"Qurban Qurbanovun əməyinin bəhrəsini görürük"

"Qurban Qurbanovun əməyinin bəhrəsini görürük"
ÖLKƏ FUTBOLU 10 Mart 2014 / 17:48 3726
-  A +

"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az saytının suallarını cavablandırıb. O, Topaz Premyer Liqanın son turunda "Bakı"ya qalib gəldikləri (4:0) oyundan, ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə baş tutacaq qarşılaşmadan və komandasının çempionluq şanslarından danışıb.

- Topaz Premyer Liqanın 25-ci turunda "Bakı" üzərində qələbə qazandığınız oyun haqda fikirlərini bilmək istərdik...

- "Bakı"ya 4:0 hesabı ilə qalib gəlsək də, çox ağır oyun keçdi. Sadəcə bu dəfə əlimizə düşən imkanlardan maksimum yararlandıq. Çempionatda asan oyun yoxdur. "Bakı" isə bizim üçün çətin rəqiblərdən idi. Yəni mövsüm ərzində üç məğlubiyyətdən birini "Bakı"dan almışıq. Şükürlər olsun ki, həmin məğlubiyyətin əvəzini lazım olan şəkildə çıxa bildik. Ancaq qeyd etdiyim kimi heç də asan oyun olmadı.

- Oyun zamanı azarkeşlər bəzi şüarlar səsləndirərək sizdən beş qol istəyirdi. Sanki onlar da "Qarabağ"ın böyük hesabla qalib gələcəyinə inanırdı.

- Bəli, oyunun gedişində azarkeşlərimiz bizdən beş qol istəyirdi. Məncə, bunlar lazım deyil. Bu futboldur, biz də əlimizdən gələni meydançada edirik ki, ən yaxşı nəticə nədirsə, onu qazanaq. Azarkeşləri də başa düşmək lazımdır. İstəyirlər ki, komandaları daha çox qol vursun. Ancaq səbirli olmaq lazımdır. Əsas qələbədir. Bu gün bizim üçün rəqibi neçə top fərqi ilə məğlub etməyimiz vacib deyil. Azarkeşlərə də təşəkkür edirəm ki, bizi yaxşı dəstəklədilər.

- Düzdür, matçın favoriti "Qarabağ" hesab olunurdu. Ancaq "Bakı" son dövrlər həm oyunu, həm də nəticələri ilə adından söz etdirirdi. Hesabın 4:0 olacağını gözləyirdin?

- Qələbə qazanıb, rəqiblərlə xal fərqimizi artırmaq istəyirdik. "Bakı"nın isə necə komanda olduğu artıq hamıya bəllidir. Heç vaxt bu komanda üzərində asan qələbə qazana bilməmişik. Gözlənilən o idi ki, hər iki tərəf qələbə üçün çox çalışacaq. Çünki çempionatın elə bir dövrüdür ki, hər bir qələbənin böyük əhəmiyyəti var. Hesaba gəldiksə isə heç bir oyundan əvvəl nəinki hesabı, heç nəticəni də bilmək olmur. Yəni "Bakı"nın da bizə qalib gəlməsi gözlənilməz olmazdı.

- Artıq "Qarabağ" ən yaxın izləyicisi olan "Qəbələ"ni 9 xal qabaqlayır. Komandanızın vaxtından əvvəl çempion olmaq şansı varmı?

- Biz çalışırıq ki, arxayınlıq olmasın. Çünki 9 xal böyük fərq deyil. Əksinə daha da məsuliyyətli olmalıyıq. Qarşıdan gələn 11 tur daha çətin olacaq. Hələ heç nə həll olunmayıb.

- Bir məsələ də var ki, "Qarabağ" indiyədək çempionluğa bu qədər yaxın olmamışdı.

- Bəli, heç vaxt çempionluğa bu qədər yaxın olmamışıq. İndiyədək çempionatın ortalarında lider ola bilmirdik. Həmişə hansısa komandanı izləmişik. İndi Allaha şükür ki, əlimizə yaxşı fürsət düşüb. Çalışmalıyıq ki, üstünlüyümüzü qoruyaq. Artıq Qurban Qurbanov altı ildir ki, komandamıza rəhbərlik edir. Onun "Qarabağ"a gəlişindən sonra hər il oyunumuzda artım var. Bu il isə Qurban müəllimin əməyinin bəhrəsini görürük.

- İki gündən sonra ölkə kubokunun 1/4 finalında səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. "Bakı" ilə gərgin oyundan sonra bu matça köklənə bilirsiniz?

- "Qarabağ" elə komandadır ki, oyun tərzini heç vaxt pozmur. İstər kubok oyunu olsun, istərsə də, çempionat. Yaxud da rəqibin lider və ya autsayder olmağından asılı olmayaraq, eyni oyun üslubu ilə oynayırıq. İnşallah, kubok oyununda da sərfəli nəticə qazanmaq üçün hamı əlindən gələni edəcək.

- Uzun illərdir çempion olmayan "Qarabağ"ın bunun əvəzini "qızıl dubl"la çıxmaq kimi bir hədəfi var?

- "Qızıl dubl" haqda danışmaq bizim üçün tezdir. Təbii ki, istəyimiz budur. Ancaq futbolda sürprizlər də olur. Ona görə də indi başımızı aşağı salıb, oyunları düşünməliyik.

Ramiq AĞAMƏMMƏDOV

 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq