"Premyer Liqada oynamaq üçün maneə görmürəm" - Əsgər Abdullayev
Xəbər verdiyimiz kimi, Azərbaycan I divizionda mübarizə aparan "Turan Tovuz" klubu mövsümün sonuna iki tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
Komandanın baş məşqçisi Əsgər Abdullayev bununla bağlı Qol.az-ın suallarını cavablandırıb.
- "Turan Tovuz"un Premyer Liqada oynaması üçün komandada hansı işlər görülməlidir?
- Birinci divizionda Premyer Liqanın fərqi hiss olunur. Orda oynamaq üçün bir neçə yeni oyunçu dəvət etməliyik. Komandamızın hələ I divizionda iki oyunu qalıb. Mövsüm başa çatandan sonra heyətimiz haqda dəqiq danışa bilərik. Tovuz futbol bölgəsidir. Burda hamı futbolla yaşayır. "Turan Tovuz" Premyer Liqaya güc, rəngarənglik qatar. Bu komanda uzun müddtə Premyer Liqada oynayıb. Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edib. İndi də komandada perspektivli futbolçular çoxdur. Buna görə də komandamızı Premyer Liqada görməyi çox istəyirəm.
- Birinci divizionda mübarizə aparmış komanda üçün Premyer Liqada oynamaq nə dərəcədə çətin olar? Yəni diviziondakı rəqabət yetərincədirmi?
- Divizionda bir neçə komanda arasında rəqabət gedir. Burda mübarizə aparmaq düşündüyümüz qədər də asan deyil. Mövsümün sonuna iki tur qalmasına baxmayaraq, bilinmir ki, hansı komanda çempion olacaq. Yəni rəqabət böyükdür. Biz heç vaxt komandaları reytinqə bölməmişik. Təbii ki, diviziondan Premyer Liqaya yüksələn komandanın kifayət qədər təcrübəsi olur.
- "Turan Tovuz"dan başqa hansı komandalar Premyer Liqada oynamğa qadirdi?
- Məncə, bir neçə bölgənin komandası Premyer Liqada çıxış etsə, daha yaxşı olar. Yəni əyalət təmsilçilərini yüksək liqada görmək istərdim. Ancaq təbii ki, sponsor amili də var. Klub rəhbərliyi çalışmalıdır ki, komandanın təminatını yerinə yetirsin. Məşqçinin məqsədi komandanı hazırlamaq, yer tutmaqdır. Klub rəhbərliyinin işi də komandanı maliyyələşdirməkdir. Bu gün bir çox klubumuz AFFA tərəfinən maliyyələşdirilir. Buna görə də maliyyə məsələsi vacib şərtdir. Bizim kluba gəldikdə isə mənə aid olan işi görmüşəm. Bundan sonra hər şey rəhbərlikdən asılıdır.
- Klub rəhbərliyinin fikri nədir?
- Klub rəhbərliyi komandamızın Premyer Liqada oynaması üçün çox maraqlıdır. Çalışırlar ki, yeni sponsor tapılsın. Müəyyən işlər aparılır. Rayon rəhbərliyi də "Turan Tovuz"u elitada görmək istəyir. Onlar Tovuzda keçirilən hər bir oyuna gəlir, bizimlə söhbət edir. Gördüklərimə əsasən deyə bilərəm ki, həm klub, həm də rayon rəhbərliyi komandanın Premyer Liqada oynamasına çalışır.
- "Turan Tovuz" klubu Premyer Liqada çıxış etmək üçün UEFA-nın tələblərinə cavab verir?
- Bəli, bizdə uşaq futboluna da diqqət ayrılıb. Yaxşı bazamız var. Klubumuzda hər şey UEFA-nın qoyduğu şərtələrə uyğundur. Təkcə maliyyə məsələsi qalır. İnanıram ki, klub rəhbərliyi bu məsələnin də öhdəsindən gələcək.
- Biz şahidi olmuşuq ki, komanda Azərbaycan birinci divizionunda çempion olur, ancaq müəyyən səbəblərdən Premyer Liqada çıxış etmir. "Turan Tovuz" da bu cür halla üzləşə bilər?
- Bizim heç bir lisenziya problemimiz yoxdur. Premyer Liqada oynamaq üçün hansısa maneə görmürəm.
- Deməli, komandanın Premyer Liqada oynaması üçün hər şey klub rəhbərliyinin ayıracağı büdcədən asıldır.
- Bəli. Təbii ki, Premyer Liqada oynayan komandanın müəyyən büdcəsi olmalıdır ki, heyəti də gücləndirə bilsin.
- Komandaya maddi dəstək göstərilməsi hazırkı heyətlə Premyer Liqada mübarizə aparmaq olar? Hər halda heyət həvəsli futbolçulardan ibarətdir.
- Hər bir klubun öz strateji planı var. Hər şey klubun qarşısına qoyduğu məqsəddən asılıdır. Premyer Liqada titul qazanmaq istəyiriksə, heyət güclənməlidir. Ona görə də hazır futbolçular gəlməlidir. Əlbəttə, perspektivli futbolçularımıza da şans vermək şərti ilə. Autsayderlər qrupunda yer almaqdansa Premyer Liqaya çıxmamaq daha yaxşıdır. Əgər Premyer Liqada oynasaq, yəqin ki, müəyyən büdcəmiz olacaq. Hazırda heyətimizin böyük əksərriyəti yerli futbolçulardır. Tovuz futbolunun yetirmələri üstünlük təşkil edir. Demək istəyirəm ki, həmişə olduğu kimi, indi də Tovuzda futbolçular yetişir. Klub rəhbərliyinin iclasında bütün məsələlərə aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV