İstefa, rekord, anti-rekord və qırılan tilsim

İstefa, rekord, anti-rekord və qırılan tilsim
ÖLKƏ FUTBOLU 21 Avqust 2012 / 10:38 3643
-  A +

Ötən həftə Azərbaycan Premyer Liqasında III turun oyunları keçirilib. Qol.Az ənənəvi olaraq, turun şərhini təqdim edir.

“Kəpəz” - AZAL - 0:2

Hələ ötən turun şərhini yazarkən də qeyd etmişdim ki, AZAL-la oyun “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov üçün son şans olmalıdır. Çünki növbəti məğlubiyyət fonunda yeganə çıxış yolu istefaya qalırdı. Elə hər şey də bu cür oldu. AZAL-a 0:2 hesablı məğlubiyyət İsmayılovun istefası ilə nəticələndi. Onu veteran futbolçu, qazandıqları çempionluqlarla rekordçu olan Mahmud Qurbanov əvəzlədi. İnanmaq istərdik ki, Mahmud məqşçi kimi də özünü sübut etməyi bacaracaq. Düzdür, “Kəpəz”in kifayət qədər problemi var. Ancaq düzgün məşqçi işi sayəsində, bir çox çatışmazlıqları aradan qaldırmaq olar. AZAL-a gəlincə, Vaqif Sadıqovun komandası iddiasını bir daha ortaya qoydu. Ancaq istənilən halda, hələ bu komandanın əsl gücü haqqında bir söz deyə bilmərik. Çünki “təyyarəçilər” hələ ki, iddialı klublarla üz-üzə gəlməyiblər.

“Simurq” - “Turan” - 3:0

İkinci turda evdə “Sumqayıt”a uduzan “Turan” Zaqataladan da başıaşağı döndü. Deyəsən, Tovuz klubunun əsl durumu yavaş-yavaş üzə çıxmağa başlayır. Baxmayaraq ki, komanda Zaqatalada 75 dəqiqə qapısını toxunulmaz saxlaya bilib. Ancaq fiziki hazırlığın aşağı səviyyədə olması böyükhesablı məğlubiyyəti qaçılmaz edib. Fikrimcə, “Turan”da nəyisə dəyişmək hazırkı vəziyyətdə mümkün deyil. Uzaqbaşı transfer pəncərəsi bağlanana kimi, bir neçə futbolçu almaq olar. Ancaq çətin ki, bu da vəziyyəti dəyişsin. Prinsipcə, heç səviyyəli futbolçu da gəlib “Turan”da oynamaz. Normal sponsor tapılmasa, gedişat bu cür də davam edəcək. “Simurq” isə turdan-tura daha yaxşı çıxış edir. “Qəbələ” və “Bakı” kimi iddialı komandaları büdrədən zaqatalalılar mövsümdə ilk qələbələrini qazanmaqla, turnir cədvəlində 3-cü pilləyə yüksəldilər.

“Rəvan” - “Bakı” - 1:1

Əminliklə demək olar ki, hər iki komanda hələ də ümidləri doğrultmur. “Rəvan” rəhbərliyi mövsüm öncəsi iddialı açıqlama verərək ilk “altılığ” uğrunda oynayacaqlarını demişdi. Elə eks “Qalatasaray”lı Cavad Güləri komandanın başına gətirməklə də iddialarını ortaya qoymaq istədilər. Ancaq geridə qalan 3 turda “Rəvan” cəmi 2 xal qazanıb, rəqib qapılarına 3 top vurduğu halda öz qapısından 5 top buraxıb. Bu isə onu göstərir ki, bu gedişlə “qırmızı-sarılar”ın işi çətin olacaq. “Bakı” isə, ümumiyyətlə, insanda məyusluq yaradır. Qarşısına çempionluq məqsədi qoyan komanda bu gün “Simurq”u, “Rəvan”ı məğlub edə bilmirsə, o zaman hansı çempionluqdan danışmaq olar? Ötən dəfə dediyim fikirlərimi təkrarlayaraq deyim ki, hələ Bandoviçin fəaliyyətinə qiymət verməyə tələsmirəm və bu haqda 5-6 turdan sonra danışacağam. Ancaq gedişat mənfidi.

“Sumqayıt” - “Qarabağ” - 1:6

Turun və hələ ki, mövsümün ilk ən böyükhesablı darmadağını Sumqayıtda qeydə alındı. Bu oyunda həm də bir sıra rekordlar qırıldı. Rəşad Sadıqov “Qarabağ”ın 800-cü qolunu vurdu. Namiq Yusifov isə Ağdam klubunun heyətində ilk qoluna imza atdı. “Sumqayıt" tarixinin ən böyükhesablı məğlubiyyətini yaşadı. Oyunu canlı izlədiyimdən deyə bilərəm ki, qırılma nöqtəsi hesab 0:1 olarkən “Sumqayıt”ın qapısına təyin olunan penalti və müdafiəçi Aftandil Hacıyevin birbaşa qırmızı vərəqə ilə meydançadan qovulması oldu. Baş hakim Elçin Məmmədov penaltini düzgün təyin etsə də, qırmızı vərəqə qat-qat ağır qərar oldu. Bəlkə buna görədir ki, o, ilk hissənin sonunda Qara Qarayevə də ikinci sarı vərəqəni göstərərək komandaların say fərqini bərpa etdi. “Qarabağ”ın qələbəsi məntiqli idi və bu haqda əlavə şərhə ehtiyac yoxdu. Sadəcə, bir neçə kəlmə “Sumqayıt” haqda demək istəyirəm. Bəli, bu komandanın qurduğu strategiya, gələcəyə hesablanmış planları çox gözəldi. Ancaq Bernhard Raab bu komandaya görə deyil. Bu cür möhtəşəm lahiyəni Almaniya III divizionunda köməkçi məşqçi işləmiş birinə həvalə etmək doğru deyil. Raab məşqçi kimi “potensialını” ötən mövsüm ortaya qoydu. “Qarabağ”la oyun bir daha sübut etdi ki, bu məşqçi postundan getməlidir. Bəli, 10 nəfərlə “Qarabağ” kimi komandaya qarşı mübarizə aparmaq çətindi. Ancaq məşqçinin də böyüklüyü odur ki, bu cür vəziyyətlərdən çıxa bilsin. Əgər Raab güclü məşqçi olsaydı, o zaman onun komandası “Qarabağ”a 1:6 yox, 1:2 uduzardı. Raab alternativ kim ola bilər? Şəxsən mən Arif Əsədəovu təklif edərdim. İlk növbədə sumqayıtlıdır, futbolçu ikimi uğurları hamıya məlumdur, məşqçi kimi də Azərbaycan çempionu olub, PRO kateqoriyasına sahibdi. Məncə, bu sadalananlardan sonra azacıq da olsa futbol anlayışı olan şəxs Raabla Əsədovu müqayisə etməyin gülünc olmasını anlayar.

“Neftçi” - “Qəbələ” - 3:0

Bəlkə də çoxları üçün “Qəbələ”nin “Neftçi”yə bu cür hesabla məğlubiyyəti gözlənilməz ola bilər. Ancaq şəxsən mənim üçün burada gözlənilməz heç nə olmadı. Baxmayaraq ki, “Neftçi”nin özündə də yetərincə problem var, amma onlar hazırkı vəziyyətdə “Qəbələ”dən daha hazırlıqlıdır. Ötən turun şərhində “Qəbələ” - “İnter” oyunu haqda danışarkən Qəbələ klubunun müdafiə xəttindəki boşluqları xüsusi qabardaraq, baş məşqçinin ciddi tədbir görməli olduğunu vurğulamışdım. Ancaq deyəsən, Kavlak heç bir boşluq üzərində işləməyib. Nəticəsi göz önündədir. Oyunu izləyənlər də “Qəbələ” müdafiəsinin bərbad oyununu və uşaq səhvindən sonra buraxılan qolları gördü. Mən açıq danışmaq istəyirəm. “Qəbələ” klubuna, rəhbərliyinə böyük hörmətim var, futbolumuzun gələcəyi üçün çox super işlər görürlər və bunu ikiəlli dəstəkləyirəm. Ancaq Fatih Kavlak “Qəbələ” səviyyəsində məşqçi deyil və bu komanda bu məşqçi ilə heç bir uğur qazana bilməyəcək. Bu, mənim şəxsi fikrimdi. Çünki qarşısına çempionluq məqsədi qoyan klub nə futbolçu, nə də məşqçi kimi heç bir uğuru olmayan birisinə baş məqşçi postunu tapşırmamalıdır. Bunu da açıq deyəcəm və istəmirəm kimsə incisin. Bu gün özümüzün PRO kateqoriyalı məqşçilərimiz işsiz qala-qala Kavlak kimi məşqçilərin Azərbaycanın iddialı klublarının başında dayanmasını qəbul edə bilmirəm.

“İnter” - “Xəzər Lənkəran” - 0:0

Turun mərkəzi görüşündə qalib müəyyən olunmadı. Prinsipcə, səfərdə qazanılan 1 xal “Xəzər Lənkəran”a daha çox sərf edir. “İnter” isə III turdan sonra cəmi 2 xal qazanmaqla azarkeşlərini növbəti dəfə üzdü. Bu klub haqqında da fikirlərimi demişəm və təkrar etmək istəmirəm. “İnter”də köklü dəyişiklik lazımdır. İndiki heyətin potensialı artıq tükənib və bu mövsüm “İnter”dən ciddi uğur gözləməyə dəyməz.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq