Vaqif Sadıqov: "Bizə yalnız bir qələbə çatmır"

Vaqif Sadıqov: "Bizə yalnız bir qələbə çatmır"
ÖLKƏ FUTBOLU 13 Mart 2014 / 18:51 2049
-  A +

Topaz Premyer Liqada qış fasiləsinə qədər bir çox güclü komandalara qalib gələn, əzmkar oyunu ilə yadda qalan AZAL klubu üçüncü dövrədə keçirilmiş yeddi oyunun heç birində qələbə qazana bilməyib. Paytaxt təmsilçisinin baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına açıqlamasında komandasının hazırkı durumundan danışıb. O, AZAL-ın oyun sarıdan heç bir komandadan geri qalmadığını vurğulayıb:

"İnşallah oyun olan yerdə mütləq nəticə də olacaq. Bizə yalnız bir qələbə çatmır. Futbolçular da bunu yaxşı dərk edir. Bu gərginlikdən çıxacağımıza hamımız inanırıq. İstəməzdim ki, uğursuzluğumuza hansısa bir don geyindirim. Nə desəm də, hər halda nəticəmiz yoxdur. Deməli komandamız o qədər təkmilləşməyib ki, lazım olan nəticəni əldə edək. Hələ komandada bəzi işlər görülməlidir. Qarşıda 11 oyunumuz var. Hamısı da bir-birindən çətin".

Qeyd edək ki, AZAL cari mövsümdə 18-ci  tura qədər hücumçusuz mübarizə aparıb. V.Sadıqov bu problemin qismən həll olunduğunu bildirib: "Hesab edirəm ki, Nedo Turkoviçin komandaya gəlişindən sonra hücumda olan problemlərimiz bir qədər aradan qalxıb. İnanıram ki, bu hücumçu daha artığına nail olacaq. O, getdikcə komandaya, mühitə, Azərbaycana uyğunlaşır. Gündən-günə oyununda inkişaf olduğu görünür".

V.Sadıqov Topaz Premyer Liqanın növbəti turunda "Neftçi" ilə qarşılaşacaqları oyun haqda da danışıb: "Hər bir oyunda qələbə üçün çalışırıq. İndi isə qələbə bizə hava və su kimi lazımdır. Rəqibimizin  güclü və ya zəif olduğunu heç vaxt düşünmürük. Futbolçularımız meydana çıxıb, qələbə üçün sona qədər döyüşəcək. "Neftçi" güclü heyətə malikdir. Ancaq ikinci dövrədə bu komandaya qalib gələ bilmişiksə, niyə də bunu təkrarlamayaq? Maksimum irəli getməyə çalışacağıq. Ötən mövsüm 12 komanda arasında 7-ci yeri tutmuşuq. İndi isə daha güclü çempionatda iştirak edirik. Hələlik 7-ci pillədəyik. Ancaq çalışacağıq ki, imkan qədər öz petensialımızı ortaya qoyaq və məzmunlu oyunla nəticə qazanaq".

Xatırladaq ki, bazar günü "Neftçi" ilə qarşılaşacaq AZAL son qələbəsini 18-ci turda məhz "ağ-qaralar" üzərində qazanıb.     

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə