“Çempionatımızda 12 komanda yaxşı, 16-sı isə super olar” – Mütəxəssislər danışır

“Çempionatımızda 12 komanda yaxşı, 16-sı isə super olar” – Mütəxəssislər danışır
ÖLKƏ FUTBOLU 6 Aprel 2021 / 15:31 2980
-  A +

Premyer Liqamızda komanda sayının azlığı daimi futbol ictimaiyyətini narahat edən məsələ olub. Ən son “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında komanda sayının artırılmalı olduğunu söyləyib.


Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov bildirir ki, uzun illərdir hər mövsüm eyni komandalar 4, yaxud 6 dəfə üz-üzə gəlir:



“Artıq buna görə futbolçularda psixoloji cəhətdən durum başqa olur. Mən Qurban Qurbanovla tam razıyam. Neçə ildir bu mövzü haqda danışırıq. Onu da qeyd etməliyik ki, maliyyə problemlərinə görə az klub var. Amma hazırda istəyirik çempionatımız güclü, rəqabətli olsun. Eyni zamanda Azərbaycan milli komandası uğur qazansın. Hər şey biri-birinə bağlıdır. Yenə deyirəm, qələbələr üçün komanda sayı çox olmalıdır”.

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev bildirir ki, çempionatın səviyyəsini qaldırmaq bir sıra detallar var:



“Bəli, komandaların sayı artıq, keyfiyyətli futbolçular, daha yaxşı legionerler olmalıdır. Demirəm indikilər pisdir. Amma daha yaxşı legionerlər olanda maraq da çox olur. Şərtlər qoyulmalıdır, elə legioner gəlməlidir ki, yerli futbolçular ondan nəsə öyrənsin. Bunların hər biri maddiyyata bağlanır. Hər bir işin keyfiyyətini qaldırmaq üçün pul lazımdır. Akademiya açmaqdan başlayaraq, onların peşəkar səviyyədə qurulması vacibdir. Bundan əlavə yaxşı legioner futbolumuzun səviyyəsinə görə bura gəlmir. Bu detallar biri-biri ilə zəncirvari şəkildə bağlanır”.

Futbol mütəxəssis Yunis Hüseynov deyib: “Hamı istəyir ki, çox komanda olsun, o cümlədən mən də. Çempionatda 12 komanda yaxşı, 16 komanda isə super olar. Region klublarımız çox olsaydı, çempionat daha da maraqlı olardı.




Hər bir komanda rayonlara gedəndə oyunlar yüksək atmosferdə keçir. Düzdür, indi pandemiyaya görə oyunlar azarkeşsiz olur. Pandemiya həmişə davam etməyəcək ki, bitəcək. Bundan sonra ordakı futbol ruhu daha da yüksək səviyyədə olacaq. Bildiyiniz kimi regionlarda azarkeşlər futbola çox istəklidir, ab-hava yüksək səviyyədə olur. Minlərlə azərkeşin qarşısında oynamaq rəqib komandalar üçün çətin olur. Ona görə də hamı kimi mən də istəyirəm çox komanda olsun. Çempionat elə maraqlı olur”.

Futbol eksperti Emin Abbasov düşünür ki, Qurban Qurbanovun narazılığı yalnız keyfiyyətlə yox, həm də kəmiyyətlə bağlıdır: “Həqiqətən də eyni komandalar ilboyu bir-biri ilə nə qədər üz-üzə gələr? Premyer Liqa, kubok matçları, yoldaşlıq oyunları. Bəzən belə fikir səsləndirənlər olub ki, bizim əhali sayımıza görə çox klub sayına ehtiyac yoxdur.




Amma bu, kökündən yanlış fikirdir. Misal üçün, əhalisi 5 milyondan bir qədər çox olan Norveçin əsas liqasında 16, bizimlə təxminən eyni əhali sayına malik Belçikada isə 18 klub var. Hələ aşağı liqaları demirəm. Yəni kütləvilik nə qədər çox olsa, həm yeni-yeni oyunçular üzə çıxacaq, həm də çempionata maraq artaracaq. Məncə, mərhələli şəkildə Premyer Liqada klubların sayını 14 və ya 16-ya çatdırmaq lazımdır. Bu gün də görürük ki, büdcəsi kiçik olan "Səbail" hamıyla başa-baş oynayır, hamıdan xal alır. Peşəkar iş qurulsa, kiçik büdcəli komandalar hesabına Premyer Liqada mübarizəni daha maraqlı etmək mümkündür. Əslində, Azərbaycan kimi varlı dövlət üçün futbola illik o qədər də çox hesab olunmayan vəsait yatırım etmək problem olmalı deyil. Mənim hesablamalarıma görə, klublara ümümilikdə illik 30-35 milyon manat paylansa, rahat 16 komandalı çempionat keçirmək olar. Təəssüf ki, illərdir bu məsələdə heç bir irəliləyiş yoxdur”.

Ağa Dadaşzadə

Daha çox


Son xəbərlər