Vaqif Sadıqov: «Çempionatla bağlı vahid format tədbiq olunmalıdır»

Vaqif Sadıqov: «Çempionatla bağlı vahid format tədbiq olunmalıdır»
MÜSAHİBƏ 18 May 2010 / 12:23 2963
-  A +

Azərbaycan milli komandasının və «Neftçi»nin sabiq baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın yekunları ilə bağlı Qol.Az saytına müsahibə verib

- Doğrudan da, bu çempionatımız gərginliyilə diqqət çəkdi. Çempionun adının son turda, hətta son dəqiqələrdə bilinməsi həyacanverici idi. Deyə bilərəm ki, son dərəcə maraqlı çempionat və gərgin,  yaddaqalan matçlar izlədik. Xüsusilə ilk «altılıq»da gərginlik son həddə çatmışdı. Son oyunlarda hansısa komandaların xoşagəlməz oyunlara gedəcəyi barədə fikirlər səsləndirilirdi. Lakin komandalarımız bütün bu iddiaların boş olduğunu göstərərək, təmiz idman mübarizəsinə əməl etməklə Azərbaycan çempionunu müəyyən etdilər. Hesab edirəm ki, bu, futbol təsərrüfatı rəhbərliyin apardığı düzgün siyasətin bəhrəsidir. Təbii ki, əgər Azərbaycan futbolunun inkişafını istəyiriksə, ilk növbədə mütləq idman prinsiplərinə əməl etməliyik. Çoxları başqa fikirlər söylədiyi bir vaxtda son turlarda əldə edilən nəticələrdə biz doğru yolda olduğumuzu göstərdik.
- «Altlıq» sistemi ilə bağlı müxtəlif fikirlər var. Sizcə, çempionatın bu formatda keçirilməsi futbolumuza nə verdi?
- Düzdür, bir çoxları «altılıq» sistemini qəbul etmir. Ancaq bu sistemin müsbət cəhətlərindən biri məhz elə çempionatımızın gərginliyinin artmasıdır. Bu gərginliyin ilk turdan başlayaraq son matçların son dəqiqələrinə qədər qorunub-saxlanması elə «altılıq» sisteminin tətbiqinin nəticəsi idi. İlk «altılıq» kifayət qədər maraqlı alındı.
- Sizcə, «altılıq» sistemi qalmalıdır?
- Daha öncə keçirilən ölkə çempionatlarının hər biri fərqli formatlarda baş tutub. Fikrimcə, bütün çempionatların müqayisəli təhlili aparılmalıdır. Artıq çempionatımızı bir sistemlə davam etdirmək vaxtı yetişib. Bununla yanaşı, «altılıq» sisiteminin lazım olması və ya olmaması barədə bir fikir söyləmək çox çətindir. Ancaq deyə bilərəm ki, ilk «altılıq»da qərarlaşan komandalar arasında gərginlik əvvəldən sona qədər saxlanıldı. Milli komandaya dəvət alan oyunçuların çempionatda çoxsaylı matçlar keçirməsi də müsbət məqamlardandır. Bundan əlavə hər bir sistemin milli komanda, eləcə də onun inkişafı ilə zəncirvari bağlılığı var. Sistemin doğruluğu həm də onun milli komandaya nə dərəcədə təsir etməsilə ölçülməlidir. «Altılıq» sisteminin özünü doğrultmadığını deyə bilmərəm. Həmçinin bu sistemin layiqincə özünü doğrultuduğunu da söyləyə bilmərəm. Ona görə ki, ikinci «altılıq»da biz ilk «altılıq»la müqayisədə tamamilə fərqli bir oyunların şahidi olduq. Bu problem qalıb. Zənnimcə, bu sistemi təkmilləşdirməklə vahid bir format əldə etməliyik. Yəni bundan sərfəli sistem əldə edə bilsək, indiki format yenisilə əvəzlənə bilər. Və bu sistem sırf futbolumuzun inkişafına xidmət etməlidir. Bunun üçün mütəxəssislərdən ibarət qrup yaradılmalı və indiyədək keçirilən bütün çempionatlar ciddi incələnməli, onların üstün cəhətləri götürülərək qəti qərar verilməlidir. Bundan sonrakı çempionatları ayrı-ayrı sistemlərdə keçirməməliyik. Demək olar ki, çempionatımız hər il fərqli formatlarda keçirilir. Artıq vahid sistemin tətbiqinə ehtiyac var. 
- Çempionatın səviyyəsində hansısa müsbət istiqamətli dəyişikliklər diqqətinizi çəkdimi?
- Çempionatımızın səviyyəsi ötən illərlə müqayisədə qat-qat artıb. Bunun bəhrəsidir ki, milli komandamızda çıxış edən oyunçuların səviyyəsi qalxıb. Son matçlarda millimizin xoşagələn oyun sərgiləməsi də bunun nəticəsidir. Çempionatın səviyyəsi birbaşa milli komanda ilə bağlıdır. Bu proseslər hamısı ehram şəklində aşağıdan yuxarıya doğru inkişaf edir.
- Bu çempionatda diqqətinizi cəlb edən xüsusi oyunçular oldu?
- Zənnimcə, diqqətçəkən ən yaxşı yerli oyunçular hamısı milli komandaya dəvət alıb. Berti Foqtsun rəhbərlik etdiyi milli komandada çalışdığım vaxt seleksiya işlərində ona xeyli köməklik göstərdim. Və yeni adlar, simalar millimizə cəlb edildi. Sevindirici haldır ki, bu çempionatımızda diqqətimi cəlb edən çoxsaylı səviyyəli əcnəbi futbolçular oldu. «Bakı»dan Jaba, Şoliç, «Xəzər Lənkəran»dan Opara, Dieqo Souza, həmçinin «İnter»dən Poşkus bu sıradan olan futbolçulardır. Bu futbolçular mütləq qeyd edilməlidir. Çünki onların komandalarına, eləcə də futbolumuza xidmətləri danılmazdır. Milliyə cəlb edilən gənc yaşlarında olan yerli futbolçuları da qeyd etmək zəruridir. Onlar milli komandaya cəlb edilməklə, həm də özlərini doğrultdular. Rauf Əliyev, Fərid Quliyev, Əfran İsmayılov belələrindəndir. Fikrimcə, Əfran İsmayılov çox istedadlı futbolçudur. İnanıram ki, o, ildən-ilə daha da püxtələşərək, güclü bir futbolçuya çeviriləcək.
- Bəs ilk «altılıq»da hansı komandalar könlünüzə oxşadı?
- «Qəbələ»dən əlavə ilk «altılıq»da qərarlaşan digər komandalar demək olar ki, taktiki gedişlərdə eyni prinsipə əl atırdılar. Bütün komandalar qabaqda bir futbolçu saxlamaqla cinahlardan hücumlar etməyə çalışırdı. Ancaq hər bir komandanın ifasında fərqli oyunun şahidi olduq. Hər bir klubda bu taktiki gedişləri səviyyəcə fərqli oyunçuların yerinə yetirməsi komandaların oyununa ayrı rəng qatırdı. İlk beşlikdə qərarlaşan komandaların taktiki modeli eyni olsa da, oyun üslubu, dəsti-xətti tamamilə ayrı idi. «İnter» və «Bakı»nın oyununu xüsusi qeyd etmək yerinə düşər. «Qarabağ» da özünəməxsus oyunu ilə diqqət çəkdi. Beşlikdən kənar qalan «Qəbələ»də Ramiz Məmmədovun işi özünü açıq-aşkar göstərirdi. Bu komanda rəqibdən və harada çıxış etməsindən asılı olmayaraq, mübariz oyununu sonuna qədər sərgiləməkdən çəkinmirdi. «Xəzər Lənkəran»da Ağasəlim Mircavadov dəsti-xətti açıq-aşkar sezilirdi. «Neftçi»yə gəlincə, bu komanda böyük potensiala malikdir, lakin qeyri-sabit oyun komandanın ən azı avrokuboklara düşməsinə imkan vermədi. Ümummiyyətlə, bu komandaların hər biri çempionata ayrıca rəng qatdı. Mənə daha yaxşı təsir bağışlayan «Bakı» və «Qarabağ» komandasının oyunu oldu.
- Bir müddət «Neftçi»də baş məşqçi kimi çalışdınız. Ümumiyyətlə, bu il adıçəkilən komanda daha çox məşqçi dəyişikliyilə diqqət çəkdi.
- Mən komandanı qəbul edəndə «Neftçi» ikinci «altılıq»da qərarlaşmışdı və ilk «altılıq»dakı klubların heç biri ilə oyun keçirməmişdi. Hesab edirəm ki, komandada hər bir məşqçinin izi var. Klub bundan da üstün nəticə əldə edə bilərdi. Lakin bir daha təkrar edirəm, qeyri-sabit oyun komandanın ən azı avrokuboklara düşməsinə imkan vermədi. «Neftçi» böyük potensialı olan komandadır. Zənnimcə, komandanın oyunu ciddi təhlil edilməli və səhvlər bir də təkrarlanmamalıdır.
- Ramiz Məmmədovun baş məşqçilikdən uzaqlaşdırılaraq, yerinə Toni Adamsın gətirilməsini necə dəyərləndirirsiniz?
- Sualı belə qoymazdım. Çünki Ramiz Məmmədov məhz Adamsla məşqçilər korpusunda yer alacaq və onlar birgə fəaliyyət göstərəcəklər. Bu səviyyədə olan məşqçi Azərbaycan klublarında çıxış etməyib. Biz bu addımı dəstəkləməliyik. Vacib hal odur ki, Ramiz Məmmədov Adamsın yanında təcrübəsini qat-qat artıracaq və böyük bir məşqçi kimi püxtələşəcək. Bundan sonra Adamsla birgə atılan addımlar yalnız Ramiz Məmmədovun xeyrinə olacaq.
- Sizcə, avrokuboklarda iştirak imkanı qazanan komandalar ötən illə müqayisədə daha yaxşı nəticə əldə edə biləcəklərmi?
- Əgər biz işlərimizin zəncirvari bir-birinə bağlı olduğunu, eləcə də futbolumuzun inkişaf etdiyini dilə gətiririksə, təbii ki, uğurlu çıxış gözləməyə dəyər. Ötən illə müqayisədə komandalarımız daha üstün oyun nümayiş etdirirlər. Düzdür, çox şey püşkatmadan asılı olacaq, ancaq komandalarımız hazır olmalı və Avropa kuboklarında lazımi səviyyədə irəliləməlidirlər. İnanıram ki, keçən illə müqayisədə bu il avrokuboklarda daha böyük uğura imza atacağıq.
- Çempionatın səviyyəsinin artıdığını bildirdiniz. Sizcə, bu amil milli komandamızın seçmə mərhələdəki çıxışlarına necə təsir edəcək?
- Daha öncə Berti Foqtsun gec-gec Azərbaycanda olmasına iradlarımızı bildirirdik. Artıq o, komandanı hər ay qısa müddətli təlim-məşq toplanışına çağırır və uzunmüddətli məşq proseslərində yoldaşlıq matçları keçirir. Bunu dəstəkləməliyik. Milli komanda ilə «Qarabağ» klubu arasında böyük əlaqənin olduğunu görürük. Ona görə ki, millinin  özəyini «Qarabağ» komandası təşkil edir. Onlar paralel fəaliyyət göstərməklə ümumi işə xidmət edirlər. «Qarabağ»da oynayan 9 oyunçunun milliyə çağırılması onların bir-birinə təkan verərək işini davam etdirməsi deməkdir. Qrup mərhələsindəki oyunlara gəlincə, millimizin yaxşı hazırlaşaraq müsbət nəticələr əldə etməsi mümkündür. Ən yaxşı halda üçüncü yeri tuta bilərik. Əksinə uğursuz çıxış edib sonuncu yeri də tuta bilərik. Bu qrupda autsayderi görmürəm. Qrupda seçilən komanda varsa, Almaniya və Türkiyədir ki, onlarla da mübarizə apara bilərik. Bərabər səviyyəli komandaların olmasından istifadə edərək yaxşı nəticələr əldə edərək tarix yazmağımız mümkündür. Fikrimcə, 3-4-cü yerlər üçün mübarizə aparmaq olar.
- Hələ də işsizsiniz. Növbəti mövsüm üçün hansısa komandadan təklif gəlibmi?
- Mənim sənətim, işim budur. Futbolu sevirəm və Azərbaycan futbolunun inkişafı üçün əlimdən gələni etməyə hər zaman hazıram. Azərbaycan futbolunun Avropada sözünü deməsi üçün üzərimə düşən hər bir işi sevə-sevə yerinə yetirərəm. Ancaq hələlik heç bir komandadan təklif qəbul etməmişəm.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır