FİFA və UEFA-ya belə üzv olduq...

FİFA və UEFA-ya belə üzv olduq...
YAZARLAR 29 İyul 2018 / 12:43 24024
-  A +

Tarix üçün bu silsiləni davam etdirirəm...

***

92-ci il martın 19-da “Futbol dünyası” qəzetinin rus dilində nəşr olunan buraxılışında – diqqət yetirin! – Azərbaycan Futbol Federasiyasının  (!) nizamnaməsinin layihəsi dərc olunmuşdu. “Ümumi müddəalar”, “AFF-nin məqsəd və vəzifələri”, “Federasiyada üzvlük”, “Federasiyanın maliyyə-təsərrüfat fəaliyyəti və vəsaitləri”, “Federasiyanın emblemləri, vımpelləri, döş nişanları və fəxri fərmanları” və “Federasiyanın fəaliyyətinin dayandırılması” adlı altı bölmədən ibarət layihəyə görə “Azərbaycan Futbol Federasiyası (AFF)  özünü idarə edən, Azərbaycan Respublikasında futbolun inkişafının idarə edilməsi sahəsində müstəsna səlahiyyətlərə malik  təsərrüfat hesablı təşkilatdır. AFF FİFA-nın nizamnamə və reqlamentini rəhbər tutaraq öz fəaliyyətini peşəkar əsasda həyata keçirir” və “AFF futbol üzrə respublika təsis konfransının qərarı ilə 5 il müddətinə yaradılır. O, FİFA nizamnaməsinə uyğun olaraq gələcəkdə Azərbaycan Futbol Assosiasiyasına çevrilə bilər”.

Cəmi bir həftə sonra sonuncu cümlələrdəki müddəaları əməli formada həyata keçirmək üçün konkret addımlar atıldı. “Futbol dünyası” – “Mir futbola” qəzeti oxuculara 27 mart tarixli nömrəsinin birinci səhifəsində manşet xarakterli belə bir mətnlə təqdim olundu:  ”Dünən  Azərbaycan Futbol Assosiasiyasının təsis konfransı keçirilmişdir.  Konfrans  İcraiyyə Komitəsini və onun Rəyasət Heyətini təsdiq etmişdir”.  Və daha bir cümlə: “Fuad Ənvər oğlu Musayev yekdilliklə assosiasiyanın prezidenti seçilmişdir”.

Daha bir həftə sonra qəzet bu manşeti belə incələyir: “Respublikanın demək olar bütün rayon və şəhərlərindən 200-ə yaxın nümayəndə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının –indən belə müstəqil, hüquqi şəxs funksiyalarına malik, respublikanın geniş futbol təsərrüfatının idarə olunması məsuliyyətini öz üzərinə götürmüş təşkilat belə adlanacaqdır – təsis konfransına toplaşmışdı”.
Təsis konfransı ovaxtkı Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) akt salonunda keçirilmişdi; əsil partiya işçisi olan Fuad müəllimin belə ədaları vardı – lap kəşfiyyyatçıfason azdırma hərəkətləri edirdi, hətta biz  – AFFA-ya yaxın  jurnalistlər də bəzən tədbirlər başlanana qədər harada keçiriləcəyindən məlumatsız olurduq. 1997-ci il sentyabrın 8-də Budapeştdə, Azərbaycanın futbol üzrə yığma komandası məşhur “Ferensvaroş” klubunun idman bazasında Macarıstan kollektivi ilə oyuna hazırlıq məqsədilə məşq edirdi. Mən Bakıdan getmiş jurnalist kimi, Fuad müəllim isə nümayəndə heyətinin başçısı kimi bu məşqi izləyə-izləyə təxminən iki saat söhbət elədik və həmin söhbət əsnasında müsahibim yuxarıdakı hərəkətlərsayağı şakərinə belə haqq qazandırdı: “Konfransın işini pozan adamlar vardı...” Elə onda xatırladım ki, AFFA-nın bir qədər əvvəl – 1997-ci il mayın əvvvəllərində 2-ci konfransı da bu qaydada, tam məxfilik şəraitində Buzovna mədəniyyət sarayında keçirilmişdi...


