"Atletik" - "Lokomotiv" oyununda qalmaqal

"Atletik" - "Lokomotiv" oyununda qalmaqal
XƏBƏR 24 Fevral 2012 / 12:23 2181
-  A +

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində İspaniya “Atletik”i və Rusiya “Lokomotiv”i arasında keçirilmiş cavab görüşündən öncə və sonra iki komandaların azarkeşləri dalaşıb.

Qol.Az-ın məlumatına görə, “Lokomotiv”i dəstəkləmək üçün Bilbao şəhərinə gələn rusiyalı fanatlar yerli skinhedlərin hücumuna məruz qalıb.

Münaqişə “Ercilla” mehmanxanasının barında baş verib. Bask fanatlar ruslara stullar atıblar. Nəticədə “Lokomotiv”in bir azarkeşi zədələnərək xəstəxanaya çatdırılıb. Polis 3 nəfəri həbs edib. Onlardan 2-si rus, 1-i ispaniyalıdır. Saxlanılanlar ictimai asayişi pozmaqda, hakimiyyət nümayəndəsinə hücumda və polisin qanuni tələblərini yerinə yetirməməkdə şübhəli bilinirlər. Bundan başqa oyunun keçirildiyi “San-Mames” stadionu ətrafında qeydə alınan toqquşmalarda 4 polis yüngül xəsarət alıb.

Qarşılaşmadan sonra da iki komanda fanatları arasında toqquşmalar davam edib. Hadisənin günahkarları hər iki tərəf olub. 50-dək rus tərəfdar 200-dən çox baskla əlbəyaxa döyüşə girişib. Bir neçə dəqiqə davam edən dava polis müdaxiləsindən sonra yekunlaşıb. Polislər güc işlətməli olublar. Eyni zamanda rusiyalı azarkeşlər qrupunun üzərinə 30-dək şəxs hücum edib. Nəticədə 23 yaşlı rus fanat zədələrlə xəstəxanaya çatdırılıb. İspaniya polisi qalmaqallı insidentlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Moskvada 1:2 hesabı ilə uduzmuş “Atletik” evdə “Lokomotiv”i 1:0 hesabı ilə yenib və səfər qolu sayəsində 1/8 finala çıxıb. “Atletik” baskların kompakt məskunlaşdığı Bilbao şəhərini təmsil edir. Basklar müstəqillik tələbi ilə İspaniyada vaxtaşırı çaxnaşma törətməyə cəhd edirlər.

 


Son xəbərlər