– İçirmi?
– İçir.
– Çəkirmi?
– Çəkir.
– Arvadını döyürmü?
– Arvadı nədir, hələ qayınanasını da!
– Menecerini də vurub, deyirlər.
– Meneceri kələk gəlibmiş. Gedib ofisə, çənəsinə birini ilişdirib.
– Bəs niyə insanlar onu bu qədər sevirlər?
– Hə, qəribədir, çox sevirlər. Məğlub olduğu boksçulardan da çox...
Futbolla təzə tanış olduğum uşaqlıq illəri...
Hamının azarkeşlik etdiyi kluba yox, onun rəqibinə tərəf durmaq əlahiddə bir həyəcan verirdi mənə. Yoldaşlarımdan fərqlənmək, heç kimin bilmədiyini bilmək kimi çocuqca istəklərim vardı onda.
Evdəkilərin, məhəllə uşaqlarının sevimli komandaları “Real-Madrid”, “İnter”, “Bayern”, “Mançester Yunayted” kimi nəhəngləridisə, mən həmin nəhənglərin qabağına çıxan ortabablardan yana olurdum. Ara-sıra mən deyən də olurdu bu dünyada. Məsələn, bir dəfə “Fənərbağça” “Old Trafford”da “Mançester Yunayted”i məğlub etmişdi. Çox sevinmişdim onda. “Sevimli ortabablar”ım qalib gələndə, bu qələbənin həyatımızdakı başqa olaylara da təsir edəcəyini düşünürdüm. Saf-saf xəyallar qurur, “Fənərbağça” “Mançester Yunayted”ə qalib gəldi, deməli, qardaşım bu il universitetə daxil olacaq, atam yaxşı işə düzələcək, dərslərim qaydasına düşəcək,” – deyə ümidlənirdim.
Bir dəfə Türkiyə Hollandiya yığmasına 1- 0 qalib gəlmişdi. (Onda türk futbolu təzə-təzə dirçəlirdi). Səhəri dərsə gedəndə elə bildim, sevdiyim qız mənə “hə” deyəcək. Ondan pis üz görəndə: “Axı, axşam türklər uddular, sən niyə belə eliyirsən?” – deməkdən güclə saxlamışdım özümü.
Allahdan gizli deyil, sizdən də gizli olmasın, mən bu duyğunu bu yaşımda da ara-sıra təzələyirəm. 2008-ci ilin Avropa Çempionatında Türkiyə Xorvatiyaya qalib gəldiyi oyunun sonunda gözümün sevinc yaşlarını silə-silə dostuma demişdim:
– Qaqa, and olsun Allaha, biz Qarabağı alacağıq!
* * *
Mayk Tayson dünyada ən çox sevdiyim boksçu idi. Çünki onun bədbəxt adam olduğunu düşünürdüm.
* * *
“Uşaqlıqda göyərçin saxlayırdım. Göyərçinlər dəhşətli və ümidsiz reallıqdan qaçmağa kömək edirdilər. Kök və hərəkətsiz uşaq olmuşam. Oğlanlar həmişə pulumu əlimdən alır, məni təhqir edirdilər. Bir gün quşlarımdan birinin başını üzdülər və mən dəliyə döndüm”.
1991-ci ilə qədər keçirdiyi 36 matçın hamısından qalib ayrılan Tayson həmin il ilk dəfə məğlub olur. Mətbuatda onu göylərə qaldıran jurnalistlər yerdən-yerə vururlar, ətrafında olan dostlar Maykdan səssizcə qırılırlar. Bu arada, o həm də sevdiyi qadınla sorunlar yaşayırdı... Və, beləliklə, başı üzülmüş göyərçinin çırpınan bədəni Maykın zədəli uşaqlıq yaddaşının ürkək pərdələrini yırtıb üzə çıxır. Zəncirvari nadincliklər başlayır; Amerika gözəllik yarışmasının qalibini zorlamaq, gecə barlarında nəzarətçiləri vurub aşırmaq, kokaindan asılılıq, menecerini xosunvay eləmək, arvadını döymək, hətta qayınanasına belə əl qaldırmaq:
“Birinci arvadım aktrisa idi. Onu çox sevirdim. Ancaq bir gün ayıldım ki, onun mənə məhəbbəti yoxdur, sadəcə, anası ilə birləşib pullarımı xərcləyirlər. İkisini də döydüm”.
* * *
Taysonun meneceri ilə münasibətləri “Koroğlu” dastanını, Koroğlu ilə Keçəl Həmzənin “dostluğ”unu xatırladır. Koroğlu Keçəl Həmzənin namərdlik edəcəyini ağlının ucundan belə keçirmirdi.
Ol səbəbdən də Həmzə Qıratı qaçırıban kitabında namərdlik yazmayan Koroğlunu aldada bilmişdi.
“Menecerimin pulu öz adına keçirmək istədiyini eşidəndə dəliyə döndüm. Bunu heç vaxt ağlıma gətirməzdim. Axı biz uzun illər idi birlikdə işləyirdik. Məsələni öyrənən kimi ofisə getdim və onu döydüm”. Yəqin bu əhvalatı eşidənlər: “Mayk başını itirib, işlərini aparan adama əl qaldırır,” – deyirmişlər.
* * *
1997-ci ildə döyüş zamanı rəqibi Evander Hollifildin qulağını dişlədiyinə görə diskvalifikasiya edilir. Dəfələrlə rinqə qayıdıb əvvəlki döyüş bacarığını bərpa etmək istəsə də, heç nə alınmır. Dəmir Mayk Lennoks Lyuisə, Denni Vilyamsa və nəhayət, sonda Mak Bredə məğlub olur. Sonuncu məğlubiyyəti barədə mətbuata deyirdi: “Daha döyüşmək istəmirəm. Rinqə çıxmağımın səbəbi borclarımdır. Çoxlu borcum var. Ona görə döyüşməyə razı oldum. Bu gün boksla vidalaşıram”.
Beləliklə, Mayk Tayson erası bitir. Bəşəriyyət Dəmir Mayka da qalib gələ bilir. Bu işlərdə onun böyük təcrübəsi var. Bundan əvvəl Maradona, Corc Best, Banişevski məğlub edilmişdi.
* * *
Qızı Eksodusun müsibəti də onu silkələyir.
“O, dörd yaşında bədbəxt hadisə nəticəsində öldü. Evimizdəki məftillərin içində dolaşıb, boğulmuşdu. Həkimlər heç nə edə bilmədilər. Bu hadisədən sonra iki yolum vardı. Ya küçəyə çıxıb kimisə öldürməli, ya da yeni həyata başlamalı idim. Mən ikincini seçdim. Çünki yerdə qalan səkkiz uşağım mənimlə nəfəs alır. Qızımın ruhunu şad etmək üçün yaşamalı idim”.
* * *
Onun barəsində bir sənədli film var. Filmin sonunda indiki ailəsi ilə birlikdə dəniz kənarına, gəzintiyə çıxır. Pələng Mayk qızı ilə oynayanda pişiyə dönür. Cuppulu, qapqara Liza zərif əllərini düyünləyib atasına yumruqcuq vurur. Pah! Qəhrəmanımız bir teatr açır ki, gəl görəsən. Arxası üstə yerə yıxılır, kor-kobud səsi ilə guya qışqırır:
– Liza çempioooon!, Liza çempioooon! Liza çempioooon!
O nəhəngliyində adamı – atasını yerlərdə sürünən görən Liza uğunur, böyük sevinclə atılıb-düşür.
Filmin sonunda Mayk dənizə baxır. Lap bizim şairlər kimi. “Kimdir şair?” – düşünürəm. Qələm yoldaşının səsini diktofona yazan bizimkilər, yoxsa aldanışların adamı, zəmanəmizin “Don Kixot”u Dəmir Mayk?
Taysonun səsi gəlir:
“Səkkiz uşağım var. Lakin düşünürəm ki, heç vaxt yaxşı ata olmamışam. Duman içində yaşamışam. “Dəmir Mayk” olan vaxtlarımda xoşbəxtliyin nə olduğunu bilmirdim. İndi ailəmi xoşbəxt etmək istəyirəm. Mən sizin tanıdığınız Mayk deyiləm.
Şübhəsiz, mən daha yaxşı adamam”.
* * *
Etimad Başkeçid deyir:
– Dostum, tüm dünyanın qaranlıqları,
Yığılsa, bir mumun vecinə gəlməz.
Yüz türlü söz söylər yüz türlü xiyar,
Yenilən pəhləvan savaşa doymaz.
* * *
Biz həmişə səninləyik, Mayk!
Mövlud MÖVLUD
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video
Arda Güler üzr istədi
"Barselona" Salahdan imtina etdi
Rəqibləri Azərbaycan millisidir - Rusiya açıqladı
Milli Məclisdə millimizin uğursuzluğundan danışıldı
Misli Premyer Liqasında 14-cü turun hakimləri
Millimizə 4 qol vuran futbolçu nə dedi?
Rusiya millisi Uruqvayla qarşılaşacaq