“Qapazaltı deyilik” – Elvin Məmmədov

“Qapazaltı deyilik” –  Elvin Məmmədov
MÜSAHİBƏ 22 Aprel 2019 / 17:05 2901
-  A +

“Sumqayıt”ın yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsində sabah “Zirə” ilə keçirəcəkləri oyundan danışan təcrübəli futbolçu komandasının çempionatdakı bərbad çıxışına da toxunub.

- Sabah ölkə kubokunun yarımfinal mərhələsində “Zirə” ilə qarşılaşacaqsınız. Komandada əhval-ruhiyyə necədir?

- Şükürlər olsun, hər şey qaydasındadır. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Matça ciddi hazırlaşırıq.

- “Sumqayıt”ın çempionatda autsayderlər qrupunda olması kubok oyununun hazırlığına psixoloji baxımdan necə təsir edir?

- Düzdür, psixoloji baxımdan təsir edən nüanslar var. Amma kubok bizim yeganə çıxış yolumuzdur. Çempionatdakı uğursuzluğu unutdura biləcək şey kubok oyunudur. Hamımız bunun fərqindəyik.

- Yəqin ki, finala yüksəlməkdən başqa bir şey düşünmürsünüz...

- Əlbəttə, əsas məqsəd odur. Başqa yolumuz yoxdur. Mərhələni keçməliyik. Məncə, elə “Zirə”də də vəziyyət eynidir. Hər iki komanda finala çıxmaq istəyir.

- İndiki məqamda finala vəsiqə qazanmağınız nə dərəcədə real görünür?

- Komandada finala çıxmaq istəyi, arzusu hiss olunur. Hamımız vəziyyəti gözəl başa düşürük. Bir-birimizlə tez-tez bu barədə danışırıq. Elə oyunlar var ki, onun haqda nəsə demək lazım deyil. Futbolçular fikirləşməlidir ki, bu, tarixdə qalası oyunlardan biridir. Çox danışmaq, kimisə öyrətməklə deyil. Hər bir futbolçu bilməlidir ki, uğursuzluğu unutdurmaq üçün mərhələni keçmək lazımdır. “Sumqayıt”da bir çox futbolçu final oynamayıb. Onlar bilməlidirlər ki, sonrakı peşmanlıq fayda verməyəcək.

- “Zirə” ilə aranızdakı son oyunda bu komandaya uduzmusunuz. Bu amil kubok matçı öncəsi komandada hər hansı narahatlıq yaratmır?

- Kubokla çempionat oyunları tam fərqlidir. Burada cütün taleyini 2 görüş həll edir. Ona görə də “Zirə” ilə çempionat matçından danışmağa ehtiyac yoxdur. Bu, elə bir oyundur ki, hamı fərqindədir.

- Sabahkı oyunla bağlı rəhbərliklə görüş olubmu? Onların fikri necədir? Komandaya, konkret olaraq  deyilib ki, mütləq finala çıxmalı və kuboku qazanmalısınız?

- Yox, sırf “kuboku götürməlisiniz” deyə bir söhbət olmayıb. Ümumiyyətlə, rəhbərliklə komanda arasında hər gün görüş, söhbət olur. Daim bizə dəstəklərini göstərirlər. Finala çıxsaq, uduzduğumuz oyunların hamısı yaddan çıxacaq, hamı bizdən danışacaq. Rəhbərlik tərəfindən yetərincə dəstək var. İnanıram ki, turu keçən tərəf biz olarıq. Bu qələbə həm azarkeşlərimizə, həm rəhbərliyə, həm də özümüzə ərməğan olar.

- Bəs mərhələni keçə bilməsiniz, necə olacaq?

- (Gülür). Yaxşı sualdır. Futbolda elə şeylər var ki, məsələn, mənim də başıma gəlib, finalda uduzmuşuq. Ona görə də məncə, məğlubiyyət ölüm, həyatın sonu demək deyil. Yenə təkrar edirəm, elə bir oyundur ki, sonrakı peşmanlıq fayda verməyəcək. Elə bir matça çıxacağıq. Odur ki, sonrası haqda düşünmürük. Biz əlimizdən gələni etməliyik. Alınsa, finala çıxacağıq. Alınmasa da, bu, son deyil. Sonunda ölüm yoxdur.

- Bu mövsüm “Sumqayıt” uğursuz çıxış edir. Elə turnir cədvəlindəki mövqeyiniz də bundan xəbər verir. Komandanın problemi nədir?

- Nəticələr yaxşı olmasa da, komanda normal oyun göstərir. Hər komandaya uduzmuruq, yəni, qapazaltı deyilik. Sadəcə, elə oyunlar olub ki, udduğumuz halda sonradan 2 top buraxıb uduzmuşuq. Bəzən futbolda belə hallar olur. Qara zolaq deyilən bir şey var, nəsə alınmır. Çox səbəb göstərmək olar. Amma fakt olaraq, bu gün biz 7-ci yerdəyik. Mən razıyam, komanda pis oynasın, amma qələbə qazansın. Çünki tarixdə nəticə qalır.

- “Sumqayıt”la müqavilən bu mövsümün sonuna qədərdir. Maraqlıdır, komandada qalacaqsan, yoxsa başqa təkliflərin var?

- Hazırda real bir şey yoxdur. Heç o barədə danışıq da olmayıb. Əsas diqqətimiz kubokdadır. Bundan sonra hər şeyə aydınlıq gələcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır