Azərbaycan yığmasının növbəti rəqibi başsız qaldı

Azərbaycan yığmasının növbəti rəqibi başsız qaldı
DÜNYA FUTBOLU 19 İyun 2011 / 08:38 2860
-  A +

Makedoniya milli komandası avqustun 10-da Azərbaycan yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq görüşünə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Qol.Az-ın məlumatına görə, Mirsad Yonuz Avro-2012-nin seçmə mərhələsində qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilib.

Bu qərar Makedoniya Futbol Federasiyası İcraiyyə Komitəsinin iclasında çıxarılıb. Yığmanın seçmə tsikldə göstərdiyi nəticələrə əsasən, Yonuzun istefasına dair yekdil mövqeyə gəlinib. 

Mirsad Yonuz Makedoniya yığmasına 2009-cu ildə baş məşqçi təyin olunub. O, sloveniyalı mütəxəssis Sreçko Katanetsi əvəzləyib. Yonuz bunadək 6 il Makedoniyanın gənclər yığmasına rəhbərlik edib. Avro-2012-nin seçmə matçında Makedoniyanın öz meydançasında İrlandiyaya 0:2 hesablı məğlubiyyəti 49 yaşlı mütəxəssisin əsas yığmadan istefası ilə nəticələnib.

Bu, millinin ardıcıl 3-cü, seçmə tsikldə isə 4-cü məğlubiyyəti olub. Finişə 4 tur qalmış Makedoniya B qrupunda 6 komanda arasında 5-ci pilləyə enib. Yonuzu əvəzləməyə mümkün namizədlər açıqlanmır. Onların arasında "Bakı" və "Simurq"un sabiq baş məşqçisi Qyoko Haciyevskinin də olduğu güman edilir. Yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin növbəti iclasında müəyyənləşəcək. 

Qeyd edək ki, Makedoniya millisinin futbolçuları arasında "Neftçi"də çıxış edən İqor Mitreski və Slavço Georgiyevski, eləcə də Bakı "İnter"indən ayrılan Filip Despotovski də var. Azərbaycan yığması növbəti görüşünü Makedoniyaya qarşı keçirəcək.             

Son xəbərlər