Kaxaber Sxadadze: “Neftçi” çempionluğa ən real namizəddir” (MÜSAHİBƏ)

Kaxaber Sxadadze: “Neftçi” çempionluğa ən real namizəddir” (MÜSAHİBƏ)
ÖLKƏ FUTBOLU 24 Avqust 2010 / 12:15 2579
-  A +

Son ölkə çempionu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze paytaxt klubunun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis öncə son turun “Xəzər Lənkəran”la qolsuz başa çatan oyunu haqda fikirlərini bölüşüb:
- Oyunu rəqibə və meydançaya uyğun qurmuşduq. Ona görə ki, bildiyiniz kimi, biz qısa ötürmələr vasitəsilə kombinasiyalı oyun sərgiləyirik. Ancaq bunu belə ot örtüyündə həyata keçirmək, sadəcə, mümkün deyil. “Xəzər Lənkəran” oyun üslubunu ötən illə müqayisədə radikal şəkildə dəyişib. Onlar aksenti uzun ötürmələr və güc mübarizəsi üzərinə keçiriblər. Biz buna cavab olaraq meydanın mərkəzini, müdafiəni möhkəmləndirdik və Poşkusla Odikadze kimi futbolçularımıza ümid edərək, diqqətimizi əks-hücumlara yönəltdik. Hesab edirəm ki, bizdə alındı və irəlidə yaxşı oynamağı bacardıq.
- Komandada bir neçə hücumçu var, bununla bərabər Poşkus və Karlsons təxminən eyni tip oyunçulardır. Bu mövqeni möhkəmləndirməyi düşünürsünüzmü?
- Bizim oyun üslubumuz iki yox, bir mərkəz hücumçusu üzərində qurulub. Buna görə də, növbə ilə onları meydana çıxaracağıq. Poşkus da, Karlsons da səviyyəli futbolçudurlar və hesab edirəm ki, bu mövqeyi gücləndirməyə ehtiyac yoxdur. Transfer pəncərəsinin bağlanmasına qədər yalnız mərkəz xəttini gücləndirmək lazımdır. Bizə daha bir dayaq müdafiəçisi lazımdır.
- Konkret olaraq hansısa futbolçunu nəzərdən keçirirsiniz?
- Hələlik heç kimi nəzərdən keçirmirik.
- Zədələr barədə nə deyə bilərsiniz? Son zamanlar zədələr komandada artıb. Bunu nə ilə izah edərdiniz? Kifayət qədər fiziki formada olmamaqla, yoxsa başqa səbəblərlə?
- Yox, fiziki forma məsələsində hər şey qaydasındadır, bunu “Xəzər Lənkəran”la oyunda da gördünüz. Biz əla görünürdük, Rəqib isə oyunun bitməsinə iyirmi dəqiqə qalmış çox yorulmuşdu. Burada süxurun dəyişməsi futbolçular üçün böyük rol oynayır. Biz ev oyunlarımızı süni otörtüyündə, səfər oyunlarınısa təbii otörtüyündə oynayırıq. Buna görə də, bu, xüsusilə də baldırla pəncəni birləşdirən oynaqlara ciddi təsir göstərir. Zlatinovun zədəsinə gəldikdə isə deyə bilərəm ki, o, zədəni hələ “Lex Poznan”la oyun zamanı almışdı. Mjavanadze məişət zədəsilə üzləşib. Levin isə məşq zamanı zədə alıb. Eyni sözü Çertoqanov barəsində də demək olar. Mən meydançaların dəyişməsini qeyd etmişdim, biz hamar sintetikada oynayırıq, sonrasa təpəciklər çox olan təbii otörtüyündə oynamağa başlayırıq ki, bu da oyunçulara mənfi təsir göstərir. Yeganə mənim üçün tapmaca olaraq qalır - o da Rövşən Əmiraslanovun zədəsidir. O, anlaşılmayan vəziyyətdə oyunun lap əvvəlində əzələsini dartdı. Kandelakinin əli sınıb, lakin bu da fiziki məşqlərə təsir göstərən zədədir.
- Qarşıdakı “Neftçi” ilə matç barəsində nə deyə bilərsiniz?
- Onların “Simurq”la oyununa hələ baxmamışam, lakin bu günlərdə mütləq baxacağam. Onlar haqqında nə demək olar? “Neftçi” hissediləcək qədər güclənib və yaxşı oynamağa başlayıb. Düşünürəm ki, “Neftçi” çempionluğa namizədlərdən biridir. Çox çətin olacaq.
- Sizinlə Rednik arasında baş vermiş xoşagəlməz epizoddan da yan keçmək olmur...
- Mən anlamıram, nəyə görə media mənim mətbuat konfransında dediklərimi sonacan işıqlandırmır? Mən onların belə yazmalarını başa düşmürəm. Mən bir daha baş vermiş hadisəyə toxunmaq istəyirəm. Qarşılaşmanın 21-ci dəqiqəsində Rövşən Əmiraslanov zədə aldı, rəqibin məşqçisi isə futbolçularına topu meydançadan kənara çıxarmaq barədə göstəriş vermədi. Bir qədər sonra biz irəliyə getdik və o zaman “Xəzər Lənkəran”ın futbolçusu zədə alaraq yerə yıxılmışdı - biz centlemenlik əlaməti olaraq topu meydançadan çıxardıq ki, həkimlər meydançaya çıxa bilsinlər. Halbuki biz davam edə bilərdik, axı, təhlükəli hücum yaranırdı. Kandelakinin yıxılması epizoduna gəldikdə isə, burada oyunu dayandırmaq lazım idi. Onlar isə bunu etmədilər. Amma bu da bəla deyildi. Bəla onda idi ki, həmin məşqçi mənim futbolçumun ünvanına ədəbsiz ifadələr işlətdi, simulyant adlandırmaqla onu təhqir etdi və təbii ki, məşqçilərinin davranışlarından çıxış edərək lənkəranlı azarkeşlər futbolçunun simulyasiya etdiyini düşündülər. Lakin oyunsonrası mətbuat konfrasında dedim ki, “Xəzər Lənkəran”ın ən yaxşı, ən ədalətli və ən coşqun azarkeşləri var. Lənkəranda tribunları dolmuş meydançada oynamaq həmişə zövq verir. Ümid edirəm ki, onlar məsələni düşgün anlayacaqlar və həmin epizodu obyektiv qiymətləndirəcəklər. Əgər onlar hesab edirlər ki, mən doğru deyiləm, o zaman, ola bilsin ki, üzr istəyə bilərəm. Lakin mən düşünmürəm ki, onları təhqir etmişəm. Axı, biz hamımız - futbolçular və məşqçilər azarkeşlər üçün oynayır və qələbə qazanırıq. Bu oyundur, bu futboldur - bütün bunlar onlar üçündür. Əgər onlara nəsə xoş gəlməyibsə, onların bunu demək hüquqları var. Yeganə xahişim budur ki, vəziyyəti dəqiq araşdırsınlar və orada həqiqətən də nə baş verdiyini öyrənsinlər.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı