Rauf Əliyev: "Hakim onu dağ başına qaldırdı"

Rauf Əliyev: "Hakim onu dağ başına qaldırdı"
ÖLKƏ FUTBOLU 1 Aprel 2014 / 17:46 3469
-  A +

"Bakı" klubunun kapitanı Rauf Əliyev Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın 28-ci turunda "Simurq" üzərində qələbədən (2:1), oyunun hakimliyindən və növbəti turda "Neftçi" ilə qarşılaşacaqları oyundan danışıb.

- "Simurq"la oyunun 28-ci dəqiqəsində zədələndin və meydanı tərk etdin. Hazırda durumun nə yerdədir?

- Bir həftə əvvəl əzələm dartılmışdı. "Simurq"la oyunda isə zədəm təzələndi. Hazırda müalicə olunuram. Təxminən 10-15 gün həkim nəzarətində olmalıyam. Ən azı iki həftə meydana çıxa bilməyəcəm.

- Kubok oyununda "Rəvan"a uduzaraq mübarizəni dayandırdınız. Ancaq bundan sonra komanda toparlanıb ardıcıl qələblər qazandı. Son turda "Simurq"u məğlub etdiniz...

- "Rəvan"a məğlubiyyətdən sonra AZAL-la görüşdə vacib üç xal qazanmağı bacarmışdıq. Yəni komandada ab-hava normal idi. Hazırda avrokuboklara düşmək üçün bir neçə klub arasında gərgin mübarizə gedir. Biz də həmin komandalardanıq. Digər rəqiblərlə xal fərqimiz azdır. Ona görə də son turlar həddindən artıq gərgin oyunlar keçiririk. "Simurq"la qarşılaşma da hər iki komanda üçün çox vacib idi. Sevindirici haldır ki, AZAL-dan sonra "Simurq"u da məğlub etməyi bacardıq. Azlıqda qalsaq da, futbolçularımız sona qədər əzmlə mübarizə apardılar və qələbəni əldən vermədilər. Doğrudan da çempionatın indiki dövründə ardıcıl iki qələbə qazanmaq çox əhəmiyyətlidir. Ancaq əsas odur ki, bu uğurun ardı gəlsin. Bundan sonrakı görüşlərimiz daha həlledici olacaq.

- "Simurq"la oyunda meydandan qovulan komanda yoldaşın Vüqar Mustafayev AFFA İntizam Komitəsinin bugünkü iclasında üç oyunluq cəzalandırıldı. Komandanın kapitanı kimi bu məsələyə münasibətini bilmək istərdik.

- Həqiqətən hakim düzgün qərar vermədi. Həmin epizodda "Simurq"un futbolçusu Vüqara serb dilində söydü. Bizim komandanın isə yarısından çoxu bu dili bilir. Bildiyiniz kimi, "Bakı"da serblərin sayı çoxdur. Buna görə də oyunçumuz Vüqar söyüldüyünü başa düşdü və rəqibin cavabını verdi. Hakim isə bunu eşidən kimi Vüqarı meydandan qovdu. Mənə çox maraqlı gəldi ki, hakim niyə məhz bizim futbolçuya qırmızı vərəqə göstərdi.  Bu gün isə futbolçumuz üç oyunluq cəzalandırıldı. Məncə, bu, düzgün qərar deyil. Çox sərt qərar qəbul olunub.

- Düşünürsən ki,  hər iki futbolçuya qırmızı vərəqə verilməli idi?

- Əslində hər iki futbolçu bir-birini söyüb.  Hakim ya onların ikisinə də qırmızı vərəqə verməli idi, ya da heç birinə. Ancaq təəssüf ki, hakim serbi dağ başına qaldırdı, azərbaycanlını isə meydandan qovdu. Öz millətimizə qarşı belə haqsızlıq etmək düzgün deyil. Həqiqətən oyunun videoyazısına baxanda aşkar hiss olunur ki, "Simurq"un futbolçusu söyüş işlədir.

- Topaz Premyer Liqanın növbəti turunda səfərdə "Neftçi"nin qonağı olacaqsınız. Bir çox oyunçusunun yoxluğunda "Bakı" hansı nəticəyə köklənib?

- Demək olar ki, komandamızın 60 faizi bu görüşdə iştirak edə bilməyəcək. Xeyli zədəlimiz var. Ötən tur Namiq Ələsgərov yaxşı oyun göstərmişdi. Təəssüf ki, o da zədəlidir. Bundan başqa cəzalı futbolçularmız da var. Yəni hər mövqedə ciddi itkilərimiz var. Demək olar ki, komanda oyuna yarımçıq heyətlə çıxacaq. Ancaq yenə də inanıram ki, meydana çıxan futbolçular bizi layiqincə əvəz edəcəklər və "Neftçi" ilə səfər oyunundan üzüağ qayıdacaqlar.

- Artıq komandanız üçüncü pilləyə yüksəlib. İndi "Bakı"nın medallar uğrunda mübarizə şanslarını necə görürsən? İkinci yer uğrunda "Neftçi" ilə mübarizə apardığınızı demək olar? 

- Qarşıdakı oyunlarda çempionatın mənzərəsi xeyli dəyişə bilər. Çünki hələ bir dövrə də oynayacağıq. Yəni bütün rəqiblər bir-biri ilə qarşılaşacaq. Komandalar arasında xal fərqi də az olduğu üçün indidən nəsə demək çətindir.  Demək olar ki, "Qarabağ" özü üçün hər şeyi həll edib. Bu komandanın çempion olacağına şübhə qalmayıb. "Bakı", "Neftçi", "İnter" və "Qəbələ" isə avrokuboklar üçün mübarizə aparır. İlk pilləni tuta bilmirsənsə, ikinci və ya üçüncü pillənin o qədər də fərqi yoxdur. Bizim üçün avrokuboklara vəsiqə qazanmaq vacibdir, gümüş və ya bürünc medalın fərqi yoxdur.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə