19. 51 – Simvolların qələbəsi

19. 51 – Simvolların qələbəsi
XƏBƏR 26 Avqust 2016 / 11:30 4723
-  A +

Rəşad əsl kapitan olduğunu bir daha ortaya qoydu. “İmarət” nahaq yerə demir axı:  “Ən böyük kapitan, bizim kapitan”. Təkcə ona görə yox ki, Rəşad qol vurdu. Həm də ona görə ki, Rəşad Azərbaycansayağı qol vurdu. Özünə sadiq qaldı.

Bütün dünyanın futbol mütəxəssisləri bundan sonra bu qolu müzakirə edəcək. Bundan sonra “Qarabağ”a rəqib olan komandaların məşqçiləri bu qolu öyrənəcək və künc zərbəsi zamanı Azərbaycansayağı qolun qarşısını almaq üçün taktika quracaqlar və sairə və sairə...

“Viktoriya” ilə oyundan sonra isə Rəşad hamının çökdüyünü demişdi. Bu məyusluq mənə çox ağır gəldi. “Ver o məğlubiyyəti mənə” deyə qışqırmaq istəyirdim...

Məğlubiyyətə hamı yiyə durmur axı. Məğlubiyyət yetim olur. Son oyunda tribunalara baxanda buna bir daha əmin oldum. “Qarabağ”ın “Viktoriya” məğlubiyyəti də yetim idi...  Son oyunda da sanki yaddan çıxmışdı ki, “Qarabağ” oynayır... “Qarabağ” ey... Çoxları unutdu. Amma nə kapitan Rəşad, nə də onun komanda yoldaşları unutdu bunu.

Son nəfəsinə, son gülləsinə qədər vuruşan əsgərə bənzəyən, Riçi də unutmadı. Varlığı düşmən “əsgərini” vahiməyə salan Reynaldoda da unutmadı. Hər vurduğu qola görə tanrıya şükürlər edən Muarrem də unutmadı. Həssas qəlbi ilə “Qarabağ” adının nə demək olduğunu yaxşı dərk edən Şehiç də unutmadı. Azarkeşlərin “qaqa” adlandırdığı Ansi də unutmadı... 

Və o “yetim” qəddini düzəltdi...

Rəşadın bir simvol olduğu bəllidir artıq. Və son oyunda həm də simvolik bir qol vurdu. Amma onun komanda yoldaşları da kapitanlarını tək qoymadı bu mübarizədə.

Muarrem, Dani və hamısı...

Rəşad 19-ci dəqiqədə vurdu birinci topu. Sonuncu topu isə Dani vurdu. 51-ci dəqiqədə. 19. 51.
Çoxdandır ki, sadiq azarkeşlər – “İmarət”çilər “Qarabağ”ın məhz 1951-ci ildə yaradıldığını deyir və bunu klubun rəsmi simvollarında da təsbit olunmasını istəyir. Hətta klub rəhbərliyinin də bəzi texniki problemlər olmasa bu tarixin qəbuluna etirazı yoxdu.

Son oyunda vurulan ilk və son qol da simvol idi.  19. 51.
Beləcə “Qarabağ” daha bir simvollu oyununu, simvol hesab edilə biləcək qələbəsini arxada qoydu. Hələ qarşıda görüləsi çox iş var...

Nə ruhdan düşmək, nə də geri çəkilmək olmaz.

Qalib də olsa, məğlub da olsa “Qarabağ” elə Qarabağdı.

“Qarabağ”a Qarabağlı, Ağdamlı, İmarətli günlər arzusu ilə

Asəf QULİYEV


Son xəbərlər