Ürəyimdəki futbol eşqini dilə gətirməyə yəqin heç bir söz kifayət etməz. İlk dəfə Raul Qonzalesin “Real” Madrid klubundakı oyununu izlədiyim gün hələ də yadımdadır. Bəlkə də sizlər üçün elə deyil. Ancaq bu yaraşıqlı ispan mənim yaddaşıma əfsanə kimi həkk olundu və futbolu mənə sevdirən ad oldu. İlk vaxtlar ancaq Raul eşqi ilə “Real”ın oyunlarını izləyirdim. Daha sonra maraq dairəmi genişləndirmək qərarına gəldim və başqa Avropa klublarının, yerli klubların matçlarını da bu dairəyə sığdırdım.
Yerli çempionatlarda məni ovsunlayan ad isə Qurban Qurbanov idi. Daha sonra Zaur Tağızadə, Georgi Adamiya... Amma Qurbanov başqa idi. Hazırda “Qarabağ”ın baş məşqçisi olan bu futbolçu o vaxtlar Bakının “Neftçi” klubunda hücumçu mövqeyində çıxış edirdi. Tarixə aid söhbəti çox uzatmaq niyyətində deyiləm. Sadəcə qeyd etmək istədiyim odur ki, mənim üçün Azərbaycan futbolu həmişə Qurban Qurbanovdan ibarət olub. O futbolçuluğun daşını atdıqdan sonra, ümumiyyətlə, yerli futbol izləmirdim. Ta ki, bir gün saytların birində "Qurban Qurbanov baş məşqçi oldu" xəbərini görənə qədər. Uzun müddət “Neftçi”nin formasını geyinən bu futbolçu illər sonra doğma meydana məşqçi olaraq geri döndü. Həmin il ürəyimdə ümid qığılcımı yarandı. Bəlkə bizim futbolda da yaxşı yönə nəsə dəyişikliklər ola bilər deyə. 3 illik müqavilə imzalansa da, 1 il sonra klub Qurban Qurbanovla yolları ayırdı. Mənim də sanki qolum-qanadım qırıldı. Bir daha bizim futbola baxmayacağıma əhd elədim. Ancaq 1 il sonra yerli əfsanə yenidən stadiondakı sükanı əlinə almaq qərarına gəldi və Ağdamın “Qarabağ” klubuna baş məşqçi təyin olundu. İlk illər əhdimə sadiq qalır, ümumiyyətlə, yerli futbolla maraqlanmırdım. Ancaq dost-tanışdan eşitdiyim xəbərlər, sosial şəbəkələrdə Qurbanın lehinə yazılan statuslar mənim bir gün yenidən stadiona getməyimə səbəb oldu.
Sonuncu dəfə səhv etmirəmsə, 13 yaşımda atam ilə bu həyəcanı yaşamışdım. Yenidən o stadiona girmək, o həyəcanı yaşamaq, azarkeşlərin səsini duymaq mənə nağıl kimi görünürdü. “Qarabağ” – “Seltik” matçı... Xatırladığım odur ki, 90 dəqiqə nə oturdum, nə də susdum. Səhər yuxudan oyananda gördüm ki, səsim batıb. Qalibiyyəti dada bilmədim, amma eybi yox. Dəyərdi... Bu oyun mənim yenidən stadiona dönməyimə, azarkeş olmaq hissini yenidən yaşamağıma səbəb oldu. Elə o oyunla da “Qarabağ”a könül verdim.
Qəribə bir hissdir, stadionda matç izlədikdən sonra TV kanallarda oyunlara baxa bilmirəm. Ekranı yarıb stadiona girmək, enerjimi oyunçulara ötürmək istəyirəm. Ancaq bir gün o futbolçulara təsəvvür edə bilməyəcəyim qədər yaxın olmaq şansı qazandım. Topaz Premyer Liqasının 30-cu turu. Bakcell Arenada “Neftçi” – “Qarabağ” matçı. 2016-cı ildir. Bu görüşdə tərəf seçmək biraz çətin idi. Çünki “Neftçi” bakılı balaca qızın yerli futbolu, Qurban Qurbanovu tanımasına səbəb olan klub idi. “Neftçi” illər keçsə də, zəifləsə də, yenidən güclənsə də, həmişə brenddir. Ancaq “Qarabağ” mənim gözümdə ölü bədənə qayıdan ruh qədər önəmlidir. Azərbaycan futbolunun hələ də yaşamasına səbəbdir. Bizim futbol deyəndə xatırlanan ilk addır. Üstəlik bu döyüşçülərin başında mənim uşaqlıq sevgim durur - Qurban Qurbanov… Nəysə, söhbətdən çox yayınmayaq.
