Vaqif Sadıqov istefasının səbəblərinə aydınlıq gətirdi

ÖLKƏ FUTBOLU 21 Fevral 2010 / 19:44 3300
-  A +

“Neftçi”dən istefa verməyim haqqında yayılan xəbərlər doğrudur. Bu gün “İnter”lə qarşılaşmadan sonra istefa ərizəmi yazdım. Hesab edirəm ki, istefam klub rəhbərliyi tərəfindən də qəbul olundu”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi” klubundan istefa verən baş məşqçi Vaqif Sadıqov deyib. Sadıqov istefasının səbəblərini belə izah edib: “Əslində klub rəhbərliyi ilə aramda heç bir problem yoxdur. Hesab edirəm ki, bu qərarım “Neftçi”nin xeyrinə atılmış addımdır. Son dörd ayda həddindən artıq çox yoruldum. Artıq hiss eləyirdim ki, “Neftçi”ni çempion edə bilməyəcəm. Bu səbəbdən komandanı vaxtında təslim etmək qərarına gəldim. Bugünkü oyunun da qərarıma istər-istəməz təsiri oldu. Qış fasiləsində etdiyimiz transferlər özlərini doğrultmadılar. Klubdan ayrılsam belə, hər zaman qəlbim “Neftçi” ilə döyünəcək”. Təcrübəli mütəxəssis bundan sonrakı gələcək fəaliyyəti barəsində də danışıb: “Bu dəqiqə heç bir şey haqqında düşünmək istəmirəm. Gələcəkdə nə olacaq bunu zaman göstərəcək. Hazırda mənə güclü istirahət lazımdır”.

Son xəbərlər