"Qarabağ"a qalib gəlmək mümkünsüz olub"

"Qarabağ"a qalib gəlmək mümkünsüz olub"
ÖLKƏ FUTBOLU 4 Aprel 2014 / 10:35 4180
-  A +

"Çempionat həddindən artıq gərginliyi ilə seçilir. Futbolçularda məsuliyyət hiss olunur.  İntiriqa hələ davam edir. Ancaq "Qarabağ"ı ilk pillədən düşürmək çətin görünür. Əgər liderin ən yaxın icləyicisi ilə xal fərqi 6-7 olsaydı, nəsə söyləmək olardı. "Qarabağ" 90 faiz çempionluğunu təmin edib. Çünki bu komandaya qalib gəlmək mümkünsüz olub. "Qarabağ"ın əsas gücü onun hücum xəttindədir. Rəqiblər onların hücum xəttini zərərsizləşdirə bilsələr, xal ala bilərlər. İkinci yer uğrunda isə "Neftçi", "Bakı" və "İnter" mübarizə apara bilər".

Qol.Az saytına açıqlamasında bu sözləri "Turan" klubunun sabiq baş məşqçisi Əfqan Talıbov Topaz Prmeyer Liqanın hazırkı mərhələsini dəyərləndirərkən deyib.

Veteran futbolçu "Qəbələ", "Neftçi" və "Xəzər Lənkəran"ın çıxışlarını da ayrı-ayrılıqda qiymətləndirib: "Qəbələ" ilk dövrələrdə yaxşı çıxış edirdi. Xal ehtiyatları da kifayət qədər idi ki, bu mövsüm yüksək nəticə qazansınlar. Ancaq sonradan komanda uğursuz zolağa düşdü. Düzdü, qarşıda hələ 8 tur var. Ancaq hazırda itirilən hər üç xal "Qəbələ"ni mükafatçılar sırasından uzaqlaşdırır. Bununla belə komanda kubokda da mübarizəni davam etdirir. Çempionatda da ümidlərini itirməməlidir.

"Neftçi"nin avroliqaya düşmək şansı çoxdur. Artıq komanda özünə gəlib. İndi bizi maraqlı bir qarşılaşma gözləyir. Topaz Premyer Liqanın 32-ci turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Həmin görüş "Qarabağ"ın çempionluğunu təsdiqləməsi üçün yaxşı fürsətdir. Belə ki, "Qarabağ" bu tepdə davam etsə və həmin turda "Neftçi"yə qalib gəlsə, vaxtından əvvəl çempionluğunu rəsmiləşdirə bilər.  Düşünürdük ki, bu mövsüm  "Qəbələ" "Qarabağ"a müqavimət göstərəcək. Ancaq "Qarabağ" bütün görüşlərdə sona qədər üstünlüyü əlində saxlayır və baxımlı oyunla, inamlı qələbələrlə rəqibləri arasındakı xal fərqini qoruyur.

"Xəzər Lənkəran" əsasən kubok oyunlarına köklənib. Bu mövsüm klubun yaranmasının 10 illiyidir. Çalışacaqlar ki, var qüvvələrini kubok oyununa yönəltsinlər və yubileylərini təntənəli qeyd etsinlər. Yəqin ki, Mustafa Dənizli gələn mövsüm üçün komanda qurur".

Ə.Talıbov sonda azarkeşlərin stadiona gəlməməsindən təəssüfləndiyini bildirib: "Əfsuslar olsun ki, kifayət qədər maraqlı oyunlarımız olsa da, yenə də azarkeşləri stadionlarda görmürük. Futbolçular boş tribunalar önündə oynayır. Avropa ölkələrinin çempionatlarını izləyirəm, baxırsan ki, komandalar nə qədər qeyri-stabil çıxış etsələr də, hər oyunda tribunlar dolu olur. Bizdə isə azarkeş sarıdan problemlər qalmaqdadır".

Daha çox


Son xəbərlər