“Keşlə”nin hücumçusu Amil Yunanov Qol.az-a müsahibə verib. Komandanın bu mövsümdəki bərbad çıxışının səbəblərindən danışan futbolçu maraqlı fikirlər səsləndirib.
- Son turda “Sumqayıt”a uduzaraq, sonuncu pilləyə düşdünüz. Hazırda kollektivdə ab-hava necədir?
- Məğlub olmaq istəməzdik. Vəziyyət elə idi ki, hər iki komanda meydana axırıncı yerdə olmamaq üçün çıxmışdı. Ən azından uduzmaq istəmirdik. Amma heç nədən qol buraxdıq və məğlub olduq. Ab-hava normaldır, hələ heç nə bitməyib. Qarşıda 5 oyunumuz var. Özümüz bu vəziyyətə düşmüşük, özümüz də çıxmalıyıq. Başqa yolumuz yoxdur.
- Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında istefa vermək istədiyini bildirmişdi. Bəs futbolçulara necə, bu barədə nəsə demişdi?
- Yox, bizə elə bir şey demədi. Yazılanları mən də mətbuatdan oxudum. Futbolçulara komandada qalıb, işini davam etdirəcəyini bildirdi. Dedi ki, sizi bu vəziyyətdə tək qoymaq istəmirəm. Biz də komanda olaraq, bunu bacaracağımıza inanırıq. Çalışacağıq ki, ən azından axırıncı yerdə olmayaq. Bir sözlə, Tərlan Əhmədov bizlə bir yerdə olacağını və komandaya inandığını söylədi.
- “Keşlə” bu mövsüm niyə belə vəziyyətə düşdü?
- Bizdə elə futbolçular var ki... Baxırsan, komanda həqiqətən bu yerdə olmağa layiq deyil. Heç bir komandadan geri qalmırıq. Sadəcə, hər komandada bəxtsizlik olur, çətin vəziyyətə düşürsən. Sonra bu vəziyyətdən çıxa bilmirsən. Biz də indi o dövrdəyik. Axırıncı yerdə olmağımıza görə şəxsən mən utanıram. Bu, utancverici bir durumdur. Amma nə etmək olar? 5 oyunumuz qalıb. Futbolda hər bir şey mümkündür. Vəziyyətdən birlikdə çıxmalıyıq.
- Görəsən, digər futbolçular, xüsusilə legionerlər də sənin kimi hazırkı vəziyyətə görə utanırlarmı?
- Onu deyə bilmərəm. Mənə təsir edirsə, yəqin ki, onlar da pis olurlar. Çünki onlar da futbolçudur. Heç bir oyunçu istəməz ki, komandası axırıncı yerdə olsun. Hamı istəyər ki, çempionluğa oynasın. Bu, adamı daha yaxşı motivasiya edər. Yəqin ki, onlar da utanırlar. Axırıncı yerdə getməyi qəbul edirlərsə, niyə futbolçu olsunlar ki?
- Ancaq sosial şəbəkələrdə yayılan videoda heç də elə görünmür. Bakının restoranlarından birində çəkilən görüntülərdə Conatan Ayite, Edvinas Girdvainis, Sertan Taşkın, Azər Salahlı, Fuad Bayramov kimi futbolçular olduqca şən görünürlər. Sanki onlar autsayder komandanın üzvləri deyillər...
- Bizim komandanın sadiq azarkeşi var. O, özünə ad günü keçirirdi. Bizi də dəvət etmişdi. Xoş günündə yanında olmalı idik. Komanda olaraq, orada iştirak etdik. Mən də o məclisdə idim. Ola bilər ki, həmin videodur. Ancaq bu, 1-2 həftə əvvəl baş verib. Köhnə videodur. Ancaq onu da deyim ki, hərdən motivasiya baxımından komandanın belə şeylərə ehtiyacı olur. Gedirsən, uşaqlarla şənlənirsən, bir az fikrin dağılır. Burada pis bir şey yoxdur. Artıq-əskik bir şey etməyiblər.
- Komandanın içindəsən, elə bir şey müşahidə etmisənmi ki, legionerlər öz gücünü tam olaraq ortaya qoymurlar. Yaxud da elə futbolçular varmı ki, komandanın mövsümün sonunda diviziona düşməyəcəyini fikirləşdiyi üçün hardasa arxayındırlar?
- Heç bir futbolçunun ürəyini oxuya, onun nə düşündüyünü bilə bilmərəm. Bir futbolçu öz potensialından aşağı çıxış edə bilər. Bu da o halda ola bilər ki, həmin oyunçu yaxşı adaptasiya keçməsin, komandaya uyğunlaşa bilməsin. Özünüz də gördünüz ki, çempionatın ortasında bizə yeni futbolçular qoşuldu. Elə güclü futbolçu olur ki, Azərbaycana gəlir, mentalitetə öyrəşə bilmir. Amma bilərəkdən oynamamaq başqa bir şeydir. Məncə, bunu heç bir futbolçu edə bilməz. Ən azından bu, kişilikdən deyil. Futbol komanda oyunudur. Azərbaycanda elə legioner var ki, bizdə onun kimi futbolçu yoxdur. Ancaq eləsi də var ki, alındıra bilmir. Məsələn, “Qarabağ”a, “Qəbələ”yə legionerlər gəlir, uyğunlaşa bilmir, 6 aydan, 1 ildən sonra göndərirlər. Başqa çempionata gedib, orada öz sözlərini deyirlər. Belə şeylər olur.
- Yəqin, razılaşarsan ki, bu mövsüm komandaya cəlb olunan legionerlər ümidləri doğrultmadılar...
- Legionerlər “Keşlə”yə mövsümün ortasında gəldilər. Həmin vaxt da yaxşı futbolçu gətirmək olmur. Seleksiya məsələsinə qarışmaq mənim işim deyil. Bu işi görənlər var. Bir şey də var ki, gələn legionerlər çempionata baxır, komanda sayının az olduğunu görürlər. Bu da onların çıxışına mənfi təsir göstərir. Biz özümüz də mövsümə yaxşı başlamadıq. Çempionatın səviyyəsi də elədir ki, yaxşı legionerlər bura gəlmək istəmir. “Keşlə”dəki legionerlərdən narazılıq etmirəm. Sadəcə, eləsi var ki, uyğunlaşa bilir, eləsi də var, alındıra bilmir.
- “Sumqayıt”da daha yaxşı çıxış edirdin, qollar vururdun. Bunun nəticəsi kimi də milli komandaya dəvət alırdın. “Keşlə”yə gəldin ki, bir addım da irəli gedəsən. Ancaq bu gün komanda son sıralarda gedir. Sən özün də əvvəlki kimi oynamırsan. Bu komandanı seçdiyin üçün peşman deyilsən?
- “Sumqayıt”da 3 yaxşı mövsüm keçirdim, özümü yaxşı tərəfdən göstərdim. Bura gəlməkdə əsas məqsədim Avroliqada oynamaq idi. “Keşlə” avrokuboklara vəsiqə qazanmışdı. Məni əsas bu amil cəlb etdi. Fikirləşirdim ki, Avroliqada 1-2 mərhələ keçərik, mən də öz oyunumu göstərərəm. Həmin vaxt milli komandanın da toplanışıları olurdu. Amma belə alındı. Həqiqətən “Keşlə”dəki karyeram uğurlu olmadı. Sona 5 tur qalıb. Heç vaxt ümidimi üzmürəm. Çalışacağam ki, təslim olmayım. Gələcəyi bilmək olmaz. Ola bilər, daha bir il qalaram. Bəlkə hər şey daha yaxşı olar, bu komanda ilə çempionluq yaşayaram. Bəlkə də başqa kluba gedərəm, daha yaxşı olar. Həyatda səhvlər edirsən. Əslində bura keçməyimə səhv deməzdim. Sadəcə, uğursuzluqlar olur. Mən özümdən daha yaxşısını gözləyirdim. Bura gələndə düşüncələrim tamam başqa idi. Ancaq gəldim, başqa cür oldu. Nə etmək olar? İnanıram ki, gələcəkdə hər şey daha yaxşı olacaq.
- Bayaq qeyd etdin ki, 5 tur qalıb, hər şeyi düzəltmək olar. Doğrudan da nəyinsə düzələcəyinə sən özün inanırsan? Çünki komanda 23 tura heç nə edə bilməyib. Səncə, 5 tura vəziyyətdən çıxacaq?
- Orası elədir, inandırıcı görünmür. Amma mən komandanın içindəyəm, futbolçuları tanıyıram, nəyə qadir olduqlarını bilirəm. İnanıram ki, biz bunu bacararıq. İstənilən komanda ilə rahat oynamaq olar. Əvvəlki oyunlarımıza baxmısınızsa, son dəqiqələrdə lazımsız qollar buraxmışıq, vacib xallar itirmişik. Elə etməliyik ki, gələcəkdə karyeramıza baxanda utanmayaq. Fikrimiz odur ki, bacardığımız qədər yuxarı sıralara çıxaq. Komandanın adı üçün vuruşmalıyıq.
- Növbəti turda “Qəbələ” ilə oynayacaqsınız. Nə düşünürsən?
- Ciddi hazırlaşırıq. Ancaq qələbə haqda düşünürük. Başqa fikrimiz yoxdur. Bu qədər xallar itirmişik. Uduzmaq niyyətimiz yoxdur. Əlimizdən gələni etməliyik.
Elnur SALAHOV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı