“Xəzər Lənkəran”la “Neftçi”ni dayandıran olacaqmı?

“Xəzər Lənkəran”la “Neftçi”ni dayandıran olacaqmı?
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2010 / 11:38 2601
-  A +

Bu gün Unibank Premyer Liqasının 5-ci turuna start veriləcək. Qol.Az-ın məlumatına görə, hesabat turunun ilk oyun günündə keçiriləcək 3 oyunla cari mövsümdə yaranan ilk fasiləyə son veriləcək. Milli komandaların AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki oyunları ilə əlaqədar yaranan iki həftəlik fasilədən sonra start götürən 5-ci turun əksər qarşılaşmaları paytaxtda baş tutacaq. Regionlarda keçirilən qarşılaşmalardan “Xəzər Lənkəran” – MOİK matçının Bakıda oynanılmasına qərar verməsi nəticəsində turun 6 görüşündən 5-i məhz Bakıda start götürəcək. Yalnız bir oyun bölgədə keçiriləcək ki, bu da “Turan” – “Qəbələ” matçıdır.
İlk oyun günündə - yəni bu gün 3 qarşılaşma baş tutacaq ki, tura elə əyalətdəki yeganə oyunla start veriləcək. Hələ də qələbə qazana bilməyən iki komandanın duelində tərəflərdən hansının bu həsrətə son qoyacağı maraqla gözlənilir. Toni Adamsın rəhbərliyi altında hələ də öz sözünü deyə bilməyən “Qəbələ”nin autsayder “Turan”la qarşılaşmada ilk qələbəsini qazanması mümkündür. Lakin nəzərə alsaq ki, onun komandası ötən tur digər autsayder MOİK-i doğma azarkeşləri qarşısında yenə bilmədi və Tovuz klubu “hərbçilər”lə müqayisədə daha yaxşı heyətə malikdir, deməli gərgin və maraqlı oyunun olacağı dəqiqdir. Lakin “Qəbələ”nin düşərgəsindəki əhval-ruhiyyənin qaydasında olmaması doğma meydanda çıxış edəcək tovuzluların da ilk qələbəsini qazanmasına şərait yarada bilər.
“Şəfa” stadionunda keçiriləcək günün növbəti oyunu turun mərkəzi qarşılaşması hesab olunur. Çünki son ölkə çempionu “İnter” avrokuboklardakı ən yaxşı təmsilçimizə çevrilən “Qarabağ”ı qəbul edəcək. Son turda əsas rəqiblərindən biri olan “Neftçi”yə yenilən “bankirlər”i bu dəfə də çətin sınaq gözləyir. Cari mövsüm cəmi iki oyuna çıxıb, bir o qədər də matçı təxirə salınan Ağdam təmsilçisi də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaq. Yeri gəlmişkən, bu qarşılaşma Qurban Qurbanovun komandasının Rəşad Sadıqovun Türkiyə “Eskişəhərspor”una transferindən sonrakı ilk oyunu olacaq. Bu mənada baş məşqçinin aparıcı müdafiəçinin yoxluğunu necə dolduracağı maraqla gözlənilir. Rəqib düşərgədə isə diskvalifikasiya edilən baş məşqçi Kaxaber Sxadadzenin yoxluğu ciddi narahatlıq doğurmaqdadır. Axı “Neftçi”yə yenilgi də məhz gürcü mütəxəssisin yoxluğunda qeydə alınmışdı.
Günün son oyununda isə hazırda “Xəzər Lənkəran”la birgə Premyer Liqaya şərikli liderlik edən “Neftçi” “Muğan”ı qəbul edəcək. Cari mövsümə “Qarabağ”la heç də parlaq olmayan oyun və heç-heçə ilə başlasa da, ardından 3 oyunluq qələbə seriyasına nail olan paytaxt təmsilçisi növbəti 3 xalını bayram etməyə çox yaxındır. Bu mənada geridə qalan turların hər birində rəqib qapılarına yol tapmağı bacaran çempionatın bombardiri Bahodir Nasimovun da vurduğu qolların sayını artırmaq şansı böyükdür.
Tura sabah keçiriləcək növbəti 3 oyunla yekun vurulacaq. Bazar günü keçiriləcək ilk matçda MOİK öz meydanında “Xəzər Lənkəran”ın “qonağı olacaq”. Çünki ev oyunlarını Lənkəran şəhər Mərkəzi stadionunda keçirən cənub təmsilçisi həmin arenada aparılan təmir işləri ilə əlaqədar qarşılıqlı razılıq əsasında MOİK-lə matçın rəqib meydanında keçirilməsinə qərar verib. Mirça Rednikin yetirmələri “hərbçilər”lə dueldə yeganə qol buraxmayan komanda adını qorumaq iddiasındadır.
Ötən tur “Xəzər Lənkəran”a doğma divarlar arasında yenilməklə zirvə mücadiləsində ciddi zərbə alan AZAL “Simurq”u qəbul edəcək. Paytaxt təmsilçisi son uğursuzluğu unutdurmağa, Qyoko Hacievskinin çalışdırdığı bölgə təmsilçisi isə qələbə həsrətinə son qoymağa çalışacaq.
Hesabat turunun son görüşündə mövsümə heç də uğurlu başlamayan “Bakı” keçirdiyi bütün oyunlardan heç-heçə ilə ayrılan “Gəncə”ni qəbul edəcək. Vinfrid Şeferin komandası ötən tur qazanılan qələbənin davamını gətirməyə, bölgə təmsilçisi isə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə, ilk 3 xalını qazanmağa çalışacaq.

Unibank Premyer Liqası
5-ci tur
11 sentyabr (şənbə)

“Turan” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Mehman Mahmudov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Tovuz. Şəhər stadionu. Saat 17:00.

“İnter” – “Qarabağ”
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “Şəfa” stadionu. Saat 19:00.

“Neftçi” – “Muğan”
Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Munis Abdullayev, Elnur Muradov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Nizami Şərifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.

12 sentyabr (bazar)

“Xəzər Lənkəran” - MOİK
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Azad Q. Hüseynov, Anar Salmanov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 17:00.

AZAL – “Simurq”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Aydın Ələkbərov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Şəfa” stadionu. Saat 18:30.

“Bakı” – “Gəncə”
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mübariz Haşımov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.

1 "Neftçi" 4 3 1 0 9-1 10
2 "Xəzər Lənkəran" 4 3 1 0 4-0 10
3 "İnter" 4 2 1 1 4-2 7
4 AZAL 4 2 1 1 5-4 7
5 "Muğan" 4 1 2 1 5-5 5
6 "Qarabağ" 2 1 1 0 2-1 4
7 MOİK 4 1 1 2 3-4 4
8 "Gəncə" 3 0 3 0 3-3 3
9 "Bakı" 3 1 0 2 4-5 3
10 "Turan" 4 0 2 2 3-7 2
11 "Simurq" 4 0 2 2 3-9 2
12 "Qəbələ" 4 0 1 3 1-5 1


Son xəbərlər