Fuad Musayev

Yenə təsis konfransı barədə “Futbol dünyası” qəzetinin hesabatına qayıdıram. Qəzet yazır ki, populyar idman növü olan futbolun inkişafında maraqlı adamlar arasında üç saatdan artıq fikir mübadiləsi getdi. Hamını narahat edən konkret məsələ – milli çempionatın müddəti, strukturu, komandaların sayı barədə qərar qəbul edilməsə də (hərçənd ölkə çempionatının 25 aprel və 1 may aralığında başlaması üçün ilkin razılıq əldə olundu) iştirakçılar daha az əhəmiyyəti olmayan məsələləri müzakirə etdilər. Qeyd edildi ki, başlıcası bütün səyləri beynəlxalq yarışlarda iştirak etmək üçün  Azərbaycan milli  yığma komandasının hazırlanmasına yönəltmək olmalıdır. Bunun üçün isə əvvəllər olduğu kimi komandalar deyil, Qərb təcrübəsi üzrə özünün ştatı, törəmə komandaları və s. və i. a. olan hüquqi şəxs statuslu futbol klubları yaratmaq lazımdır.

Çempionatın iştirakçısı olan klubların üzvlük haqqı haqqında məsələ də qızğın müzakirələrə, başlıcası isə fikir müxtəlifliyinə səbəb oldu. Nümayəndələr prinsipcə 50 min rubla razı olsalar da, o vaxtlar üçün bir növ vicdan işi olan məqamı da – cəbhəyanı bölgələrə güzəşt məsələsini də unutmamağa çağırdılar. Son nəticədə bu məsələdə də konsensus əldə olundu.

Konfrans AFFA-nın icraiyyə komitəsini, habelə Fuad Musayev (prezident), kimya elmləri doktoru, professor Nazim Hüseynov (vitse-prezident), Suraxanı rayon icra hakimiyyətinin başçısı Tofiq Axundov,  Bakı məişət kondisionerləri zavodunun direktoru  Sənan Axundov,  futbol məmuru Rauf Adıgözəlov, məşhur hakim Tofiq Bəhramov, güləş üzrə dünya çempionu, 1988-ci ildən “Neftçi” futbol klubunun prezidenti Aydın İbrahimov, futbol xadimləri Toğrul Hacıyev, Vladimir Karmayev, Müzəffər Qasımov, idman təşkilatçısı Ənvər Qafarov, əməkdar jurnalist, yeni yaradılan AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqşin Kazımzadə, əfsanəvi futbolçu Ələkbər Məmmədov, istefada olan milis polkovniki Tofiq Fətullayev və Naxçıvan MR-in təmsilçisi Bəhlul Fərzəliyevdən ibarət RƏYASƏT HEYƏTİNİ də seçdi.

Konfransda həmçinin Azərbaycan Respublikasının beynəlxalq futbol federasiyasına qəbul edilməsi barədə FİFA-ya müraciət etmək barədə qərar qəbul olundu.

Təsis konfransında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Respublikasının ilk futbol çempionatı   güclülər dəstəsində 26 komanda (hərəsində 13 komanda olmaqla iki yarımqrupda) 1992-ci il mayın 3-də başlandı,  avqustun 9-da (“A” yarımqrupu) və avqustun 10-da (“B” yarımqrupu) ilkin yarışlar başa çatdı.  Yarımqruplarda ilk altı yeri tutan  komandalar  sentyabrın 5-dən oktyabrın 27-dək birinciliyin qalibi  adı uğrunda mübarizə aparıb güclülər dəstəsində Azərbaycanın ilk çempionunu və medalçılarını müəyyənləşdirdilər.


AFFA İcraiyyə Komitəsinin iclası, 1995-ci il

1992-ci il mayın 27-də Azərbaycan Respublikasının Nazirlər Kabineti AFFA-nın təşəbbüsü ilə Azərbaycanda futbolun maddi-texniki bazasının inkişaf etdirilməsi haqqında 291 nömrəli qərar qəbul etdi. Bu qərar həmin dövr üçün AFFA-dan ötrü əsas sənədə çevrildi – çünki AFFA hələ FİFA-ya qəbul edilməmişdi; qərar AFFA-ya Azərbaycan futbolunun mənafelərini bütün beynəlxalq strukturlarda təmsil edən və Azərbaycan Respublikasında futbolun inkişafını idarə  etmək sahəsində tam hüquqlara malik olan müstəqil HÖKUMƏT TƏŞKİLATI statusu, Azərbaycanı FİFA və UEFA strukturlarında təmsil etmək səlahiyyəti verirdi.  Sənəd AFFA-nın bir sıra maddi problemlərinin həllini də nəzərdə  tuturdu: məsələn, qərara əsasən 1980-ci illərin əvvəllərində bilavasitə F.Musayevin rəhbərliyi və iştirakı ilə tikilən və bütün SSR İttifaqında nümunə göstərilən “Neftçi”nin idman bazası milli yığma komandanın və digər yığma komandaların ehtiyacları üçün  AFFA-nın tabeliyinə keçirildi (yeri gəlmişkən, qərarın bu bəndi uzun illər ərzində AFFA ilə “Neftçi” PFK-nın rəhbərliyi arasında “nifaq alması”na döndü və yerinə yetirilmədi)...

1992-ci ildə Sürixdə FİFA-nın 48-ci konqresi oldu. Konqresdə Azərbaycanın nümayəndə heyəti də iştirak edirdi. Ən çox da AFFA prezidentinin işgüzarlığı sayəsində Azərbaycan futbol təşkilatı  assosiativ üzv sifətilə beynəlxalq futbol qurumuna qəbul edildi: bu bizə dünya çempionatlarından savayı bütün beynəlxalq yarışlarda iştirak etmək hüququ verdi. Yeri gəlmişkən, FİFA-nın baş katibi və onun müavini ilə işgüzar görüşlərin keçirilməsi, FİFA baş katibinin tabeliyindəki bölmələrlə iş aparılması, Azərbaycanın dünya futbol birliyinə daxil olmasının hüquqi əsaslarını işləyib hazırlamaq üçün FİFA nizamnaməsinin, qaydalarının və tənzimləyici sənədlərinin öyrənilməsi, Azərbaycanın Asiya Futbol Konfederasiyasına deyil, məhz UEFA-ya –  Avropa Futbol Assosiasiyaları İttifaqına daxil  olması sahəsində AFFA-nın fəaliyyətini təsəvvür etmək üstündən təxminən 25 il keçəndən və o günlərin birbaşa şahidlərindən heç birinin bu gün həyatda olmaması üzündən o qədər də asan deyildir. Hərçənd elə Budapeştdəki həmin söhbət əsnasında bu məsələyə də toxunmuşduq və Fuad müəllim son dərəcə maraqlı məlumatlar söyləmişdi. Düşünürəm ki, bu barədə indi geniş bəhs etmək mənəvi cəhətdən heç düzgün olmaz...

Avqustun 17-də Gürcaani şəhərində Azərbaycan və Gürcüstan milli seçmə komandaları arasında ilk beynəlxalq yoldaşlıq oyunu keçirildi. Mən bu oyun barədə vaxtilə “İdman” – “Sport” qəzetində geniş reportaj dərc etdirmiş keçmiş qapıçı Gündüz Cəfərovla söhbətləşərək bunun əsasında 2000-ci ildə “Futbol+” qəzetində bir səhifəlik yazı dərc elətdirmişəm. Xatırladıram ki, Gürcüstan – Azərbaycan görüşü 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarmışdı. Budapeştdəki söhbətimiz zamanı mən bunu da F.Musayevdən soruşdum: “O basabasda nə məcburiyyət idi ki, bu oyun keçirilsin və komanda belə böyük hesabla uduzsun”. Fuad müəllim mənə 1992-ci il avqustun 16-da Moskvada keçirilmiş Rusiya – Meksika matçını xatırlatdı: “Həmin oyunda rusların heyətindən xəbərin varmı? Komanda öz meydanında 2:0 udur və 80-ci dəqiqədə “zamen” eləyir – kimi, kimi, bizim Lemişi 10 dəqiqəliyə meydançaya buraxır. Məqsəd aydındır – bu oyunçunu oynatmaqla onu özününkü eləyir, həmişəlik əlimizdən alır.  Bu gün Lemişdir, sabah olacaq Vəli,  o biri gün Nazim, Vidadi... bunlar da gedəndən sonra bizdə bəs kim oynayacaq?!. Ona görə biz də tez-tələsik heyəti yığdıq, gürcülərlə danışdıq və bu oyunu keçirtdik ki, sabah problemlərlə üzləşməyək”.

Yoldaşlıq oyunu ərəfəsində yığma komanda Mingəçevirdə üçgünlük təlim-məşq toplanışı keçirmişdi. Komandanın rəhbərləri – baş məşqçi Əhməd Ələsgərov və onun köməkçiləri Kazbek Tuayevlə Ağasəlim Mircavadov toplanışa bu futbolçuları çağırmışdılar:

qapıçılar – Dmitri Kramarenko, Etibar Şükürov (hər ikisi “Neftçi”), Namiq Bəşirov (“Qarabağ”), Elxan Həsənov (Sumqayıt “Xəzər”i);

müdafiəçilər – Emin Ağayev, Faiq Cabbarov (hər ikisi “Neftçi”), Elşad Əhmədov (“Qarabağ”), Eldəniz Süleymanov (“Azəri”), Tərlan Əhmədov (“Turan”), Ramiz Məmmədov (“Kür”), Vüqar İsmayılov (Sumqayıt “Xəzər”i), Sahib İsmayılov (“İnşaatçı”, Bakı);

yarımmüdafiəçilər – Rasim Abuşov, Ərani Beydiyev (hər ikisi “Neftçi”), Mahmud Qurbanov, Ceyhun Tanrıverdiyev (hər ikisi “Kəpəz”), Mehman Alışanov (“Qarabağ”), Elmir Xankişiyev (“İnşaatçı”, Sabirabad), Rüfət Quliyev, Vəli Hüseynov (hər ikisi “Turan”), Mirbağır İsayev, Samir Xairov (hər ikisi “Tərəqqi”), Mübariz Orucov (Sumqayıt “Xəzər”i), Əli Abışov (“Plastik”);

hücumçular – Samir Ələkbərov (“Neftçi”), Mahir Əliyev, Zaur Qarayev (“Qarabağ”), Qurban Qurbanov (“Daşqın”), Elşən Qənbərov (“Tərəqqi”), Natiq Rzayev (“İnşaatçı”, Sabirabad).

Məşqçilər oyuna həmin vaxt Rusiyada oynayan legionerlərimizi – Nazim Süleymanov, Vidadi Rzayev və Şahin Diniyevi də çağırmışdılar, təkcə təzəcə İspaniyaya köçmüş Vəli Qasımov yoxdu...
Bizim komandada qolları da legionerlər vurdular: 41-ci və 88-ci dəqiqələrdə (penalti ilə) N.Süleymanov,  80-ci dəqiqədə V.Rzayev. O vaxt “Futbol dünyası” qəzetinin yazdığı kimi, “yığma komandanın bu hesabı yox, faktın özü mühümdür: nəhayət, Azərbaycan futbolu da heç kəsin iradəsindən asılı olmadan müstəqil bir yola qədəm qoymuşdur”...

AFFA-nın təkidi ilə 1993-cü ilin payızında UEFA-nın idman qurğuları komitəsinin sədri E. Uolkerin (Böyük Britaniya) rəhbərliyi altında  FİFA və UEFA komissiyasının Azərbaycana gəlişi respublikada normal ictimai-siyasi vəziyyətin hökm sürməsi barədə yekun sənədinin hazırlanmasına əsas vermişdi. Bu, həmin ilin dekabrında UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında AFFA-nın UEFA-ya müvəqqəti üzv qəbul edilməsi ilə nəticələndi.  Məhz bu hesaba nümayəndələrimiz 94-cü ilin yanvarında Mançester şəhərində Avropa çempionatı – 96-nın püşkatma mərasimində iştirak etdilər.
 

1995-ci il. Fransa - Azərbaycan oyunu

Respublikamızın bütün tarixi ərzində ilk dəfə olaraq milli yığma komandamız qitə birinciliyində iştirak etmək hüququ əldə etmişdi. Azərbaycan bu yarışların birinci seçmə qrupuna düşdü. Fransa, Rumıniya, Polşa, Slovakiya və İsrail yığma komandalarının da daxil olduğu qrup, əslində, çox güclü qrup idi. Təkcə bunu demək kifayətdir ki, burada keçmiş 14 sovet respublikasından heç biri Azərbaycana rəqib olmamışdı. Üstəlik də futbolçularımız bütün oyunlarını səfərdə –  Trabzonda və rəqiblərin meydançasında keçirmişdilər. Bu halda Fransaya 0:10 hesablı məğlubiyyət də, ümumi yekunda cəmi 1 xal da başadüşülən olmalıdır.

94-cü il iyunun 16-da AFFA FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində bu beynəlxalq quruma tamhüquqlu üzv qəbul edildi. Elə Qazaxıstan futbolçuları da həmin konqresdə beynəlxalq quruma üzv oldular, lakin UEFA-ya üzvlüyü onlar daha 8 il gözləməli oldular.

Beləliklə, təxminən iki illik gərgin iş bəhrəsini verdi, Azərbaycan dünya futbol birliyinə daxil oldu.  O vaxt təxminən bir ay ərzində müntəzəm olaraq “Səhər” qəzetində verdiyimiz sadəlövh məzmunlu elanı xatırlayıram: “100 dollar olsa, Azərbaycan FİFA-ya üzv olar”. Günlərin birində F.Musayev zəng vurdu: “Yığışdırın o elanı. Yüz dollar daha lazım olmadı...” Bu, FİFA-ya rəmzi üzvlük haqqı idi. Fuad müəllim o vaxt İsveçrədə işləyən oğluna tapşırmışdı ki, məsələni həll eləsin, Azərbaycanın da, FİFA-nın da gözünü yoldan yığsın. 100 dollar söhbəti bu yolla həllini tapmışdı...

Şakir YAQUBOV


Son xəbərlər