Şevçenko və Kaladze istintaqa cəlb olunacaqlar
Ukrayna yığmasının sabiq futbolçusu Andrey Qusin ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. “APA-Sport”un məlumatına görə, Baş Prokurorluqda Andrey Qusin prezident Yuşşenkonun zəhərlənməsi faktı üzrə dindirilib. Bundan başqa, “Milan”da çıxış edən Andrey Şevçenko və Kaxa Kaladzenin də ifadə vermək üçün prokurorluğa çağırılacağı gözlənilir. İstintaqın futbolçulara maraq göstərməsi onların cinayət işinə şahid qismində cəlb olunan biznesmen Tamaz Çinçabadze ilə dostluq münasibətlərinin olmasıdır. Gürcü biznesmen Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədrinin müavini Vladimir Saçyukun evində ziyafətdə iştirak edib. İstintaqın əsas versiyasına görə, Viktor Yuşşenko məhz bu şam yeməyi zamanı zəhərlənib. Cinayət işində adı hallanan deputat David Jvaniya gürcü biznesmenin ziyafət zamanı qonşu otaqda futbol seyr etdiyini deyib.
Qeyd edək ki, Viktor Yuşşenko 2004-cü ilin sentyabrında prezident seçkiləri ərəfəsində zəhərlənib. Həkimlər onun yeməyinə dioksin maddəsi qatıldığını bildirirlər. Bu sui-qəsd faktı ilə bağlı hələlik saxlanan olmayıb.