"Azərbaycanın 4-cü FİFA referisinin olması üçün əlimdən gələni edəcəyəm"

"Azərbaycanın 4-cü FİFA referisinin olması üçün əlimdən gələni edəcəyəm"
XƏBƏR 30 May 2025 / 14:48 1721
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker AFFA-nın mətbuat xidmətinə müsahibə verib. O, hakimlərimizin Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini dəyərləndirib.

Həmin müsahibəni təqdim edirik:

- Hakimlərimizin Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini necə qiymətləndirirsiniz?

- Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından məmnun və pozitiv hisslərlə baxıram. Onların mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini gördüm. Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə ucuz sarı vərəqələr verilməsini istəmirəm. Yalnız açıq-aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular.

- Futbolda hakim səhvi qaçılmazdır. Bunun minimuma endirilməsi yönündə nə kimi işlər görülür?

- Təbii ki, qərarlar ətrafında müzakirələr aparılır. Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladılar. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər.

- Hakimlərdən əsas tələbləriniz nələr idi?

- Müdaxilə xəttini yüksək təyin etdik, ucuz penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və İIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan.

- Hakimlərin mövsüm ərzində inkişafı sizi qane etdi?

- Hər bir hakimin mövsüm ərzində irəlilədiyini gördüm. Oyunsonrası fərdi rəy aldıqları həftəlik texniki sessiyalar üzərində ciddi işlədik. Bazar ertəsi və ya çərşənbə axşamı keçirilən texniki sessiyalarda bütün vəziyyətləri müzakirə etdik. Bunu çox ciddi və peşəkar şəkildə edirik. Bu, hakimləri daha da inkişaf etdirmək və onlara güvən vermək yoludur. Hazırkı hakimlər qrupuna inamım böyükdür. Onlar hər gün öyrənməyə açıqdırlar. Bu yanaşma ilə gələcəyə ümidlə baxa bilərik.

- Bu mövsüm daha bir hakimimiz 1-ci kateqoriyaya yüksəldi. Bu, gələcək üçün nə vəd edir?

- Bu baxımdan böyük irəliləyiş əldə etdik. Azərbaycan tarixində ilk dəfə UEFA I kateqoriyada iki hakimimiz var - Əliyar Ağayev və Elçin Məsiyev. Elçin Məsiyev 1-ci kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21-lər arasında Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi (Elşad Abdullayev və Pərvin Talıbov) ilə birlikdə bacarıqlarını göstərəcək. Üçüncü FİFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17-lər arasında Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya - Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FİFA hakimimiz Əliyar Ağayev isə UEFA tərəfindən Çempionlar Liqasının iki oyununa təyin olundu. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək.

- FİFA hakimlərimizin sayının artması nə dərəcədə real görünür?

- Azərbaycan beynəlxalq arenada tanınır. 4 beynəlxalq hakimimizin olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FİFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir.

- AFFA Hakimlər Komitəsi hakimlərimizin beynəlxalq arenada daha böyük təyinatlar alması üçün nə kimi işlər görür?

- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers fevralda Azərbaycana gəldi. O, hakimlərimiz üçün seminar keçdi, beynəlxalq futbol və hakimlik mövzusunda mühazirə verdi, həmçinin mətbuata öz fikirlərini bildirdi. Bu əlaqələr hakimlərimiz üçün çox vacibdir. AFFA hakimliyi ilə yeni yol tutmuşuq. UEFA-nın beynəlxalq futbol qaydalarına əməl edirik. Yalnız bu şəkildə böyük futbol ölkələri ilə əlaqə qura bilərik. Doğru yoldayıq.

- Sizcə, hakimlərimiz əsasən nədə diqqətli olmalıdırlar?

- Matçlarda ardıcıl olmalıyıq. Ardıcıl qərarlar hər məşqçinin hakimdən tələb etdiyi əsas məsələdir. Lakin hər vəziyyət fərqlidir, ona görə də bunu izləmək çətindir. Biz bu sahədə inkişaf edə bilər və daha yaxşısını bacararıq. Bundan başqa, bəzi anlarda oyunu daha yaxşı hiss edə bilərik. Bu, həmçinin klubların və məşqçilərin istəyidir. Mən bunu anlayıram. Ancaq hamı bilməlidir ki, bunun üzərində hər gün işləyirik. Eynən məşqçinin hər gün komandasını hazırladığı kimi. Bu səbəbdən hakimlərə dəstək olmaq lazımdır.

- Gələn mövsüm gənc hakimlərin Premyer Liqa oyunlarına təyinat almaları gözlənilirmi?

- Elit kateqoriyada olan hakimlər 2025/2026-cı illər mövsümündə Premyer Liqada təyinat alacaqlar. Bu siyahıya bəzi gənc hakimlərin də daxil edilməsi planlaşdırılır.

- Mayın 31-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla hakimlərimiz üçün də 2024/2025-ci illər mövsümü başa çatacaq...

- Qarşıda çox vacib oyun var. Hakimlər bu qarşılaşmanın hazırlığını matçdan bir gün əvvəl edəcək. Onlar tam peşəkar şəkildə hazırlaşacaqlar ki, yaxşı çıxış etsinlər. Hər zaman deyirəm ki, hakim görünməz olanda, deməli, oyunu yaxşı idarə edib. Kubokun finalı üçün də hakimlərimizə eyni şeyi arzu edirəm. Ardından isə istirahət etmək və yeni mövsümə güc toplamaq lazım gələcək. Avqustda başlayacaq yeni yarışa hazırıq!


Son xəbərlər
30.05.25  18:18

Flik: "Yamal dahidir"