“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”

“Bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq”
ÖLKƏ FUTBOLU 17 Yanvar 2020 / 11:50 5753
-  A +

Azərbaycanın əsas milli komandasına əcnəbi futbolçuların dəvət edilməsi müxtəlif dövrlərdə olub. Ancaq  son illərdə aşağı yaş qruplarındakı milliləşdirmələr futbolumuzda olan çatışmazlıqdan, daha dəqiq desək, oyunçu yetişdirə biməməyimizdən və bunun gələcəkdə daha acınacaqlı mənzərə ilə nəticələnəcəyindən xəbər verir.

Qol.az bu məsələ ilə əlaqədar futbol mütəxəssislərinin fikrirlərini öyrənib. Məşqçilər Komitəsinin sədri, müxtəlif vaxtlarda əsas və U-21 millimizi çalışdırmış Vaqif Sadıqov milli komandalarımızın bazası olan uşaq futbolu üçün hər cür şəraitin yaradıldığını, lakin problemin səbəbinin ona da məlum olmadığını söyləyib:

"Bu, bütün dünyada gedən bir prosesdir, biz kənarda qalmırıq. Ancaq mən demək istəyirəm ki, ayrı-ayrı ölkələrdən kütləvi şəkildə oyunçuları dəvət etməyə o qədər də ehtiyyac yoxdur. Amma hansısa bir mövqedə boşluq varsa, sırf baş məşqçinin təqdimatına əsasən yığmaya futbolçu cəlb olunur. Biz Məşqçilər Komitəsi olaraq həmişə bütün məşqçilərə tövsiyə veririk ki, o oyunçu mütləq özünü elə doğrultmalıdır ki, bütün mərhələləri keçərək, əsas millidə yer almağa şans əldə edib, Azərbaycan futboluna xidmət etsin.  Bilirsiniz,  bizdə uşaq futbolu o səviyyədə deyil. Futbolun içində olan insanlarıq. Deyə bilərəm ki, hər bir klubda, yığmada da uşaq futbolunun inkişafı üçün istənilən şərait yaradılıb. Yəni, məşqçilər lazım olan tədrisi alırlar, UEFA -dan yüksək lisenziyaya sahib olurlar. İnfrastrukturdan danışsaq, akademiyalar açılıb, məşq meydançaları, stadionlar tikilib. Uşaqlar üçün şərait yaradılıb ki, orada inkişaf edib, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Yəni, bu gün nəyi deyə bilərik ki, təşkil olunmur? Bütün bu şərait varkən niyə alınmır sualına asan cavab tapmaq olsaydı, başqa bir mövzuya toxunmazdıq”

V.Sadıqov yaxın illərdə futbolumuzdakı bu durumun müsbətə doğru dəyişəcəyini düşünür: "Mən inanıram ki, tezliklə ayrı-ayrı ölkələrdən milli komandamıza çağırılan əcnəbi  oyunçulardan yox, bizim futbolçuların yığmamızda yaxşı çıxışını görüb, xarici ölkələrə dəvət olunması barədə söhbət edəcəyik.  Mən buna inanıram".

Millimizin sabiq üzvü, hazırda işsiz olan Kamal Quliyev isə əcnəbi oyunçuların yığma komandalarımıza sadəcə pul mənbəyi, vasitə kimi baxdığını bildirib: "Həmin bu əcnəbi futbolçuları dəvət edən şəxslər bir vaxtlar özləri də belə şeyə pis baxırdılar. Amma indi yenə də xarici oyunçular çağırırlar. Əlbəttə, mən də buna pis baxıram. İllərlə bu mövzu gözümüzün qabağında, praktikada oldu. Yəni, əcnəbi futbolçular  komandamıza can yandırmaq üçün gəlmirlər. O insanlar nəyisə hədəfləyir. Burada ya maddiyyat məsələləri, ya da başqa bir sərfəli amil var. Bura onlar üçün böyük bir tramplindir, istifadə edib, Avropanın daha yaxşı klublarına çıxsınlar. İstər əsas milli, istərsə də U-21, U-19-un  oyunlarında nə qədər skautlar olur, matçları izləyir. Onlar üçün yığma komandalarımız pul mənbəyidir, vasitədir. Açıq-aşkar danışıram. Eddi İsrafilova 1 milyon, filankəsə filan qədər pul xərcləyirlər. Eddi İsrafilovdan Azərbaycanda elə 1 milyon dənə  var. Bu, birinci məsələ. İkinci məsələ isə nəyə görə öz futbolçularımızı alçaldırıq? Əminliklə deyə bilərəm ki, bizdə  həmin dəvət olunan əcnəbi oyunçudan da yaxşı, güclü futbolçular var, amma kənarda qalırlar. Təlim-məşq toplanışlarına gedirlər, amma oynamağa gələndə kənardan birini çağırıb gətirirlər. Özümüzünkünü sıxışdırırıq. Elə bunlarla da uduzuruq də. Guya qıraqdan gələnlərlə, türkiyəli oyunçularla məğlub olmuruq? Qoy elə özümüzünkü ilə uduzaq də. Qoy elə qazanan öz futbolçumuz olsun də. Burada nə var axı? Bu mövzu illərdir ki, təkrarlanır. Ən pisi də odur ki, o dövrdə belə vəziyyətə mənfi yanaşanlar indi həmin şeyi təkrar edirlər. Bu, ən acınacaqlısıdır. Deməli, onların sükanı öz əllərində deyil, kimsə idarə edir".

K.Quliyev futbol üçün ayırılan investisiyanın doğru istiqamətdə xərclənmədiyini, probelim idarəçilikdə olduğunu düşünür: "Bizdə oyunçu qıtlığı var. Çünki klubların sayı azdır. Premer Liqada 8 komanda mübarizə aparır, onların da yarıdan çoxunun heyətində  legionerlər üstünlük təşkil edir. Futbolçu çox olmalıdır ki, seçim çox olsun, milli üçün seçmək mümkün olsun. Düşünürəm ki, bəzi oyunçular da karyerasını bitirəndən sonra Azərbaycanda futbol yoxa çıxacaq. Problem düzgün işləməməkdə, doğru yol  seçməməkdədir. Bilirsiniz, dövlət başçımızın idmana qayğısı göz qabağındadır. Deməyə ehtiyac yoxdur. Ümumiyyətlə, futbol üçün də proqramı hazırlandı. Hanı o xərclənən milyonlar, milyardlar? Hanı o proqramdan çıxan bir futbolçu? Göstərin, görək də. İş prinsipi düzgün qurulmayıb. Ay bu filankəsdir, o bəhmənkəsdir, mən burdan gəlir əldə edirəm... Biz nəfsimizi tutmalıyıq. Bir şey əldə etməliyiksə, nəfsimizi saxlamalıyıq. Bu, hara gedib çıxır axı?”

 

Əməkdar məşqçi Ağasəlim Mircavadov isə problemin kökünü klubların akademiyalarında görür: “Məgər birinci dəfədir ki, türk futbolçu bizim millimizdə oynayır? Bunu niyə məndən soruşursunuz? Bunu məşqçilərdən soruşun. Mən heç siyahını görməmişəm, bilmirdim. Uşaqlarla keyfiyyətli işləmək, klublarda, akademiyalarda oyunçu yetişdirmək lazımdır, bu işin kökündən danışmaq lazımdır. Niyə klublarda iş birliyindən, akademiyalardan yazmırsınız? Futbolçu hardan gəlir? Akademiyalardan. Gedin, klubun işçiləri, akademiyaların rəhbər işçiləri ilə söhbət edin. Əsas onlar bu məsələdən danışmalıdırlar".

Millimizin sabiq üzvü, son olaraq “Zirə”ni çalışdırmış Samir Abasov isə hesab edir ki, məşqçilər məcburiyyətdən yığmalara əcnəbi futbolçu dəvət edirlər: "Mənim milli komandaları tanıdığım vaxtdan bəri bu hal həmişə baş verib. Yəni, həmin futbolçuları dəvət edən məşqçilər də açıqlamasını veriblər ki, nəyə görə gətiriblər. Sırf hansı komandaya hansı məşqçi əcnəbi futbolçu cəlb edirsə, ondan nəyə görə bunları gətirirsən deyə soruşmaq lazımdır. Bu gün mən, siz və digərləri üçün danışmaq asandır. Biz həmin milli komandaların içindəki vəziyyəti, orda çəkilən əziyyəti bilmirik. Mənim üçün bu barədə danışmaq çox çətindir. Ən azından əlimdə bir arqument olsun ki, ona görə hərəkət edim. Bu olmadığına görə, doğurdan da mənim üçün  nəsə demək çətindir. Ən azından məşqçi niyə bu addımı atır deyə izahını verməlidir. Çünki o da buna görə kiməsə hesabat verir. Yəni, aşağı yaş qrupları belədir ki, orada kordinator olur. Bildiyim qədəri ilə də kordinatorlar yerli yox, əcnəbi olur. Və onlar hamısı bir-birinə hesabat verirlər.

Amma son nəticələr göstərir ki, əcnəbi oyunçular gətiriləndən sonra nəyəsə nail olmamışıq. Hansı ki, həm əsas millidə, həm də  U-19, U-17-də uğur əldə etməmişik. Amma kənardan danışmaq asandır. Bəlkə, həmin yaş qruplarının məşqçisi ilə danışsan, izahını verər, başa düşərsən. Ondan sonra anlayarsan ki, doğurdan da vəziyyət çətindir, oyunçu olmadığına görə bu addımı atır. Məşqçi komanda yığmalıdır, məcburiyyət qarşısında qalır. Mən inanıram ki, onlar bu cür vəziyyətlərlə qarşılaşırlar deyə belə addımlar atırlar. Bu gün heç kim güclü oyunçunu kənarda saxlayıb, zəifi götürməz. Amma o demək deyil ki, gətirilən əcnəbi futbolçularla nəsə nəticə qazanırıq. Bunun açıqlamasını məncə, həmin məşqçilər də yox, kordinatorlar, məşqçilərin başının üstündə dayanan şuramız var, onlar deməlidirlər.

Bilirsiniz, siz jurnalistsiniz. Jurnalistin də bir mövqeyi var, onun üstündə dayanır. Mənə nəyisə söyləmək asandır. Amma bilmədiyimə görə demək istəmirəm. O prosesi doğrudan da başa düşmürəm. İçərisində olmadığıma görə nə baş verdiyini bilmirəm. Bu gün biz A millisinə baxırıq, orada da yetəri qədər xarici -  Türkiyə, Almaniyadan gələn  oyunçularımız var. Onların simasında götürsək ki, nələrə nail olmuşuq, ciddi bir şey yoxdur. Aşağı yaş qruplarına dəvət olunan əcnəbilər əsas milliyə qədər gəlib çıxa bilməyiblər. Amma yenə də deyirəm, ora təyin olunan məşqçilərin rastlaşdıqları problemlər var. Yəni, gedib elit raunda oynayırlar, orada nələrisə görürlər, istəyirlər ki, yaxşı nəticə əldə etsinlər. Ona görə də xarici futbolçu çağırmaq məcburiyyətindədirlər”.

Nuriyə ZEYNALOVA

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı