“Banişevski dedi ki, Mirzoyanı danışdırmayın, onsuz da “Neftçi”ni atıb gedəcək”

“Banişevski dedi ki, Mirzoyanı danışdırmayın, onsuz da “Neftçi”ni atıb gedəcək”
ÖLKƏ FUTBOLU 19 Dekabr 2016 / 10:57 3161
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Abas Əzimovu futbolumuzun canlı ensklopediyası da saymaq olar. O, həm peşəkar jurnalist, həm də statistik kimi öz imzasını idman ictimaiyyətinin beyninə həkk etdirib. Bu gün onun yubileyidir.  80 yaşı tamam olur. Belə bir gündə futbol tariximizdən bəhs edən layihəmizdə futbol tariximizin canlı əfsanəsini yaddan çıxarda bilməzdik. 

Abas Əzimov 1936-cı il dekabrın 19-da Bakıda anadan olub. Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə yarışda mükafata layiq yerlər tutub. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə (1961-1967) daxil olub. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edərək, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında “Dinamo”nun şərəfini qoruyub. Universitetdə olduğu illərdə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu illərdə isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-cı ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edib və əməyinə görə Olimpiadaların xatirə medalına layiq görülüb. Bundan əlavə o, Avropa çempionatı, Avropa Kuboku, “Dostluq-84” və bir çox beynəlxalq turnirlərin hakimi olub. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında redaktorluqdan baş redaktor müavini vəzifəsinədək işləyib. 1995-ci ilin idman yekunlarına görə Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvüdür. A.Əzimov 2008-ci ildə “Azərbaycanın Əməkdar Jurnalisti” adına layiq görülüb. 1997-ci ilin aprelindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında işləyir. 2008-ci ildən AFFA-da yaranan futbol muzeyinin direktorudur. “Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi” və “Xatirələrdə yaşayanlar” kitablarının müəllifidir.
Yubilyarla müsahibənin sizin üçün də maraqlı olacağını düşünürük:

- Abas müəllim, özünüz özünüzü necə təqdim edərdiniz?

- Azərbaycanın əməkdar jurnalisti və beynəlxalq dərəcəli hakim.

- İdmanla peşəkar səviyyədə məşğul olmusunuz?

- Bəli. Yüngül atletika ilə peşəkar səviyyədə məşğul olmuşam. Daha sonra eyni idman növü üzrə hakim olmuşam, SSRİ miqyasında, eləcə də Avropa çempionatında hakimlik etmişəm.

- Maraqlıdır, idman adamı birdən-birə necə oldu ki, jurnalistikaya gəldi?

- Jurnalistikaya gəlişim 60-cı illərə təsadüf edir.  Səbəbkar isə rəhmətlik jurnalist Valid Sənani olub. Onunla eyni məhəllədə yaşayırdıq. Bir dəfə Valid dedi ki, gəl, Azərbaycan radiosuna jurnalist kimi işə başla. Həmin vaxt Bakı Neft Texnikumunda oxuyurdum. Onun məsləhəti ilə 1962-ci ildə radioya getdim və işə başladım. Həmin vaxtlar Valid müəllim mənə müxtəlif tapşırıqlar verirdi, bir çox yerə reportaj hazırlamağa göndərirdi. Bu arada, texnikumu bitirəndən sonra BDU-nun filalogiya faklutəsinə qəbul olundum.

- Jurnalist kimi ilk işiniz yadınıza gəlir?

- Əlbəttə. Moskva “Dinamo”su Braziliyanın hansısa klubu ilə yoldaşlıq görüşü keçirdirdi. Mən radiodan həmin oyuna qulaq asıb reportaj yazmalı idim. Həmin vaxt Ələkbər Məmmədov da “Dinamo”da oynadığı üçün Bakıda da bu oyuna maraq  böyük idi. Həmin oyun mənim jurnalistikada fəaliyyətimdəki ilk işim olub.

- Yalnız futboldan materiallar hazırlayırdınız?

- Yox, bütün idman növlərindən.  Sadəcə, futbola marağım daha çox idi. O vaxtlar “Neftçi”nin bir oyununu buraxmırdım.  Ona görə futbolla bağlı yazılarım daha çox olurdu. Amma digər idman növləri də yaddan çıxmırdı.

- Futbola marağınızın daha çox olduğunu dediniz. Nə əcəb uşaqlıqda futbolla məşğul olmamısınız?

- Futbolla məşğul olmuşam. Hardasa 5-6 ay getdim. Sonra elə oldu ki, qış gəldi, havalar soyudu deyə, mən də məşqə getmədim. Yayda  yenidən getmək istəyəndə isə məşqçi məni qovdu ki, çıx get burdan (gülür). Mən də  bilmirdim axı. Hələ qayıdıb sual vermişdim ki, qışda məşq olur? Beləliklə, futbolla məşğul olmağım çox qısa sürdü.

- AFFA-ya gəlişiniz necə oldu?

