"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə keçiriləcək qarşılaşmadan öncə jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, klub rəhbəri "Qarabağ"ın hazırda Avropanın ən güclü 24 komandası sırasında olmasını "möcüzə" adlandırıb:
"Bu gün harada olduğumuzu düzgün qiymətləndirməliyik. Avropanın yüksək liqalarında çıxış edən 850 klub var və onların böyük əksəriyyətinin büdcəsi bizimkindən qat-qat yüksəkdir. Hətta II Liqa komandalarına baxsaq belə, bir çoxunun maliyyə imkanları bizdən üstündür. Amma reallıq budur ki, təxminən 2000–2500 klubun içində ilk 24-lükdəyik. Bu, sözün əsl mənasında möcüzədir və hər birimizdə qürur, özünəinam hissi formalaşdırmalıdır.
“Qarabağ” son dövrlərdə həddindən artıq gərgin qrafikdə çıxış edib. İki dəfə Şamaxıda süni örtükdə, Qubada isə ağır meydança şəraitində oyun keçirmişik. Fiziki yorğunluq qaçılmazdır. Amma baş məşqçi Qurban Qurbanovun da vurğuladığı kimi, “Qarabağ”da motivasiya hər zaman ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın əhəmiyyətini hamımız anlayırıq və inanıram ki, futbolçularımız özlərində ilahi bir güc tapacaqlar.
“Qarabağ” “Ayntraxt”la oyunda 65-ci dəqiqədən sonra təzyiqi artıraraq qələbə qazanmağı bacarmışdı. Bu, komandanın xarakterini göstərən məqam idi. Ümid edirəm ki, sabah da eyni ruhu görəcəyik.
“Nyukasl” İngiltərənin fiziki cəhətdən ən güclü komandalarından biridir. Təxminən 1 milyard dollarlıq büdcəyə malikdir və maliyyə baxımından bizdən dəfələrlə üstündür. Amma onlar qarşılarında yenə də inamlı, qorxmadan hücum futbolu oynayan bir “Qarabağ” görəcəklər.
Nəticənin necə olacağını zaman göstərəcək. Əsas arzum odur ki, meydanda göstərdiyi oyunla xalqın alqışını qazanan bir “Qarabağ” izləyək. Bu səviyyəyə baş məşqçimiz Qurban Qurbanovun, futbolçularımızın əzmi, Prezident İlham Əliyevin və xalqımızın dəstəyi sayəsində gəlib çatmışıq.
Sabah hamımız “Qarabağ”ın yanında olaq. İnşallah, xalqımızı sevindirmək yenə də bizə qismət olar".
Tahir Gözel Premyer Liqadakı rəqabətə və infrastruktur problemlərinə də toxunub. O, "Sabah" və "Neftçi"nin gücləndiyini etiraf edərək daxili çempionatdakı gərginliyin Avropa oyunlarına təsir etdiyini gizlətməyib:
"Əgər "Qarabağ"ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlar futbolçularımız üçün çox ağırdır. Üç gündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. "Sabah"ın özü də bir möcüzədir, möhtəşəm komanda qurublar. "Neftçi" də həmçinin. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur mütləq yaxşılaşdırılmalıdır. 3-4 il ərzində "Qarabağ"ın çox yaxşı infrastrukturu olmalıdır. Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir".
Gələcək planlardan danışan prezident Çempionlar Liqasından əldə olunan gəlirlər sayəsində büdcənin artacağını və yeni transferlər üçün bazarda olduqlarını qeyd edib:
"Əlbəttə, büdcə artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq, hər mövqe üçün futbolçu axtarırıq. Keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik".
Sonda Tahir Gözel "Qarabağ"ın hansı turnirdə oynamasından asılı olmayaraq həmişə "savaşçı ruhu" ilə mübarizə aparacağını vurğulayıb və xalqı sabahkı matçda komandaya dəstək olmağa çağırıb:
"İnsan hər zaman əlindən gələni etməlidir. Biz də sona qədər mübarizə aparacaq, bacardığımızın maksimumunu ortaya qoyacağıq. Hamınız əmin ola bilərsiniz ki, klub daxilində motivasiya ən yüksək səviyyədədir. Əgər çempionluq qismət olsa, Çempionlar Liqasında sonadək vuruşacağıq. Alınmasa belə, Avropa Liqasında və ya Konfrans Liqasında eyni əzmlə mübarizə aparacağıq".
Mourinyo "Real"a qayıdır?
"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı buraxacaq
"VAR-a arxayın olub, qərar verə bilmirlər"
Premyer Liqanın ən yaxşı qapıçısı bilindi
Xəyal Əliyevin "Sabah"a qələbə qazandıran qolu - Video
"Ayaks"ın futbolçusu mövsümü başa vurdu
“Vurduğumuz qol qaydalar çərçivəsində idi” - George Çixradze
"Qarabağ"ı başa düşmək olar" - Valdas Dambrauskas
"Tottenhem"in məşqçisinin klubdakı fəaliyyəti 33 gün çəkdi
PSJ ÇL matçına itkilərlə çıxacaq
Arbeloanın "Real"dakı taleyi ÇL-dən asılıdır?