Babək Quliyevin hikkəsi və ya bir daha Ramin Musayevə hücumlar haqda

Babək Quliyevin hikkəsi və ya bir daha Ramin Musayevə hücumlar haqda
ÖLKƏ FUTBOLU 20 Yanvar 2011 / 01:22 2569
-  A +

Premyer Liqada yaranmış qış fasiləsindən təkcə klublarımız deyil, bəzi qüvvələr də lazımınca yararlanmağa çalışır. Konkret mətləbə keçərək bildirək ki, son zamanlar bəzi qaraguruhçular şəxsi maraqlarını "futbolumuza xidmət" adı altında pərdələyərək ürəkbulandıran, bəzən də bütün mənəvi dəyərləri aşan, mahiyyəti ən yaxşı halda ucuz "sensasiya"dan o tərəfə keçməyən "faktları" mediaya ötürməklə futbolumuzdakı hazırkı səssiz durumda vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Bu adamların əllərinə sanki kömür parçası veriblər və onlar qarşılarına çıxan ağ rəngdə nə varsa, hamısını qaralamağa çalışırlar.

Hədəfdəki insan isə çoxlarının bildiyi kimi Peşəkar Futbol Liqasınının prezidenti Ramin Musayevdir.

Dünənə qədər bəzi yazılı mətbuatda, bəzən də efirdəki verilişdə, təəssüf ki, hegemonluğu ələ alanlar çempionat və PFL-in dəstək verdiyi hakimlər haqda boşboğazlıqlarla istəklərinə nail ola bilmədiklərini görərək Musayevin artıq işgüzar deyil, şəxsi işlərinə müdaxilə də etməyə cəhd göstərirlər,

Gəlin görək, kimdir bunlar və hikkələrinin yerə-göyə sığmamasının səbəbi nədir?

Başlayaq Babək Quliyevdən. Bu adamın hakimlik etdiyi dövrdə hansı hoqqalardan çıxması bərədə mətbuatda dəfələrlə yazılıb, bu mənada çeynənmiş söhbətlərin üzərinə yenidən qayıtmağa lüzum görmürük.

Görünür, bu adam hakimlikdən uzaqlaşdırılandan sonra nəinki depressiyadan çıxa bilməyib, üstəlik son aylar elə bil onda xroniki “xəstəlik” yaranıb: hakim olduğu dövrdə idarə etdiyi bir-iki önəmsiz beynəlxalq oyunu iki dəqiqədən bir camaatın başına qaxınc edir. Hər bir xırda hakim səhvinin, oyunun nəticəsinə qətiyyən aidiyyatı olmayan hakim səhvinin səbəbini isə PFL-də və AFFA-nın Hakimlər Komitəsində görür. Elə bil dünənə kimi Azərbaycan futbolunda Babək adında hakim olmayıb və sanki o, tər-təmiz, mələk kimi bir hakimdir. Ramin Musayevin əleyhinə birləşənlərin, sevdiyin ifadənlə desək, əzizi Babək, hakimlik etdiyin dövrdə buraxdığın səhvləri, bir daha təkrar edirik, oyunun nəticəsinə təsir göstərməyən səhvləri etməyi sənə Ramin Musayevlə Xaqani Məmmədov tapşırırdı?

Lutfən, vaxtın olsa, bu haqda da fikirləş.

Amma güman edirik ki, son vaxtlar Babək Quliyev özü və danışığı üzərində nəzarəti tam əldən buraxıb. Yoxsa əlacı olsa, hətta uzaq Efiopiyadakı referi səhvini belə PFL-in və AFFA Hakimlər Komitəsinin üzərinə atar. Görünür, bütün günü Ramin Musayev və Xaqani Məmmədov haqda o qədər düşünür ki, həmin məqam barədə fikirləşmək hələ ağlına gəlməyib.

Bu adam axır vaxtlar, futbolumuzun gündəmini zəbt edib... Gecə-gündüz yorulmadan çalışır, danışır və deyinir. Özünü inqilabçı kimi göstərir. Hələlik səhnədə təkdir. O ki var aktyorluq edir. Amma ipini o qədər əldən verib ki, nə güldürməyi bacarır, nə da ağlatmağı. Çünki “aktyor” kimi olmayan istedadı öz əlində deyil. Onun bir “aktyor” kimi oyunu çox sünidir. Hər şey qeyri-təbiidir, pultla idarə olunur. Rejissor hansı düyməni basırsa, Babək Quliyev də onu edir. “Danış” desə danışacaq, “sus” desə susacaq.

Mətləbi çox uzatmadan bir sual qoyaq: sizcə, belələrini el arasında necə adlandırırlar?..

Bəli, indi Babək, daha doğrusu, onun danışdıranlar üçün hücuma keçmək məqamıdır.

Çempionatın səviyyəsi aşağıdır və ya günbəgün aşağı düşür kimi iddialar səsləndirə bilərlər? Yox!

Və təbii ki, Ramin Musayevin hələlik bizə gizli olan rəqibləri onun rəhbəri olduğu qurumun çempionatın səviyyəsini artdırdığını da etiraf etməz. O zaman gücsüzlüklərini də boyunlarına alarlar.

Və yaxud bu adamlar insafa gəlib, PFL yaranandan, Hakimlər Komitəsində rəhbər dəyişikliyi ediləndən sonra hakimlərin pulla satın alınması hallarının tam olmasa da, böyük ölçüdə aradan qalxdığınımı deyəcəklər?!

Cavab bəllidir.

Deməli, bu vəziyyətdə qalırdı yalnız mənəvi amilləri tapdamaq. Heç nəyi gözləmədən tapdadılar da. Ramin Musayevin hansısa bir oteldə eyş-işrətlə məşğul olduğunu iddia etdilər. İki-üç kağız parçasını da hamının gözünə “soxdular” ki, baxın, bu faktdır...

Bu yerdə adamın lap gülməyi gəlir. Çünki hansısa kişi öz işindən kənar nə işlə məşğul olursa, kobud desək, əcəb edir, əlinin də içindən gəlir. Çəkdiyi kefə görə, sənin, mənim pulumu xərcləmir ki?!

Amma axı, qəribə bir məqam var.

Məgər hansısa otel verdiyi qəbzdə müştərisinin pulunu ödəyib qaldığı oteldə nə danışdığını, nə etdiyini də yazır? Hardan bilirsiniz ki, Musayev orda eyş-işrətlə məşğul olub?

Daha o məşhür məsəli demirik, məgər, pusquda dayanmışdınız?..

Salamat qalın...

ELNUR

Daha çox


Son xəbərlər