- Qeyd etdiyim kimi, 1962-ci ildə Azərbaycan radiosunda işə başlamışdım. Həmin ildən 1997-ci ilə kimi AzTV-də fəaliyyət göstərdim. Lakin 1997-ci ildə dövlət televiziyasından ayrılmalı oldum. Çünki gördüm ki, nələrsə düz getmir. Ab-hava tamam dəyişmişdi. Ordan çıxandan sonra AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev dedi ki, gəl, AFFA-ya, sənə iş verərik. Beləliklə, 1997-ci ildən etibarən AFFA-da işə başladım.

- Jurnalistika fəaliyyətiniz dövründə AzTV-dən başqa hansısa mətbuat orqanı ilə də əməkdaşlığınız olub?

- “İdman” qəzeti və eləcə də “Kommunist” qəzeti ilə də əməkdaşlığım olub.

- Bəs statistikaya olan marağınız nə vaxtdan yaranıb, nə vaxtdan bu işi görməyə başladınız?

- Az öncə də dediyim kimi, futbola olan həvəs tamam başqa idi. Çünki uşaqlıqdan futbolu sevmişəm. “Neftçi”nin demək olar ki, bütün oyunlarını stadiondan canlı izləyirdim.  1946-cı ildən, yəni 10 yaşımdan bu idman növü ilə bağlı statistikaları toplamağa başlamışam. İndiki kimi futbolla bağlı 6 kitabım işıq üzü görüb.

- Fəaliyyətiniz dövründə şübhəsiz ki, bir çox tanınmışlarla ünsiyyətiniz olub, müsahibələr almısınız. Ən çox yaddaqalan görüşləriniz hansı olub?

- Düzü, tam olaraq hamısını xatırlamıram. Amma Vladimir Maslaçenko ilə görüşümüzü qeyd edə bilərəm. 1958-ci ildə o, futbolçu kimi Bakıya gələndə oyunlarından reportaj hazırlamışdım və kiçik fotoaparatımla onun şəklini çəkmişdim.  2009-cu ildə Bakıya gələndə getdim onunla görüşdüm və həmin şəkli ona təqdim etdim.

- Bəs, hansı dünya səviyyəli ulduz futbolçu ilə görüşünüz olub?

- Elə futbolçularla görüşüm, müsahibəm olmayıb. Bizim müsahibələrimiz daha çox elə öz futbolçularımızla olurdu.

- O zaman yəqin ki, “Neftçi”nin futbolçuları ilə müsahibələriniz çox olub.  Maraqlıdır ki, hansı futbolçu mətbuata daha açıq, hansı daha qapaılı olub?

- O dövrün futbolçuları çox sadə idi. Heç biri özünü göylə aparmırdı. Demək olar ki, hər dəfə oyundan qabaq onları efirə dəvət edirdik. Həmişə də mənmuniyyətlə gəlib müsahibələr verirdilər.

- “Neftçi” futbolçularından hansı ilə müsahibələriniz maraqlı olurdu?

-  Anatoli Banişevskini qeyd edərdim. Bir dəfə “Neftçi”nin bazasına futbolçularla müsahibəyə getmişdim. Elə oldu ki, ilk olaraq elə Banişevski ilə danışmalı olum. Həmin vaxt o masaj otağında idi. Özünü masaj etdirirdi. Bu zaman otağa Mirzoyan girdi. Onu görən kimi Banişevski qayıtdı ki, onu danışdırmayın, onsuz da “Neftçi”ni atıb gedəcək. Həqiqətən də 1 ildən sonra Mirzoyan Bakıdan getdi.



Anatoli Banişevski


- 1997-ci ildən AFFA-da çalışdığınızı dediniz. Yəni bu günə qədər federasiya prezidenti olmuş hər 3 şəxlə birgə çalışmısınız. Onların fəaliyyətini necə xarakterizə edərdiniz?

- Siz deyəsən məni onlarla düşmən etmək istəyirsiniz (gülür). Hər üçünün özünəməxsuz fəaliyyəti olub. Amma deyim ki, içlərində futbolu ən yaxşı bilən Fuad Musayev olub. Amma o da simic idi (gülür).

- Nə barədə?

- Futbolçulara az pul verirdi.

- Onu da qınamayın da o dövr AFFA-nın indiki kimi pulu yox idi axı...

- Orası da düzdür. O vaxt federasiyanın indiki kimi sponsoru yox idi.

- Rövnəq Abdullayevin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rövnəq Abdullayev yaxşı insandır.  Bu yaxınlarda məni gördü, bildi ki, yubileyimdi.  Yaşımı soruşdu, 80 olduğunu biləndə qayıtdı ki, o yaşı sənə vermək olmaz. Mən elə bilirəm, 50 yaşın var. Sonra soruşdu ki, nəyə ehtiyacın var, mən də dedim ki, evlə bağlı problemim var. Dedi ki, kömək edərəm. Ümidlə gözləyirik.

- 2011-ci ildə Azərbaycan futbolunun yaranmasının 100 illiyini qeyd etdik. Həqiqətənmi ölkəmizdə futbolun yaranma tarixi 1911-ci ildir?

- Azərbaycanda futbolun yaranma tarixini erməni Parçadanov yazıb. O da 1911-ci ildən götürüb. Amma mən düşünürəm ki, futbolun ölkəmizdə yaranma tarixi daha əvvəllərə gedib çıxır. Çünki Bakı tarixən sənayə şəhəri olub. Burada sənaye müəsssisələri daha çox olub. İngilislər də gəlib burada çalışıblar. Həmin ingilislər eyni zamanda o vaxtlar öz aralarında futbol da oynayırdılar. İlk futbol komandası da Balaxanıda yaranıb. Ümumiyyətlə, Balaxanını Azərbaycanın futbol beşiyi hesab edirəm. Bütün bunlar isə 1911-ci ildən də əvvəl olub. Ona görə düşünürəm ki, bizdə futbolun tarixi daha əvvələ gedib çıxıb. Sadəcə, 1911-ci ildə federasiya yaradılıb.

- Dediniz ki, “Neftçi”nin bütün ev oyunlarını canlı izləyirdiniz. Sizcə, nəyə görə “Dinamo” Tbilisi, “Ararat”, “Paxtakor” kimi komandalar SSRİ çempionu olmağı bacarsa da, “Neftçi” bu uğura nail ola bilmədi? Buna nə mane olurdu?

- Mane olurdu deyəndə ki, “Neftçi”nin gücü çatmırdı. Çünki SSRİ çempionatında güclü komandalar var idi. Moskva klubları, Ukrayna klubları çox güclü idi. “Dinamo” Moskva, “Dinamo” Kiyev, “Spartak”, “Dnepr” və s. “Neftçi” yalnız bir dəfə 3-cü yeri tuta bildi. Bundan başqa, bir dəfə 5-ci yeri tutmuşdular, bir dəfə də 8-ci. Qalan vaxtlar ancaq aşağı pillələri tuturdular. Bizdən fərqli olaraq, gürcülər çox güclü idi. Onların futbolçuları SSRİ millisinin də aparıcı üzvləri idi. Ümumiyyətlə, bizdə fərqi idman növlərindən fərqli olaraq, komanda idman növləri həmişə zəif olub.

- Sizə görə dünya futbol tarixinin ən güclü futbolçusu kim olub?

- Pele.

- Bəs Azərbaycan futbol tarixinin ən güclü futbolçusu kimi hesab edirsiniz?

- Ələkbər Məmmədovu. Çünki 4 dəfə SSRİ çempionu adını qazanıb. Təbii ki, Anatoli Banişevskini də unutmaq olmaz.

- Bəs ən güclü məşqçi kimi hesab edirsiniz?

- Əhməd Ələsgərovu. Çox tələbkar məşqçi olub. Hətta futbolçuları söyürdü də. Bununla belə, onlara böyük köməyi də dəyirdi. Məsələn, futbolçuların evlə, mebellə, maşınla təmin olunmasında Ələsgərovun böyük əməyi var idi.

- Statistikada davamçınız gördüyünüz şəxs var?

- Bilirəm ki, bu işlə məşğul olanlar var. Amma bir dəfə jurnalistlər arasında sorğu keçirmişdilər ki, Azərbaycanda ən güclü statistik kimdir, demək olar ki, hamısı mənim adımı birinci sıraya yazmışdı. Bunu Rövşən Binnətli mənə demişdi.

- İdman jurnalistikamızın hazırkı durumu sizi qane edir?

- Tam olaraq yox.

- Problemləri nədə görürsünüz?

- Bütövlük çatmır. Sanki hər şey yarımçıq, natamamdır.  Futbol reportajlarına baxıram çox uzun danışırlar, adamı yorurlar. Şərhçi o demək deyil ki, çox danışmalıdır. Əsas olan onun şərhindəki keyfiyyətdir. Yoxsa söz yığınığından istifadə edib dayanmadan danışmaq... Söz ehtiyatı, məlumat kasadlığı var. Filankəs filankəsə ötürmə verdi, filankəs topu filankəsə qaytardı. Oyun radio ilə yayımlanmır axı. Televiziya ilə yayımlanırsa bunu baxan adam da görür ki, topu kim kimə ötürdü. Şərhçi izləyiciyə fərqli məlumatlar verməyi də bacarmalıdır.  Yaxud deyirlər ki, mükəmməl qol. Hansı ki, normal vurulmuş qoldu.

- Sonda. Ən böyük arzunuza çatmısınız, yoxsa hələ də onu arzulayırsınız?

- İndiki halda ən böyük arzum “Neftçi”nin bu ağır durumdan çıxmasıdır. Hazırda bu komandanın  sahibi yoxdur. “Neftçi” sahibsiz qalıb. Elə günə qoyublar ki, ağlayanı yoxdur.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass