"Premyer Liqa üçün yeni format fikirləşmişik" - Ramin Musayev

"Premyer Liqa üçün yeni format fikirləşmişik" - Ramin Musayev
MÜSAHİBƏ 14 Sentyabr 2020 / 16:10 5256
-  A +

Növbəti dəfə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən və  2008-ci ildən bu vəzifəni tutan Ramin Musayev təəssüratlarını və qarşıdakı 4 il üçün hədəflərini açıqlayıb...

- İş elədir ki, heç vaxt bitmir. İşini sevirsənsə, ondan yaxşı nəticələr əldə etməyə çalışmalısan. Əvvəllər klubda çalışmışam. Komandaların yaşadığı problemlərlə yenidən üzləşməməsi üçün çalışırıq. Məsələn, "Qarabağ" və "Zirə" 2018/2019 mövsümündə limiti pozduqları üçün texniki məğlubiyyət almışdılar. Cari çempionatda isə artıq bu, mümkün deyil. Klubun nümayəndəsi səhvə yol versə belə, limiti poza bilməz. Çünki yeni sistem buna mane olur. Çalışırıq ki, komandalarımız problem yaşamasınlar.

- İclasda iştirak edənlər yekdilliklə sizə səs veriblər. Görünür, Ramin Musayevin fəaliyyətindən razıdırlar...

- Yəqin, razıdırlar ki, səs veriblər (gülür). Çox sağ olsunlar. Növbəti 4 ildə də onların etimadını doğrultmağa çalışacağıq.

- "Sumqayıt" klubunun rəhbərliyi iclasda niyə iştirak etməyib?

- Klub prezidenti Riad Rəfiyev iclasdan 1,5 saat əvvəl zəng vurub üzrxahlığını bildirdi ki, xəstədir. Telefonda səsindən də hiss olunurdu. Öz fikrini məktubla bizə bildirdi.

- Qarşıdakı 4 ildə PFL-dən hansı yenilikləri gözləmək olar?

- Müəyyən planlarımız var. Bunu növbəti mövsüm üçün fikirləşmişik. Premyer Liqanın keçirilmə formatında yenilik etmək istəyirik. Amma məsələni əvvəlcə AFFA rəhbərliyi ilə müzakirə etməliyik. Daha sonra klubların rəhbərləri və baş məşqçilərin iştirakı ilə iclasımız olacaq, fikir mübadiləsi aparacağıq. Çempionatın daha maraqlı olması üçün bu layihəni həyata keçirməyə çalışacağıq.

- Hazırda çempionat 4 dövrəli keçirilir. Format dəyişikliyi bununla bağlı olacaq?

- Xeyr, 4 dövrə qüvvədə saxlanılacaq. Elə yeniliklər var ki, onları həyata keçirə bilsək, çempionat daha həyacanlı və baxımlı olacaq. Necə ki əvvəl 12 komanda var idi, çempionluq son saniyələrdə bəlli olurdu. Həmin intriqanı qaytarmaq, o dövrə qayıtmaq üçün yeni format fikirləşmişik. İnanıram ki, klublarımızın əksəriyyəti bunu bəyənəcək. Seçimi sırf komandaların ixtiyarına buraxacağıq. Düşünürəm ki, klubların 90 faizi bunu dəstəkləyəcək.

- Bəlkə, pley-off sistemi tətbiq olunacaq?

- Gəlin, indi açıqlamayaq. Danışsaq, gərək hamısını deyim. Məndən söz oğurlamayın (gülür). Hər şey vaxtında deyilməlidir. İşlədikcə peşəkarlaşma prosesi daha dərinliyə doğru gedir. İstəyirik ki, çalışdığımız qurum futbola daha böyük fayda versin.

- Bəzi yeniliklərin olacağını qeyd etdiniz. Amma sponsor məsələsinə toxunmadınız. Azərbaycan Premyer Liqası sponsorsuz keçirilir. Bu problem nə vaxt həllini tapacaq?

- Düşünürəm ki, yanvarda bu məsələ bərpa olunacaq.(Report)

Daha çox


Son xəbərlər