Sadıq Sadıqov: “Həmin qəzada yol polisinin də səhvi var”

Sadıq Sadıqov: “Həmin qəzada yol polisinin də səhvi var”
ÖLKƏ FUTBOLU 15 Fevral 2010 / 15:15 2899
-  A +

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi

- Fevralın 13-də baş verən ağır yol qəzası nəticəsində “Neftçi”nin iki əməkdaşı həyatını itirdi. Bu hadisənin ilk növbədə klubunuz üçün ağır faciə olduğunu anlayırıq. Amma nə qədər ağır olsa da, fikirlərinizi bildirməyinizi istərdik...

- Təbii ki, hadisə hamımıza pis təsir edib. Biz iki qardaşımızı itirmişik. Üç gündür hüzn içindəyik. Necə kədərli hisslər keçirdiyimizi təsəvvür etmək də çətindir.

- Hadisə “Xəzər-Lənkəran”la vacib oyunöncəsi baş verib. Qarşıdakı oyuna qara sarğı ilə çıxacağınızı bilirik. Bəs Unibank Premyer Liqasında XXI turun bütün oyunlarının 1 dəqiqəlik sükutla başlaması haqda Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırmağınız mümkündür?

- Təbii ki, məsələ qaldırmışıq. Özüm faciə baş verəndən az sonra hadisə yerində olmuşam. Yaralıları xəstəxanaya, vəfat edənləri ailələrini çatdırmışıq, dəfn mərasimi təşkil etmişik, fevralın 18-də cümə axşamı verəcəyik. Bundan sonra da onların ailələrinə lazımi dəstəyi əsirgəməyəcəyik. Amma bütün bunlar xırda məsələlərdir. Elə etməliyik ki, valideynləri övladsızlıq hiss etməsinlər. Bütün günü yaslarda olacağıq. Yas mərasimlərini yola verək, sonra baxaq, görək, nə fikirləşirik.

- Yaralıların vəziyyəti necədir?

- Yaralılar yaxşıdırlar. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirmişik. Həkimlərin tam nəzarəti altındadırlar. Əzikləri, bədənlərində sıyrılmalar var. Həkimlərin dediklərinə görə, sağlıq durumları normaldır. Səhər saat 9-da özüm də gedib onlara baş çəkmişəm. Yaxşıdırlar, salamatdırlar. Bir qədər stressdədirlər. Stressdən ayılmayıblar. Amma ümumilikdə pis deyillər.

- Hadisə necə baş verib?

- Hadisə Şamaxıdan Bakıya gələn yolda hərəkət zamanı baş verib. İcraçı direktorumuz Mübariz Xudiyevin idarə etdiyi avtomobil yolda sürüşərək, dərəyə yuvarlanıb. Hadisədən bir qədər sonra həmin yolun vəziyyətinə baxdım, şüşə kimi idi. Burada Dövlət Yol Polisinin əməkdaşlarının da səhvi var. Belə yolda maşınların hərəkəti qeyri-mümkündür. Həm yol buz bağlayıb, həm də qar yağırdı...

- Necə oldu ki, “Neftçi”nin üzvləri Yevlaxdan qayıdarkən, Mübariz Xudiyevin idarə etdiyi avtomobil klubunuzun “maşın karvanı”ndan ayrıldı?

- Mən özüm də oyunda iştirak edirdim. Oyundan sonra hamımız bir yerə yığışdıq. Komanda yemək yeməyə getdi. Mən kollektivlə sağollaşdım. Buna baxmayaraq, bir qədər qabağa gedib, komandanı gözlədim. Orada 2-3 maşın deyildi. Bakıdan çoxlu azarkeş getmişdi, “fan-klub”umuz orda idi, təhlükəsizlik xidmətinin maşını bizimlə idi, bəzi yaxın dostlar öz maşınları ilə gəlmişdilər. Yalan olmasın, 15-dək maşın var idi. Dal-qabaq Bakıya gəlirdik. Sadəcə, necə olubsa, Mübariz müəllimin idarə etdiyi “Hyundai Sonata” bizim “maşın karvanı”ndan ayrılaraq, Ağsu aşırımı ilə yola davam edib. Mübariz müəllim yemək xərclərini ödəmək üçün bir qədər yubanıb. Ola bilsin, yubandığı üçün bizim “karvan”a qoşula bilməyib. Şəhərə çata-çatda xəbər gəldi, Şamaxı yolu ilə qayıtdıq.

- Hadisə baş verən vaxt onları heç kim görməyib?

- Xeyr. Orada ümumiyyətlə, heç kim olmayıb. Yenə yaxşı ki, qəzadan sonra mobil telefon Mübariz müəllimin üstündə olub. Vitse-prezidentimiz Tahir Süleymanova zəng edərək, xəbər verib, sonra da mənə. Bundan 35-40 dəqiqə sonra hadisə yerində oldum. Təcili yardım maşınını özümlə apardım, bir də 2 polis maşını vardı. Sonradan Fövqəladə Hallar Nazirliyinin Şamaxı və Mərəzə üzrə xilasediciləri gəldi. Onların köməkliyi ilə ölü və yaralıları çıxardıq. Sonradan Respublika Yol Polisi İdarəsinin əməkdaşları, müstəntiq gəldi. Orada elə bir yol idi ki, maşınlar nadir hallarda keçirdilər. Onlar da saxlamırdılar. Çox sürüşkən ərazi idi.

Mənbə: lent.az


Son xəbərlər