Yenicə heyətinə qatıldığım CBC Sport kollektivi ilə yollandıq arenaya. Futbolçuların stadiona çıxdığı qapıdan sanki cənnətə daxil oldum. Sevincdən gözlərim gülürdü. O qədər xoşbəxt idim ki… Hələ üstəlik sevimli klubumu 90 dəqiqə yaxından izləmək imkanı qazandım. 4-cü hakimin yanındakı oturacaqda əyləşmişdim. Solumda “Qarabağ”, sağımda “Neftç”i heyəti. Bir gün belə təcrübə yaşayacağımı təsəvvür belə edə bilməzdim. Ancaq əmin oldum ki, imkansız heç nə olmur. İlk hissə qolsuz başa çatdı. Düzü, bir az narahat oldum. Bu şansı əldə etmişkən, qolun vurulduğu anı da yaxından görmək arzusu ilə alışıb yanırdım. İkinci hissədə nəhayət, arzuma çatdım. O qədər çox sevindim ki, özümdən asılı olmadan yerimdən tullanıb qışqırdım. Olmaz imiş. Bilmirdim. Səmra "biz jurnalistik, neytral olmalıyıq, yoxsa saytlar bunu əllərində bayraq edər" deyəndə bir anlıq duruxdum. Amma eybi yox, əsas odur bu xoşbəxtlik mənə nəsib olmuşdu. Reynaldonun vurduğu qalibiyyət qoluna reaksiya vermədim. Amma daxilimdə rəqs edirdim. “Qarabağ”ın qalib olacağına artıq arxayınlıq yaranmışdı ki, “Neftçi”nin futbolçusu Ailton (maraqlıdır ki, indi həmin Ailton artıq “Qarabağ”ın futbolçusudur!) vurduğu qolla fərqi minimuma endirdi. İçimi qorxu hissi bürüdü. Yenə də büruzə vermədim. Axı olmaz. Son dəqiqələr idi. “Neftçi” ard-arda hücum edirdi. Mən də yumruqlarımı möhkəm sıxıb “Qarabağ” üçün dua edirdim. Sonda hakimin final fiti səsləndi və matç 1-2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı.
Ayağa qalxıb cığırın kənarında gözlədim. Futbolçular yanımdan ötüb soyunub-geyinmə otağına yollandılar. Bəli, əlimi uzatsam toxunacaq qədər yaxın idim onlara. Evə yollanmaq üçün maşına mindim, Səmra və Şəmsəddin oyunu müzakirə edirdi. Mən isə eyforiyada olduğum üçün söhbətə qoşula bilmirdim. Metroya düşəndə sanki yavaş-yavaş ayılırdım. Qulaqcığı taxdım, ritmik bir mahnı seçdim. Özüm də hiss etmədən pilləkənləri oynaya-oynaya düşürmüşəm. Yalnız camaatın mənə baxdığını görəndə özümə gəldim.
Soruşsanız ki, bir oyunla da adam belə xoşbəxt ola bilər? Deyərəm, olar. Mən xoşbəxtliyi kiçik şeylərdə axtarmışam həmişə. Bəlkə elə ona görədir, üzüm daim gülür. Mən danışsam, siz dinləsəniz bəlkə də absurd görünəcək. Anlayıram. Nə qədər danışsam, anlatmaq mümkün deyil. O hissləri gərək yaşayasan. Ən əsası, gərək futbol aşiqi olasan. Sevirsənsə, onun ən böyük qüsuru da sənə gözəl görünəcək...
Rəfiqə ƏZİZ
[email protected]
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər