“Futbolçu tapa bilmirik” – Əfran İsmayılov

“Futbolçu tapa bilmirik” – Əfran İsmayılov
MÜSAHİBƏ 2 Aprel 2019 / 12:49 5160
-  A +

"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib. Zədə səbəbindən "Qarabağ"la dünənki oyunu (0:6) tribunadan izləyən futbolçu ağır məğlubiyyəti şərh edib.

- Bir neçə gün öncə Türkiyədə əməliyyat olundun. İndi özünü necə hiss edirsən?

- Şükürlər olsun, hər şey qaydasındadır. Yaxşı həkimin yanına getdim və uğurlu əməliyyat keçirdim. Artıq 11 gün keçib. Velosiped sürməyə başlamışam, hovuzda üzürəm. İnanıram ki, 6-7 gündən sonra fərdi məşqlərə başlayacağam. Daha sonra isə komanda ilə hazırlıqda iştirak edə biləcəyəm. Hələ ki, yüngül qaçışla kifayətləndirəm və fitnesdə çalışıram.

- "Qarabağ"la dünənki oyunu tribunadan izlədin?

- Bəli, stadiondaydım.

- Komandan 6 cavabsız qolla uduzdu. Həmin vaxt hansı hisslər keçirdin?

- Gözlənilməz məğlubiyyət oldu. Açığı, "Qarabağ"ı udacağımızı fikirləşmirdik. Uduzacağımızı gözləyirdik. Çünki düşünürdük ki, "Qarabağ"dır, məğlub olsaq da, heç kim heç nə deməyəcək. İtiriləsi heç nəyimiz yoxdur. Amma bu cür hesabla, belə rahat uduzmaq özümüzə də qəribə gəldi. Çox üzücü məğlubiyyət oldu. Hamımız çox pis olduq. Nə etmək olar? Qarşıda kubok oyunlarımız da var. Həm finala çıxmağı fikirləşməli, həm də çempionatda maksimum xal toplamalıyıq.

- Bəlkə komandan meydana elə "Qarabağ"dır, uduzsaq, heç kim nəsə deməyəcək" fikri ilə çıxdığı üçün 6 top buraxdı? Yəni, arxayınçılığın qurbanı oldu...

- Yox, bunu ona görə deyirdik ki, uşaqlar "Qarabağ"dan çəkinməsinlər. Öz meydanımızda oynadığımızdan, ən azı 1 xal götürməyə çalışırdıq. Hətta udmaq istəyirdik. Çünki hələ belə zəif "Qarabağ"la oynamamışdıq. Ancaq rəqibin təcrübəsi, ustalıq səviyyəsi öz sözünü dedi. Doğrudan da çox qəribə hesab oldu.

- Oyundan sonra komandanın paltardəyişmə otağına düşmüşdün?

- Yox, o qədər üzülmüşdüm ki, birbaşa evə gəldim.

- "Sumqayıt" qış fasiləsindən sonra daha zəif çıxış edir. Çoxları gözləyirdi ki, Ayxan Abbasovun təyinatından sonra hər şey düzələcək. Elə futbolçular özləri də hər dəfə mətbuata müsahibələri zamanı deyirdilər ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanıb, yuxarı pillələrə qalxacağıq. Amma görünən odur ki, "Sumqayıt" yuxarıya yox, aşağıya doğru gedir. Bunun səbəbini nədə görürsən?

- Nə bilim. Deyim ki, fasilədən sonra bütün oyunlarda zəif oynayırıq, "Qarabağ"ı çıxmaq şərti ilə, rəqiblərdən bir baş aşağıyıq, elə bir şey yoxdur. Hamısı ilə başabaş mübarizə aparırıq. Amma sonda ya ustalıq səviyyəsinə görə, ya son nöqtəni qoya bilmədiyimiz, ya da arxayınlaşdığımız üçün uduzuruq. Bizə elə qollar vururlar ki, bəlkə də bundan sonra yüz dəfə cəhd etsələr, top qapıya girməz. Bunlar bəhanə deyil. Həqiqətən oyunumuzda eniş var. Bizə bir qələbə lazımdır ki, bu vəziyyətdən çıxaq. Ən azından kubok oyununa kimi əvvəlki əhval-ruhiyyəni geri qaytarmalıyıq ki, daha məsuliyyətli və ciddi hazırlaşaq. Çünki uduzduqca, həqiqətən əhvalmız korlanır. Baş məşqçi, rəhbərlik nə qədər çalışsa da, bu cür məğlubiyyətlər istər-istəməz pis təsir edir.

- “Sumqayıt” artıq neçə ildir AFFA-ya yaxın olan komanda kimi tanınır. Bəlkə elə bu amil də futbolçularda arxayınlıq yaradır ki, axırıncı yeri tutsanız da, birinci diviziona düşməyəcəksiniz...

- İnanırsan, heç o barədə fikirləşməmişik. Düşünürük ki, axırıncı olmamaq üçün nə edə bilərik? AFFA bir yana, ortada həm Sumqayıtın, həm də özümüzün adı gedir. Bunları nəzərə alanda həqiqətən vəziyyət çox üzücüdür. Nəyə görə biz autsayder olmalıyıq? Ən azından orta sıralara kimi qalxmaq istəyirik. Maksimum gücümüzü ortaya qoymalıyıq ki, “Keşlə”yə qalib gələk. İnanırıq ki, bir qələbə olandan sonra davamı gələcək.

- “Sumqayıt”da ancaq yerli və milliləşdirilmiş futbolçular çıxış edir. Necə düşünürsən, legionerlərin olmaması komandaya təsir edirmi?

- Əlbəttə ki, bu, böyük amildir. Mən əcnəbilərin tərəfdarı olmasam da, Azərbaycan futbolunu düşünəndə, legionerin olmağı önəmlidir. Futbolçu tapa bilmirik, heyətimiz kasaddır. Bunların hamısı oyunumuza təsir edir. Digər komandaların ikinci heyəti birinci komanda kimidir. Bizim isə ehtiyatda oturtmağa oyunçumuz yoxdur. Əvəzedicilərdən gənc futbolçular götürmüşük, ehtiyat skamyada onlar əyləşir. Komandada oynayan futbolçuların yalnız Azərbaycan vətəndaşlığı, Azərbaycan pasportu olmalıdır deyə seçim şansımız olduqca azdır. Mütləq yeni qan olmalıdır. Biz də fikirləşirik ki, digər komandalar kimi 7-8 legioner alsaq, həm rəqabət artacaq, həm də oyunumuz yaxşılaşacaq. Amma bunları edə bilməməyimiz çıxışımıza təsir edir.

- Növbəti oyun səfərdə “Keşlə”yə qarşı olacaq. Bunu hər iki komanda üçün ölüm-dirim matçı da adlandırmaq olar. Çünki hazırda “Sumqayıt” 17 xalla sonuncu, 2 xal çox toplayan “Keşlə” isə 7-cidir. Bayaq qeyd etdin ki, paytaxt klubunu məğlub edib, son pillədən çıxmaq istəyirsiniz. Bəs uduzsanız, necə olacaq?

- Əlbəttə, biz məsələnin uduzmaq tərəfi də var. Amma o qədər məğlub olmuşuq ki, bu haqda  düşünmək belə istəmirik. Mütləq udmaq lazımdır ki, komanda özünə gəlsin. Qara zolaq elə bir şeydir ki, çıxa bilmirik. İnanıram ki, tezliklə düzələcək.

- “Sumqayıt”la müqavilən mövsümün sonunda başa çatır. Gələcəyinlə bağlı nə fikirləşirsən?

- Hələlik bu haqda düşünməmişəm. Hazırda əsas fikirləşdiyim çempionatdakı vəziyyətimiz və kubokda finala çıxıb-çıxmayacağımızdır. Bunları yoluna qoyduqdan sonra digər məsələlər haqda düşünməyə vaxt olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır