəcək. Bu dəfəki rəqib isə, Avstriya millisidir. Həmin Avstriya ki, indiyə qədər bu ölkənin seçmə komandasıyla bir seçmə mərhələdə üz-üzə gəlmişik.
DÇ-2006-nın seçmə mərhələsində qarşılaşdığımız avstriyalılarla səfər oyununda iki cavabsız qolla məğlub olan millimiz Bakıdakı qarşılaşmada qolsuz heç-heçəyə nail olmuşdu. Vyanadakı yenilgi həmin oyunda komandamızın sükanı arxasında çalışan ilk əcnəbi mütəxəssis – braziliyalı Karlos Alberto Torresin ilk rəsmi yenilgisi kimi tarixə düşmüşdüsə, evdə qazanılan 1 xal müxtəlif vaxtlarda 3 dəfə əsas komandamızı çalışdırmış Vaqif Sadıqovun ilk və yeganə xalı hesab olunur. Yeri gəlmişkən, 2005-ci ilin sentyabrında baş tutan Bakıdakı oyun rəqib komandanın baş məşqçisi Hans Krankl üçün sonuncu olmuşdu. O, məhz millimizlə oyundakı xal itkisindən dərhal sonra istefa vermək məcburiyyətində qalmışdı.
Elə indi də eyni proses təkrarlana bilər. Çünki bu oyunda xal itirsələr, avstriyalıların kreslosu elə də möhkəm olmayan baş məşqçisi Didi Konstantini baş məşqçi vəzifəsindən gedə bilər. Berti Foqts isə 3-cü dəfə qarşılaşacağımız avstriyalılarla qarşılaşmada futbolçularımızı meydana çıxaracaq 3-cü məşqçi kimi, ilk dəfə bu rəqib üzərində qələbə qazanmaq istəyindədir. Maraqlıdır ki, ilk oyununda darmadağınla üzləşən Foqtsun istefası gündəmdə olmasa da, ciddi tənqid olunan Konstantininin komandası cari mövsümə qələbəylə başlayıb. İlk turda yığmamız kimi istirahət edən avstriyalılar 4 gün sonra Qazaxıstana 2 cavabsız qolla qalib gəlmişdilər. Lakin nəyə görəsə Avstriya futbolsevərlərinin sevmədikləri baş məşqçinin yığmamızla oyunda qeydə alınacaq növbəti uğursuzluq nəticəsində istefaya göndərilməsi heç də təəccüblü qarşılanmamalıdır.
Məhz bu üzdən meydan sahiblərinin yığmamızla oyunda müəyyən təzyiq altında olacağı şübhəsizdir. Komandamızın üzvləri belə vəziyyətdən öz xeyrimizə maksimum yararlanmalıdır. Düzdür, millimiz də almanlara biabırçı yenilgidən sonra psixoloji cəhətdən hələ də təzyiq altındadırlar. Lakin nəzərə alsaq ki, futbolçularımız ən azı 1 xalla qayıdacağı halda belə, tənqidlərdən böyük ölçüdə yaxa qurtarmış olacaqlar, onda bu şansdan istifadə etmələri yerinə düşərdi. Axı Almaniya, Türkiyə kimi nəhənglərin də yer aldığı qrupda Avstriya kimi rəqibdən də xal ala bilməyəndən sonra, artıq ikinci tsiklini keçirən Foqtslu yığmamız nə vaxt boyundan yuxarı tullanacaq? Arzuladığımız qələbənin mümkünlüyünün real olmadığını qəbul etsək də, ən azı cari tsikldə ilk xalımızın qazanılmasını tələb etməyimiz normal qarşılanmalıdır. Halbuki, bu futboldur və sensasiyaya imza atmağımız da istisna edilməməlidir.
Təəssüflə onu qeyd etməliyik ki, belə ciddi sınaq ərəfəsində komandamızda heyətlə bağlı vəziyyət elə də ürəkaçan deyil. Hələ avrokuboklar vaxtı sıradan çıxan “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov heç məşqlərə başlamadığından, millinin də sıralarına cəlb olunmur. Foqts “İnter”in müdafiəçisi Vladimir Levini də zədə ucbatından Vyanaya aparmayıb. Bu azmış kimi, “Neftçi”nin müdafiəçisi Ruslan Abışov zədədən sonra əvvəlki formasını bərpa edə bilməyib və Premyer Liqada cəmi 20 dəqiqə oynamaq şansı qazanıb. “Qarabağ”ın hazırda millinin düşərgəsində olan üzvü Maksim Medvedev, həmçinin “Neftçi”nin üzvü Cavid Hüseynov da yaxşı hazırlıq keçə bilməyib. Eyni zamanda komandamızın lideri, kapitan Rəşad Sadıqovla da bağlı sıxıntı var. Axı Ağdam klubunun avrokuboklardakı çıxışı başa çatan kimi Türkiyənin “Eskişəhərspor” klubuna yollanan təcrübəli müdafiəçimiz də millinin düşərgəsinə tam oyun praktikası olmadan dönüb. Xatırladaq ki, Rəşad Türkiyə Superliqasında gedən gündən heç bir oyunda forma şansı qazanmayıb. Bu isə onun üçün müəyyən problemlərə yol aça bilər. Lakin ümid edək ki, bu çatışmazlıqlar komandamızın çətin səfər matçından uğurla dönməsinə maneə yaratmayacaq.
Sonda millimizlə bağlı bəzi statistik məqamları da diqqətinizə çatdırmaq istərdik. Yığmamız bu gün tarixində 169-cu oyununa çıxacaq. 18 illik tarixi ərzində həmin oyunlardan 29-da rəqiblərini məğlub edən komandamız bu dəfə yubiley qələbəsini rəsmiləşdirə bilər. 97 qarşılaşmada meydanı başıaşağı tərk edən futbolçularımız 42 dəfə də rəqibləriylə heç-heçəyə razılaşıb. 169 oyunda qapısında 301 qol görən əsas komandamız rəqiblərini cəmi 114 dəfə oyuna meydanın mərkəzindən başlamağa məcbur edə bilib. Bu günkü qarşılaşma baş məşqçimiz üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki Foqts millimizin sükanı arxasında yubiley - 30-cu oyununa çıxacaq. Almaniyalı mütəxəssis komandamızı meydana çıxardığı oyunların 14-də məğlubiyyəti həzm etmək məcburiyyətində qalıbsa, cəmi 6 qarşılaşmada qələbə sevinci yaşaya bilib. 9 dəfə meydanı sülhlə tərk edən Foqts bu oyunlarda 21 qol sevinci yaşadığı halda 42 dəfə qapımızdan top keçirilməsinin üzüntüsünü yaşayıb.
Qeyd edək ki, danimarkalı ədalət təmsilçilərinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək və dövlət televiziyası ilə futbolsevərlərimizə canlı təqdim olunacaq.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq