“Neftçi”, Qarabağı unutma!

“Neftçi”, Qarabağı unutma!
ÖLKƏ FUTBOLU 22 Avqust 2012 / 12:36 4058
-  A +

Sabah Azərbaycan futbolu üçün çox önəmli bir gün olacaq. Ölkə çempionu “Neftçi” Avropa Liqasının pley-off matçı çərçivəsində Cənubi Kiprin “Apoel” klubu ilə ilk matçına çıxacaq. Oyunun əhəmiyyəti haqqında əlavə nəsə deməyə ehtiyac görmürəm. Çünki futbolu az-çox anlayan hər bir azərbaycanlı futbolsevər bunu gözəl başa düşür. “Neftçi” Avropa Liqasının qrupuna düşmək üçün bu rəqibi keçməlidir. Bəli, çətindi, özü də çox-çox çətindi, amma mümkünsüz deyil.

Sabah hamımız bir nəfər kimi “Neftçi” ətrafında birləşməli, bu komandanı son saniyəyə qədər dəstəkləməliyik. Bütün bunlar öz yerində. Ancaq mənim toxunmaq istədiyim digər bir məsələ də var.

Sabah, yəni, 23 avqust tarixi həm də bizim üçün faciəli bir günün ildönümü olacaq. Düz, 19 il əvvəl, elə bu tarixdə Azərbaycanın, Qarabağın iki dilbər guşəsi olan Cəbrayılla, Füzulini itirdik. Düz 19 il bundan əvvəl, elə bu tarixdə erməni işğalçı ordusu Qarabağımızın daha iki bölgəsini işğal etdi, minlərlə insan yurduz, yuvasız qaldı, yüzlərlə həmyerlimiz həlak oldu. 19 il bundan əvvəl yaşanan bu faciəni unutmağa haqqımız yoxdur. Bunu unutsaq, o torpaqlar uğrunda şəhid olan, canından keçən oğullarımızın ruhu bizi bağışlamaz. Bəlkə də kimlərsə bu yazımı oxuyub başını, əlini yelləyəcək, kimlərsə “eee yenə başladılar da..” kimi reaksiyalar verəcək. Olsun. Bəlkə də həmin insanlar o dəhşətləri görmədiyindən bu gün Qarabağ, vətən, torpaq, bayraq haqqında söhbətlər onlara bayağı gəlir. Ancaq düşünürəm ki, ən azından mənim kimi o dəhşətləri görmüş, yaşamış birisinin bu cür tarixi faciələri unutmağa haqqı yoxdur. Çünki 1993-cü ilin 21 avqustunda, hələ 10 yaşım olarkən Cəbrayıl rayonunda qəhrəmanlıqla şəhid olmuş əsgərimizin meyitini basdırmağa aparmaq üçün tabut tapmayan əsgər yoldaşlarının meyiti tabut əvəzi qrad qutusuna qoyduqlarını gözümlə görmüşəm. Bu, 19 il əvvəl yaşanan faciədən kiçik bir epizod idi.

Həmişə deyirik ki, başımıza açılan faciələri, müsibətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bəzən isə dünya ictimaiyyətinin bu faciələrimizə laqeyd münasibətindən gileylənirik. Ancaq düşünümürük ki, axı biz özümüz, öz faciələrimizə laqeyd yanaşandan sonra avropalının nə vecinə?

Allahın qismətinə bax ki, ermənipərəst bir ölkənin komandasını məhz 23 avqust günü, özü də evdə qəbul edirik. Deməli, sabah həm qələbəmizlə rəqibə ağır zərbə vurmalıyıq, həm 1995-ci ildəki məğlubiyyətin revanşını almalıyıq, həm də başımıza açılan müsibətləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizə düşən şansdan istifadə etməliyik. Düzdür, başa düşürüm ki, oyundan öncə Cəbrayıl və Füzulinin işğalının ildönümünü 1 dəqiqəlik sükutla yad etmək üçün UEFA-dan icazə almaq asan başa gəlməyə bilər. Ancaq ən azından “Neftçi” rəhbərliyi buna cəhd etməlidir. Bu, alınmasa belə, komandamız mütləq meydançaya qolunda qara sarğı və əllərində pankartla çıxmalıdır. Çox yaxşı olar ki, azarkeşlərimiz də stadiona Qarabağ müsibətlərini özündə əks etdirən plakatlar gətirsinlər.

Oyun AzTV ilə peyk vasitəsilə bütün dünyaya canlı yayınlanacaq. Eyni zamanda, oyun ermənilərin kompakt yaşadığı Cənubi Kiprdə də göstəriləcək. Bundan başqa, 17 il bundan əvvəl Nukosiyada türk bayrağını yandıran azarkeşlər də sabah “Dalğa Arena”da matçı canlı izləyəcək. Deməli, tarixi faciəmizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizə gözəl fürsət düşüb. Gəlin, bu fürsəti boşa verməyək. Həmişə hər şeyi dövlətdən gözləmək lazım deyil. Bu işdə təşəbbüs göstərmək hər bir vətəndaşın borcudur. “Neftçi” klubunda kifayət qədər vətənpərvər, Azərbaycanı sevən insanların çalışmasına zərrə qədər də şübhəm yoxdur. İnanıram ki, klub rəhbərliyi sabahkı oyuna bu cəhətdən də hazırlaşacaq və tarixi faciəmizin ildönümünə biganə qalmayacaq.

Sonda bir daha deyirəm, 1993-cü il 23 avqust tarixində Azərbaycanın daha iki dilbər guşəsini, Cəbrayılı və Füzulini itirdik. Sabah həmin tarixi faciənin 19-cu il dönümüdür...

Anar XANLAROV

P.S.  2009-cu il 23 iyul. “Qarabağ” Ağdamın işğalının ildönümü günü Avropanın sayılıb seçilən klublarından olan “Rusenborq”u qəbul edirdi. Həmin gün bütün “Qarabağ”ın üzərində çox ağır yük, məsuliyyət var idi. Həmin gün uduzmaq olmazdı, amma rəqib də elə-belə komanda deyildi. Ancaq “Qarabağ” ağır sınaqdan üzüağ çıxdı. Allah “Neftçi”yə də belə bir şans verib. Necə deyərlər, “Neftçi” “Qarabağ”ı və Qarabağı unutma!

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu