“Neftçi”nin məşqçisi Arif Əsədovun müsahibəsi
- Arif müəllim, başlayaq Vaqif Sadıqovun istefasına münasibətinizdən. Sizin üçün gözlənilməz olmadı ki?
- Sözün düzü, çox gözlənilməz oldu. Çünki belə bir məsələ gündəmdə deyildi. Heç “İnter”lə oyundan əvvəl də Sadıqovun bu cür bir istəyinin olduğunu hiss etməmişdim.
- Bəs, baş məşqçi postunun maya kimi sizə tapşırılması necə baş verdi?
- Bu da ən azı Sadıqovun istefası qədər gözlənilməz oldu.
- Təklif kim tərəfindən gəldi?
- Təbii ki, bu tip məsələlərdə qərarı hər zaman klub prezidenti verir. Bu mənada mənim maya kimi komandanın sükanı arxasındada durmağımla bağlı qərarı “Neftçi”nin prezidenti Sadıq Sadıqov verdi. Görünür, 8 aydır əsas heyətin məşqçilər korpusunda yer almağımı və komandanı yaxından tanımağımı nəzərə alıb bu addımı atıblar. Mən də göstərilən bu etimada görə, prezidentimizə minnətdarlığımı bildirirəm və əlimdən gələni edəcəyəm ki, mənə qarşı olan inamı öz işimlə doğruldum.
- Məlumdur ki, əvvəl də bu vəzifəni icra etmisiniz. Birinci dövrənin ilk turlarında sabiq baş məşqçiniz Böyükağa Ağayevin səhhətində problem yarandığı zaman komandanı baş məşqçi kimi məhz siz iki oyuna çıxardınız. Sonradan isə komanda Vaqif Sadıqova tapşırıldı. Necə düşünürsünüz, bu post elə o vaxtdan sizə həvalə olunsaydı, nəticə daha yaxşı olardımı?
- Bilirsiniz, bunu demək çox çətindir. İndi bu haqda danışmaq onsuz da heç nəyi dəyişməyəcək. Durub deyək ki, mən qalsaydım belə olacaqdı, o qalsaydı elə olacaqdı, bu, artıq heç bir əhəmiyyət daşımayacaq. Bəli, o vaxt qısa müddət baş məşqçi səlahiyyətlərini icra etdim. Ancaq görünür, sonradan rəhbərlik belə qərara gəldi ki, hələ bu postu tutmaq mənim üçün tezdir və təcrübəm kifayət qədər deyil. Buna görə də Vaqif Sadıqov baş məşqçi təyin olundu.
- Qarşınıza hansı məqsəd qoyulub?
- “Neftçi”nin adının özü elə məqsəddir. Onun baş məşqçisi postunu tutmaq həm şərəfli, həm də məsuliyyətlidir. Komanda həmişə ən yüksək nəticələr uğrunda mübarizə aparıb. Şəxsən mən özüm maksimum nəticə üçün çalışacağam. Əlbəttə, çətin olacaq. Bizi qarşıda ağır oyunlar gözləyir. Amma az öncə qeyd etdiyim kimi, “Neftçi”nin yeganə hədəfi həmişə ən yüksək nəticə qazanmaq olub. Hazırkı vəziyyətdə heç nə itirilməyib. Komandanın həm çempionluq, həm də kuboku qazanmaq şansı var. Biz də bunun üçün sona qədər mübarizə aparacağıq. Ancaq səmimi deyirəm, rəhbərlik qarşıma “mütləq çempion olmalısan” şərtini qoymayıb.
- Maydan sonra komandada qalmağınız və baş məşqçi kimi işinizi davam etdirməyiniz mümkündürmü?
- Bu, artıq rəhbərliyin qəbul edəcəyi bir qərar olacaq. Mənim may ayında “Neftçi” ilə müqaviləm başa çatacaq. Odur ki, gələcəkdə nəyin necə olacağını zaman göstərəcək. İndidən bu haqda danışmaq bir qədər tez olardı.
- Gələn həftə artıq ilk ciddi sınağınıza çıxacaqsınız və sizi ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında “İnter”lə çətin oyun gözləyir. Həmin oyun haqqında olan fikirlərinizi də bilmək pis olmazdı...
- Çox çətin oyun olacaq. “İnter” güclü komandadır, səviyyəli futbolçuları var. Amma kubok elədir ki, burada nəticə iki oyuna görə müəyyən olunur.
- Ancaq ilk oyunda sərfəli nəticə qazansanız, ikinci matça üstün durumda çıxacaqsınız...
- Bəli, bu da düzdür. Biz də çalışacağıq ki, ilk oyunda sərfəli nəticə əldə edək. Odur ki, meydançaya qələbə üçün çıxacağıq.
- Kubokun ardından çempionatın final mərhələsi start götürəcək. Orada da sizi ağır mübarizə gözləyir. Komandanın çempionluğu qazanması nə dərəcədə realldır və ilk turla bağlı nə düşünürsünüz?
- “Altılıq” elədir ki, burada hamı eyni gücdədir. Zəif komanda anlayışı yoxdur. Odur ki, startda kiminlə görüşmək heç bir əhəmiyyət daşımır. Komandanın çempionluq şanslarına gəlincə, lider “İnter”lə aramızda 6 xal fərq var. Bu isə 10 oyunluq marafonda elə də böyük fərq deyil. Odur ki, son ana qədər mübarizə aparmaq lazımdır. İlk tura gəlincə isə, mənim üçün kiminlə qarşılaşmağın fərqi yoxdur. Onsuz da əvvəl-axır hamı ilə oynamalısan.
- Heyətdə hansısa dəyişikliklər edəcəksinizmi?
- Bu haqda indidən qəti söz demək istəmirəm. Heyətimizdə 25 futbolçu yer alıb. Qarşıda 2 yoxlama görüşü keçirəcəyik və həmin oyunlardan sonra deyə bilərik ki, dəyişiklik olacaq, ya yox. üstəlik, milli komandamızın düşərgəsində olan futbolçular da var. Görək onlar hansı vəziyyətdə geri qayıdacaqlar.
- Qeyd etdiyiniz yoxlama görüşləri nə vaxt və kimlərlə keçiriləcək?
- Fevralın 28-də və martın 3-də həmin görüşləri keçirməyi planlaşdırırıq. İlk oyunumuz elə öz komandamızın əvəzedici heyəti ilə olacaq. Martın 3-dəki rəqibin kimliyi isə hələlik bilinmir. Danışıqlar gedir.
- İndi verəcəyimiz sual çoxlarını, xüsusən də “Neftçi” azarkeşlərini yaxından maraqlandırır. Etiraf edək ki, Vaqif Sadıqovun dövründə komanda müdafiə futbolu oynaması ilə diqqət çəkdi ki, bu da həm medianın, həm də azarkeşlərin kəskin tənqidi ilə qarşılandı. Bəs Arif Əsədovun rəhbərliyi altında “Neftçi” hansı taktikanı seçəcək: hücum, yoxsa müdafiə?
- Yaxın günlərdə klub məşqçiləri ilə birgə oturub, bu məsələni də geniş müzakirə edəcəyik. Bilirsiniz ki, hər oyuna görə taktika seçilir. Ancaq bir şeyə sizi əmin edirəm ki, “Neftçi” bundan sonra müdafiə futbolu oynamayacaq. Bir də ki, biz nəyə görə kiməsə qarşı necə oynamaq lazım olduğunu fikirləşməliyik? Qoy rəqiblərimiz fikirləşsinlər ki, “Neftçi”yə qarşı necə oynamaq lazımdır.
- Bir neçə kəlmə də vaxtilə şərəfini qoruduğunuz milli komanda haqda soruşmaq istərdik. Avro-2012-nin seçmə qrupunda mübarizə aparacağımız rəqiblərimiz məlum oldu. Qrupu və şanslarımızı necə qiymətləndirirsiniz?
- Düşdüyümüz qrup çətin, eyni zamanda şərəfli qrupdur. Burada Almaniya və Türkiyə kimi komandalar yer alıblar. Bu cür rəqiblərə qarşı oynamaq futbolçularımız üçün gözəl şans deməkdir. Onlar özlərini ən yaxşı tərəfdən göstərib, güclü klubların diqqətini çəkə bilərlər. Şanslara gəlincə, hər şeyi real qəbul etmək lazımdır. Bu gün qrupda 1-2-ci yeri tutmağımız mümkün deyil. Amma 3-4-cü yer uğrunda mübarizə aparmaq olar. çünki Belçika, Qazaxıstan və Avstriyaya qarşı başabaş mübarizə apara bilərik.
- Bəs təqvimi necə qiymətləndirirsiniz? İlk iki turu səfərdə Almaniya və Avstriya ilə oynayıb, sonra evdə Türkiyəni qəbul edəcəyik. Yığmanın baş məşqçisi Berti Foqts bundan razı qalıb...
- Az öncə ilk “altılıq”la bağlı söylədiyim fikirləri buna da aid edərdim. Onsuz da qrupdakı bütün rəqiblərlə oynayacaqsan. Əvvəldə oldu, ya axırda, bunun fərqi yoxdur.
- Amma razılaşın ki, startda Almaniya kimi rəqiblə qarşılaşmağı heç kim arzulamaz.
- Orası elədir. Amma bir məsələ də var ki, biz qarşımıza qrupda birinci yeri tutmaq məqsədi qoymamışıq ki, bu cür seçimlər edək. Bizdən tələb olunan yeganə şey odur ki, bütün oyunlarda rəqiblərimizə layiqincə müqavimət göstərək və bacardıqca çox xal yığaq. Şəxsən mən millimizə inanıram. çünki futbolçuların gözündə qorxu görmürəm. Halbuki biz əvvəllər səfərə gedəndə ilk növbədə düşünürdük ki, necə edək 3-dən az top buraxaq.
Mənbə: “Çempion-Azərbaycan” qəzeti
İsveçdə son oyun
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
"Qarabağ" yeni transferini rəsmən açıqladı - Şəkillər
"Mançester Yunayted" onun üçün 70 milyon təklif etdi
"Napoli" yeni transferini açıqladı
Peres və Alonso arasında fikir ayrılığı yarandı
"Liverpul"la razılaşdı
Yamal: "Xəyalımı gerçəkləşdirirəm"
"Arsenal" qadın futbolunun ən bahalı transferini açıqladı
"Real"dan Alaba qərarı
Coşua Kinq bu kluba keçdi
Cerrard 45 yaşında baba oldu
"Neftçi" səfər formalarını da təqdim etdi - Şəkillər
"Qarabağ" məşhur klubdan futbolçu transfer etdi
Qurban Qurbanov Belfastda - Oyunu stadiondan izlədi
Ronaldo uğurları sıraladı
"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı
Avrokuboklardan 10 illik kənarlaşdırıldılar
"Sabah"dan ayrılan Çakla bu kluba keçdi