Berti Foqtslu millimiz ikinci seçmə mərhələyə bu gün start verir

ÖLKƏ FUTBOLU 7 Sentyabr 2010 / 11:54 2444
-  A +

Bu gün AÇ-2012-nin seçmə mərhələsində növbəti turun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, 4 gün öncə baş tutan ilk turun oyunlarında Azərbaycan millisi istirahət etsə də, bu gün nəhayət Berti Foqtsun çalışdırdığı komandamız da ilk matçına çıxacaq. Məhz bu üzdən futbolsevərlərimizin bütün diqqətinin məhz Almaniyanın Köln şəhərinə yönələcəyi şübhəsizdir. Axı komandamız ardıcıl ikinci mövsümdür eyni qrupda yer aldığımız güclü Almaniya millisinin qonağı olacaq.
A qrupu çərçivəsində keçiriləcək bu qarşılaşma ərəfəsində millimizin uğurlu start götürmək şansları elə də yüksək deyil. Çünki kifayət qədər güclü Bundestimin nəyə qadir olduğunu geniş izah etməyə ehtiyac yoxdur. Elə son dünya çempionatının bürünc mükafatını qazanan Yoahim Lövün komandasının mundialın gedişində İngiltərə, Argentina kimi güclü rəqiblərini böyük hesablı məğlubiyyətlərlə turnirdən kənarlaşdırması hər şeydən xəbər verir. Üstəlik ötən seçmə tsikldə Foqtsun komandasının Bakıda həmyerlilərinə 0:2, Hannoverdə isə 0:4 hesabıyla yenilgiləri də yaddaşlardan silinməyib. Məhz bu üzdən komandamız çətin ki, bu dəfə Kölndə qarşılaşacağı almanlarla dueldə yeni tsiklə uğurlu start verə bilsin. Rəqibimiz isə artıq bu tsikldə ilk oyununa çıxıb və mövsümə uğurlu start verib. Səfərdə Belçika millisi üzərində çətinliklə də olsa, minimal hesablı qələbəyə sevinən Bundestimin üzvləri hazırda ikinci oyununda 6-cı xalını qazanmaq iddiasındadır.
Komandamızın uğurlu start götürmək şansını azaldan daha bir amil Foqtsun heyətlə bağlı üzləşdiyi ciddi problemlərdir. Çünki yığmamız Almaniyayla səfər oyununa heç də optimal heyətlə çıxa bilməyəcək. Almaniyalı mütəxəssisin bir neçə gün öncədən ölkəsinə apardığı heyətdə yer alan futbolçulardan Ruslan Abışovla Vladimir Levin zədədən əziyyət çəkir və onların cari seçmə tiskldəki ilk oyunda start heyətində yer ala bilməyəcək. Müdafiə xəttindəki bu problemlərlə yanaşı, “Qarabağ”ın hücumameylli yarımmüdafiəçisi Əfran İsmayılov da 6 aylığa sıradan çıxıb və belə çətin sınaq ərəfəsində komandamız üçün çox ciddi itki sayıla bilər.
Bütün bu sadaladıqlarımız yığmamızın əleyhinə olan amillər olsa da, hər halda sensasiya həsrətində olan azarkeşlərimizin olması mümkündür. Axı ardıcıl ikinci seçmə mərhələdir yığmamızın sükanı arxasında çalışan Foqtsdan az qala bütün futbolsevərlərimiz bu tsikldə daha yüksək nəticələr gözləyir. Hər halda AFFA rəhbərliyi tərəfindən kifayət qədər böyük dəstək görən, postunda saxlanılan alman mütəxəssisdən daha qənaətbəxş nəticə gözləməkdə tam haqlıyıq. Baxmayaraq ki, Foqts həmyerliləri ilə qarşılaşma öncəsi ölkəsində verdiyi bütün müsahibələrdə Bundestimlə qarşılaşmadan heç bir sürpriz gözləməməyi məsləhət görməklə yanaşı, bu oyunun futbolçularımız üçün sadəcə pulsuz futbol dərsi olacağını söyləyir. Lakin o, böyük titullara sahib rəqiblə bu dueldən əlini üzsə də, növbəti qarşılaşmalarda eyni sözləri təkrarlaya bilməyəcək. Qonşu Gürcüstan yığması Yunanıstanla səfər oyununda qələbəni əldən verməsinə rəğmən, ən azı 1 xal qazanırsa, Belarus Fransa kimi güclü rəqibini səfərdə məğlub edirsə, niyə biz eyni sürprizlərə imza atmamalıyıq?
Qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də start götürəcək Almaniya – Azərbaycan qarşılaşması dövlət televiziyası və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək ki, baş hakim Markus Stromberqssonu ölkəmiz üçün tanış referi hesab edə bilərik. Axı o, indiyə kimi artıq bir dəfə millimizin oyununu idarə edib. İkinci dəfə əsas komandamızı meydana çıxaracaq isveçli referi 2009-cu il iyunun 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Uels qarşılaşmasında fit çalıb. Həmin qarşılaşmada minimal hesablı məğlubiyyətə üzülsək də, Stromberqssondan hansısa sərtlik görməmişik. Oyunçularımızdan heç birinə vərəqə göstərməyən ədalət təmsilçisi əksinə, qonaq komandanın 3 üzvünə sarı vərəqə göstərib.

AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
7 sentyabr
 
23:45. Almaniya – Azərbaycan

Hakimlər: Markus Stromberqsson, Stefan Vittberq, Fredrik Nilson, Daniel Stalhammer (hamısı İsveç).
Hakim-inspektor: Stefan Ormançev (Bolqarıstan)
UEFA nümayəndəsi: David Georgi Kollins (Uels)
Köln. “Reynenerjiştadium” stadionu.


Son xəbərlər