"İmkanımız yoxdur, yerli oyunçu tapmaq da çətindir" - Rəşad Sadıqov

"İmkanımız yoxdur, yerli oyunçu tapmaq da çətindir" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 20 Dekabr 2025 / 19:04 1417
-  A +

"Meydana hücumçu buraxmaq istəyirdim, amma yox idi. Büdcəmiz transferə imkan vermir".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "İmişli" ilə qolsuz bərabərliyi şərh edərkən deyib.

Mütəxəssis oyunun gözlədikləri ssenari üzrə keçdiyini, rəqibin müdafiəyə çəkildiyini, onların isə bu səddi yarmağa çalışdıqlarını bildirib:

"Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiədə idi, biz isə onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə oyun nəzarəti bizdə idi. İkinci hissədə isə daha sürətli futbol getdi və bir neçə qol epizodumuz oldu. Vacib xalları itirdik. İndi fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlərimiz var. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var və bu da istədiyimiz heyətlə meydana çıxmağımıza əngəl olur. Ümid edirəm ki, qış fasiləsindən sonra bu qədər problem yaşamayacağıq".

Baş məşqçi nəticəyə rəğmən futbolçularından razı qaldığını vurğulayıb: 

"Bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində ("Sabah"la görüşdə) meydanda zəif olmuşuq". 

Mütəxəssis əsas problemin kadr çatışmazlığı olduğunu, Davit Volkovun 11-12 oyundur zədəli olması səbəbindən Konateni məcburiyyətdən hücumçu kimi oynatdıqlarını və meydana buraxmağa ehtiyat hücumçusunun olmadığını etiraf edib.

Qış transfer pəncərəsi və Renat Dadaşovla bağlı sualları cavablandıran mütəxəssis maliyyə durumunun çətinliyini önə çəkib:

"İmkanımız yoxdur, büdcə buna yol vermir. Rəhbərlikdən 1-2 transfer xahiş edəcəyik, amma rüsum məsələsi də var. Yerli futbolçu bazarı isə kasaddır. Söhbət komandanı gücləndirəcək yerli oyunçudan gedir ki, onların da müqaviləsi var. Qışda transfer etmək çox çətindir".


Son xəbərlər