BBC-nin iddiaları necə puç oldu?

BBC-nin iddiaları necə puç oldu?
GÜNDƏM 15 Avqust 2012 / 14:10 3007
-  A +

Londonda Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının göstərdiyi nəticələr ölkə idmanının tarixinə yeni rekordlarla düşdü. İki qızıl, iki gümüş və altı bürünc medal qazanan Azərbaycan komanda hesabında 204 ölkə arasında 30-cu, Avropa dövlətləri arasında isə 14-cü yeri tutdu. Bu, 1996-cı il (1992-ci il olimpiadasında Azərbaycan MDB yığmasının tərkibində iştirak edib) Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi qatılan, yəni cəmi dördüncü dəfədir bu turnirdə iştirak edən Azərbaycan üçün böyük uğur sayılmalıdır.  

AZƏRBAYCAN BRİTANİYA, RUSİYA VƏ KOREYANI GERİDƏ QOYDU 

Bu yerdə diqqətinizi daha bir fakta cəlb etmək istərdik. Məlumdur ki, Azərbaycan tarixində ilk dəfə London olimpiadasında daha çox idmançıyla – 53 nəfərlə qatılmışdı. 53 idmançımızdan isə, yuxarıda qeyd etdiyimiz kimi, 10 nəfəri medal qazanıb ki, bu da ümumi nəticədə 18,9 faiz deməkdir. Əgər idmançılarımızı sayı daha çox olsaydı, təbii ki, medalların sayı bundan artıq da ola bilərdi. Qeyd edək ki, faiz göstəricisinə görə, Azərbaycan “London-2012”ni ilk beşlikdə başa vuran və bizdən xeyli sayda artıq atletlə yarışlara qatılan üç ölkəni – Britaniya, Rusiya və Koreyanı geridə qoyub.

3. Britaniya – 564 idmançı, 65 medal (11,5 faiz)
4. Rusiya – 438 idmançı, 82 medal (18, 7 faiz)
5. Koreya – 238 idmançı, 28 medal (11,8 faiz) 

İndi bizdən geridə olan və olimpiadaya Azərbaycandan daha artıq idmançıyla qatılan iki ölkənin göstəricisinə baxaq: 

31. Türkiyə – 114 idmançı, 5 medal (4, 4 faiz)
32. İsveçrə – 106 idmançı, 4 medal (3,8 faiz)

Və nəhayət, Azərbaycanla eyni sırada – 30-cu yerdə olan Polşanın göstəricisinə baxaq:

221 idmançı, 10 medal (4,5 faiz).

Bu statistik göstəriciləri xatırlatmaqla onu qeyd etmək istəyirdik ki, olimpiadada hələ ilk addımlarını atan Azərbaycan bu nəhəng yarışa elə yarandığı ilk gündən qatılan, yəni bizdən daha çox təcrübəsi olan bir çox nəhəng ölkələri belə ya medal sayında, ya da faiz göstəricisində geridə qoya bilib.

Azərbaycan idmançıları daha çox medal qazana bilərdilərmi? Cavab birmənalıdır: bəli. Əlbəttə, bu məsələdə müəyyən idmançılarımızın təcrübəsizliyi, bəzilərinin yaşlanması, bəzilərinin arxayınçılığı, bəzilərinin də keçmiş uğurlardan başının gicəllənməsi və rəqibinə yuxarıdan aşağı baxması (məsələn, cüdoçu Elnur Məmmədli kimi) medalların sayının daha çox olmasını əngəllədi. Amma elə idmançılarımız da vardı ki, medal qazansalar da, şəxsən özləri göstərdikləri nəticələrindən narazı qaldılar. Məsələn, Yunan-Roma güləşçisi Rövşən Bayramovun finaldakı uğursuzluğunu bəxtsizliklə də əlaqələndirmək mümkündür. Amma olimpiadada elə idmançılarımız da oldu ki, onlar nəinki bu yarış başlayandan, hələ bir il öncədən üzərlərində psixoloji təzyiq hiss edirdilər. Boksçularımızdan söhbət gedir. 

YENƏ BBC... 

Çoxlarının yadındadır: bir il əvvəl Bakıda keçirilən boks üzrə dünya çempionatı zamanı dünyanın ən ciddi media quruluşlarından sayılan BBC telekanalı ortaya belə bir iddia atdı ki, Azərbaycan Boks Federasiyası (ABB) London olimpiadasında iki qızıl medal qazanmaq üçün 9 milyon dollar rüşvət verib. Bu, bütün səviyyələrdə – istər ABB, istərsə də AİBA – Beynəlxalq Həvəskar Boks Federasiyasının rəhbərliyi tərəfindən təkzib edilsə də, BBC əsassız iddialarını davam etdirdi. Etiraf edək ki, ölkəmizin özündə də BBC-nin bu küyünə gedənlər az olmadı. Xüsusən bu, Azərbaycan Boks Federasiyasına prezidentlik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqda hər gün müxtəlif uydurmalar qoşan, şayiələr yayanlar üçün göydəndüşmə bir fürsət oldu. Az qala hər gün təmsil etdikləri qəzetlərdə, sosial şəbəkələrdə Kəmaləddin Heydərovun işgüzar nüfuzuna zərbə vurmaq üçün  “Boks Federasiyası olimpiadada iki qızıl medal alıb” kimi heç bir əsaslı fakta söykənməyən, qeyri-peşəkar fikir səsləndirənlər əslində bütün bunlarla həm də yeni yetişməkdə olan istedadlı idmançılarımızı ruhdan salır, onlara mənəvi zərbə endirirdilər. Məsələn, bu, 19 yaşı hələ beş ay sonra tamam olacaq Teymur Məmmədova aiddir. Onun olimpiadadakı hər qələbəsindən sonra da idmandan zərrə qədər anlayışı olmayanlar anormal fikirlərini davam etdirirdilər: “Teymurun qızılı indidən hazırdır”. 

Teymur yarımfinala qədər gəldi, burada özündən 11 yaş böyük olab təcrübəli İtaliya boksçusu Russo Klementeyə... uduzmadı, uduzduruldu. Halbuki Teymur birinci və ikinci raundlarda bu idmançıdan açıq-aşkar üstün idi. Xüsusən ikinci raunda Teymur təcrübəli rəqibini düz iki dəfə nokdauna salmağı bacarmışdı. Bəs necə oldu ki, guya Azərbaycan Boks Federasiyası tərəfindən ələ alınmış hakimlər məhz elə gəmin döyüşdə Teymurun halal qələbəsini əlindən alıb Klementeyə verdilər? Niyə təkcə elə ikinci raunndakı fəallığına, ardı-arası kəsilməyən zərbələrinə görə Teymurun əməyi haqq etdiyi 8-9 xalla yox, cəmi 6 xalla qiymətləndirildi? Hakim doğrudan da ələ alınmışdısa, niyə bəs onda idmançımızın finala gedən yolunun qarşısı alındı?

Teymurun rəqibi ümumi nəticədə (15:13) qalib elan olundu. Buna ilk etiraz elə boksçunun özündən gəldi. Döyüşdən sonra azərbaycanlı jurnalistlərə açıqlamasında Teymur dedi: “Mən yarımfinalda italiyalı Klemente Russoya qalib gəlmişəm. Əsasən də ikiinci raundda rəqibimdən açıq-aşkar üstün idim. Həmin raundda onu iki dəfə nokdauna saldım. Ancaq hakimlər zərbələrimi düzgün qeydə almadıqlarından həmin raunddan sonra yalnız 6:4 hesabı ilə öndə olduğumu bildirdilər. Başqa sözlə, hakim ədalətsizliyinin növbəti qurbanı mən oldum. Döyüşdən sonra həm hakimlərə, həm də Russoya etirazımı bildirdim. Hətta italiyalı boksçu paltardəyişmə otağında mənə yaxınlaşaraq dedi ki, “bilirəm, sən qalib gəlmisən, lakin bir məqamı unutma, bu, mənim son olimpiadamdır, sənin gələcəyin isə qabaqdadır”.

Elə həmin gün gecə BBC-nin və ona qoşulan Azərbaycanın müxalif mediasının iddialarını növbəti dəfə alt-üst edən, Azərbaycanın boks azarkeşlərinin isə məyusluğuna səbəb olan ikinci hadisə baş verdi. Olimpiadanın yarımfinalına vəsiqə qazanan boksçumuz Məhəmmədrəsul Məcidov burada gərgin keçən döyüşdə məğlub elan edildi. Yeri gəlmişkən, Teymur Məmmədovda olduğu kimi, M.Məcidovun da rəqibi italiyalı idi.  Roberto Kammarelləyə qarşı döyüşün necə gərgin keçdiyi elə hesabda da əksini tapdı: 12:13. 

Azərbaycan Boks Federasiyası məhz bu döyüşdən sonra rəsmi protest verdi. 

Həmin döyüşdən sonra baş verənlərin canlı şahidi olan azərbaycanlı jurnalistlərin sözlərinə görə, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bununla Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Çinq-Kuo Vuya kəskin etirazını bildirib. Heydərov olimpiadada hakimlərin Azərbaycan boksçularına qarşı bir qayda olaraq ədalətsiz mövqe tutmalarından narazılığını büruzə verib. O təkcə Məhəmmədrəsul Məcidov deyil, yarımfinalda çıxışını dayandıran digər təmsilçimiz Teymur Məmmədovun da bilərəkdən uduzdurulmasını AIBA prezidentinin nəzərinə çatdırıb və bütün bunlarla bağlı lazımi tədbir görülməsinin vacibliyini bildirib.

Öz növbəsində Çinq-Kuo Vu məsuliyyəti üzərindən ataraq hakimlərin işinə müdaxilə edə bilmədiyini deyib. Buna baxmayaraq Azərbaycan Boks Federasiyasının prezidenti əsaslı etirazını davam etdirib: “Necə olur ki, Azərbaycan idmançısının nəticəsi sonradan ləğv olunur, onun rəqibinə qalibiyyət verilir, lakin bu gün hamının gözü qarşısında boksçularımıza qarşı qeyri-obyektiv qərarlar verən hakimlərin işinə müdaxilə etmək müşkülə çevrilir?”.

Təbii ki, AIBA rəhbəri bu suala cavab verməyə çətinlik çəkib. Bəli, hər iki boksçumuz məhz italiyalı rəqibləri ilə görüşdən sonra mübarizəni dayandırdı, bizimkilərin narazılığı da məhz buradan yarandı. Amma Azərbaycanın etirazları qəbul olunmadı. İtaliya, oyun-alqı satqılarında, hakimləri ələ almaq üzrə “ixtisaslaşmış” İtaliya qalib elan edildi.  Amma BBC-nin, onunla həmrəy olan Azərbaycanın bəzi müxalifət dairələrinin əvvəldən heç bir əsası olmayan iddiaları da puç oldu.  

ELNUR,
"525-ci qəzet"

Daha çox


Son xəbərlər