"Qarabağ" güclü olduğunu hər oyunda sübut edir"

"Qarabağ" güclü olduğunu hər oyunda sübut edir"
ÖLKƏ FUTBOLU 13 Mart 2014 / 16:17 3152
-  A +

"İnter" klubunun müdafiəçisi Ruslan Əmircanov Qol.Az saytına müsahibə verib. O, dünən "Neftçi"yə qarşı keçirilən kubok oyunundan və Topaz Premyer Liqanın növbəti turunda "Qarabağ"la baş tutacaq qarşılaşmadan danışıb.

- Əvvəlcə "Neftçi" ilə bərabərə qaldığınız (1:1) kubok oyunundan danışaq...

- Gözlənildiyi kimi çox maraqlı oyun alındı. Bizim üstünlüyümüz daha çox görünürdü. Qol epizodlarımız "Neftçi"dən çox idi. Bütün futbol ictimaiyyəti də bunu təsdiq edər ki, "Neftçi"dən birbaş üstün oynadıq. Ancaq təəssüflər olsun ki, Araz Abdullayevin uzaqdan vurduğu zərbədən sonra müdafiədə boşluq buraxdıq və Bahadır Nasimov qapımıza qol vurdu.    

- Rəqibdən birbaş üstün olduğunuzu dedin. Bəs qələbə üçün nə çatmırdı?

- Son nöqtəni qoya bilmədik. Düzdü, hər bir oyunda xeyli qol imkanları yarada bilirik. "Neftçi" ilə görüşdə isə daha çox fərlqlənmək imkanımız oldu. Hətta mən də bir epizodda yüzfaizli qol imkanından istifadə edə bilmədim. Qapıçı ilə üzbəüz qalsam da, topu göyə vurdum. Buna görə çox məyus oluram. Komandama qələbə bəxş edə bilərdim. Ancaq bu oyun dünəndə qaldı. Əsas odur ki, cavab oyununda lazım olan nəticəni əldə edək.

- Baş məşqçiniz Kaxaber Sxadadze oyununuzdan çox narazı görünürdü...

- O,  bizdən narazı deyildi. Ola bilər ki, hakimə əsəbiləşib.

- Qapınıza penalti təyin olunanda baş məşqçiniz etiraz əlaməti olaraq paltardəyişmə otağına yollandı. O, hakimə etiraz edirdi, yoxsa futbolçularına?

- Penalti epizodunun təkrarına baxanda görünür ki, oyunçumuz əli açıq şəkildə topa getmir. Həm də məsafə yarım metrdən artıq deyildi. Ancaq hakim Əliya Ağayev bildirdi ki, qapıya istiqamətlənən topu futbolçumuz əli ilə saxladığı üçün penalti təyin edib. Baş məşqçimiz isə hakimin qərarına etiraz olaraq paltardəyişmə otağına getdi. O, bizə nə deyəcək ki? Oyuna canımızı qoyurduq. Top adi oyun epizodunda müdafiəçimizin əlinə dəymişdi. Bu, hər birimizin başına gələ bilər. Buna görə məşqçilər bizə heç nə deməz.

- Hesabın 1:1 olması növbəti mərhələyə çıxmaq üçün "Neftçi"nin şansının daha çox olduğunu göstərir. Rəqibinizin məqsədinə çatdığını demək olar?

- "Neftçi"nin səfərdə qol vurduğu üçün bir qədər üstünlüyü var. Bu hesab "Neftçi"yə sərf edir. Bizim isə işimiz daha çətindir. Çünki cavab oyununda mütləq qol vurmalıyıq. Yaxud da məhsuldar heç-heçə etməliyik. Ancaq şansımızı itirməmişik. Çünki  məğlub olmamışıq. İlk görüşdəki kimi oynasaq, növbəti mərhələyə adlamaq olar. Ona görə də bütün futbolçularımız meydançada var qüvvəsini sərf etməlidir. Çünki "Neftçi" də öz meydanında əlinə düşən fürsəti qaçırmaq istəmir.

- Topaz Premyer Liqada növbəti oyununuz "Qarabağ"a qarşı olacaq. Yəqin ki, güclü rəqibə qarşı matçın hazırlıqlarına artıq başlamısınız.

- Bəli, istirahət etməmişik. Dünən "Neftçi" ilə qarşılaşmağımıza baxmayaraq, bu gün artıq "Qarabağ"la oyunun hazırlıqlarına start verdik.   "Qarabağ" hazırda turnir cədvəlinin şəriksiz lideridir. Bildiyiniz kimi rəqiblərindən aşkar üstünlüyü var. Bu komanda hazırda dağın zirvəsinə doğru irəliləyir. Yəni çox gözəl futbol nümayiş etdirirlər, güclü komanda olduqlarını hər oyunda sübut edirlər. Ona görə istirahət etmədən bu oyuna hazırlaşırıq. Çətin olsa da, doğma meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Ancaq üç ildir ki, "İnter" "Qarabağ"a qalib gələ bilmir...

- Bəli, bu mövsüm də hər iki oyunda "Qarabağ"a məğlub olmuşuq. Ancaq biz də zəif komanda deyilik.  Çalışacağıq ki, bizə lazım olan nəticəni əldə edək.

Ramiq AĞAMƏMMƏDOV 

 

 

Daha çox


Son xəbərlər