"İnter" "Birlik Kuboku"nu qazandı! (YENİLƏNİB)
Bu gün Bakının "İnter" klubu "Birlik Kuboku"nda final görüşünə çıxıb. Rəqib Belarusun Soliqorsk şəhərini təmsil edən "Şaxtyor" komandası olub.
Hər iki komanda turnirin finalına ilk dəfə vəsiqə qazanıb. Ümumiyyətlə, Belarus ikinci dəfə "Birlik Kuboku"nun həlledici görüşündə təmsil olunub. 1993-cü ildə "Belarus" klubu finalda Rusiyanın "Spartak" (Moskva) komandasına böyük hesabla uduzub - 8:0.
Azərbaycan isə artıq 4-cü dəfə final həyəcanı yaşayıb. 2005-ci ildə "Neftçi" həlledici görüşdə Rusiyanın "Lokomotiv" (Moskva) komandası ilə üz-üzə gəlib. Həmin oyunda "Lokomotiv" qalib gəlib - 2:1. Növbəti il flaqman yenidən finala yüksəlib və bu dəfə Litva "Kaunas"ını yenməyi bacarıb - 4:2.
Ölkəmizə növbəti "Birlik Kuboku"nu 2008-ci ildə "Xəzər Lənkəran" gətirib. Komandamız finalda Özbəkistanın "Paxtakor" (Daşkənd) klubunu əzmkar hesabla yenib - 4:3.
Nəhayət, 2011-ci ildə "İnter" kuboku qazanıb. Bunadək "bankirlər" 2009-cu ildə də "Birlik Kuboku"nda çıxış ediblər. Həmin vaxt komandamız yarımfinalda Qazaxıstan "Aktobe"sinə 0:1 hesabı ilə yenilərək, 3-4-cü yerləri bölüşdürüb.
Amma bu dəfə "İnter" finaladək üz-üzə gəldiyi 5 rəqibini "bir ayaq"la keçib. İkiqat Azərbaycan çempionu qrup mərhələsində Qırğızıstanın "Neftçi" və Tacikistanın "İstiklol" komandalarına 3:0, Moldova "İskra-Stal"ına 1:0, 1/4 finalda Ermənistan "Mika"sına 4:0, yarımfinalda isə Rusiya "Zenit"inə 5:0 hesabı ilə qalib gəlib.
"Şaxtyor" isə qrup mərhələsində Türmənistan "Nebitçi"sini 2:1,Estoniya "Flora"sını 6:0 hesabı ilə məğlub edib, Rusiya "Şaxtyor"u ilə 1:1 hesablı heç-heçə edib və 7 xalla C qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib. Belarus vitse-çempionu 1/4 finalda Ukraynanın "Dinamo" (Kiyev), yarımfinalda isə Latviyanın "Skonto" komandalarını 2:1 hesabı ilə üstələyib.
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Peterburqskiy" İdman-Konsert Kompleksində keçirilən final matçında "İnter" "Şaxtyor"a penaltilər seriyasında qalib gəlib. Oyunda baş verənləri Qol.Az canlı olaraq təqdim edib:
Final
16.00. "İnter" (Bakı, Azərbaycan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:0 (ƏLAVƏ VAXT)
Baş hakim: Vyaçeslav Bezborodov (Rusiya)
Start heyətlər:
"İnter": Lomaya, Daşdəmirov (Mjavanadze, 83), Abramidze (Assioli, 110), Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov (Əmiraslanov, 46), Odikadze (Yeqorov, 69), Karlsons.
"Şaxtyor": Kurskis, Kolomıts, Yanuşkeviç, Çeledinski, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.
Oyun başladı. İlk yarıda "İnter" daha üstün oyun sərgiləsə də, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandılar.
İkinci hissə dəyişikliklə başladı. 46-cı dəqiqədə "İnter"in heyətində dəyişiklik edilir. Dmitri Kruqlovu Rövşən Əmiraslanov əvəzləyir. 49-cu dəqiqədə "İnter"in kapitanı Volodimir Levin sarı vərəqə alır. 69-cu dəqidədə komandamızın heyətində daha bir dəyişiklik edilir. David Odikadzenin əvəzinə Sergey Yeqorov oyuna daxil olur. 71-ci dəqiqədə Rövşən Əmiraslanov sarı vərəqə alır. 75-ci dəqiqədə isə "Şaxtyor"un futbolçusu Pavel Sitko kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır. Oyun heç-heçə ilə nəticələnsə, hər biri 15 dəqiqə yox, 10 dəqiqədən ibarət əlavə vaxt, bu müddətdə də qələbə qazanan olmasa, penaltilər seriyasına müraciət ediləcək. 83-cü dəqiqədə "İnter"in heyətində 3-cü dəyişiklik edilir. Baş məşqçi Kaxaber Tsxadadze Arif Daşdəmirovun əvəzinə Kaxaber Mjavanadzeni meydançaya buraxır. 88-ci dəqiqədə "İnter"in futbolçusu Aleksandr Çertoqanov sarı vərəqə alır. İkinci hissə də başa çatır. Baş hakim Vyaçeslav Bezborodov hər biri 10 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin edir. "İnter"də Valeri Abramidzeni Danildo Assioli əvəzləyir. Əlavə vaxt da yekunlaşır. Kubokun sahibi penaltilər seriyasında müəyyənləşir.
Karlsons (1:0), Sitko (1:1), Assioli (2:1), Rojkov (2:1), Çervenka (3:1), Belous (3:2), Kandelaki (3:2), Kolomıts (3:3), Zlatinov (3:3), Polyakov (3:3), Çertoqanov (4:3), Kurskis (4:4), Levin (5:4), Leonçik (5:5), Mjavanadze (6:5), Qrenkov (6:5).
Beləliklə, "İnter" tarixində ilk dəfə "Birlik Kuboku"nu qazanır.