Qurban Qurbanov «Qarabağ» azarkeşlərindən dəstək istədi

Qurban Qurbanov «Qarabağ» azarkeşlərindən dəstək istədi
ÖLKƏ FUTBOLU 30 Noyabr 2010 / 18:10 2281
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- «Qarabağ» Premyer Liqada dalbadal üç oyundur ki, məğlubiyyətlə üzləşir. Bütün bunlardan sonra komandanızda durum nə yerdədir?
- Əgər desəm ki, yaxşıdır yalan söyləmiş olaram. Pis də desəm, yeni yalan demiş olaram. Turnir cədvəlinə baxanda isə vəziyyətimizin çətin olduğunu görürük. Amma futbolda belə şeylər də olur. Buna baxmayaraq, klub rəhbərliyi, məşqçi heyəti və futbolçular birləşərək vəziyyəti düzəltməyə çalışır. Dünən məşq etmişdik. Bu gün isə futbolçulara tam istirahət verdim. Yalnız zədəli futbolçularımız fərdi şəkildə məşq ediblər.
- Ardıcıl məğlubiyyətlərdən sonra «Qarabağ» hazırda turnir cədvəlində yeddinci yeri tutur. Azarkeşləriniz komandanızın ilk altılığa düşməyəcəyindən narahatdırlar.
- Biz hamımız həm də azarkeşlərimizin sevinməsinə çalışırıq, onları yaxşı başa düşürük. «Qarabağ»ın azarkeşlərinin böyük əksəriyyətini bizim məcburi köçkünlər təşkil etdiyindən onların sevinməsi bizə ikiqat ləzzət verir. Amma biz hər şeyə real baxmalıyıq. Çalışırıq işlər qaydasında olsun. Amma futbolda belə şeylər də olur. Bəzən qol epizodlarından istifadə edə bilmirik, bəxt amili də rol oynayır. Təbii ki, özümüzü sığortalamırıq. Var gücümüzlə çalışırıq ki, komandamızı növbəti oyunlara yaxşı kökləyək, futbolçularda inam yaradaq. Biz onlarla çox sevincli anlar yaşamışıq. İndiki durumumuzda azarkeşlərimiz də sonadək bizimlə birgə olmalı və ən əsası bizə inanmalıdır.
İndi mən hər şeyin düzələcəyinə də söz verə bilmərəm. Amma çalışırıq ki, işlərimizi düzgün quraq. Bütün oyunları dərindən təhlil edirik.
- Belə başa düşdük ki, siz özünüz də «Qarabağ»ın altılığa düşməyəcəyindən narahatsız?
- Əvvəlcədən heç nə deyə bilmərəm. Biz sona kimi mübarizə aparıb ən azı ilk altılığa düşmək istəyirik.
- Komandanızın zədəli futbolçularının durumu nə yerdədir?
- Şükürlər olsun, düzəlirlər. Emin İmaməliyevi «Neftçi» ilə oyunda meydana buraxdıq. Maksim Medvedyev ümumi məşqlərə başlayıb. Andrey Rubins sabahdan komandanın hazırlığına qoşulacaq. Əfran İsmayılov məşq etsə də, hələ gəlin ilin yanvar ayında oynaya biləcək. Samir Abbasovun zədəsi hələ tam sağalmayıb.
- Medvedyev və Rubins bu həftə «İnter»lə oyunda «Qarabağ»a kömək edə biləcək?
- Komandayla tam məşq edəndən sonra onların durumunu tam görəcəyik. Ola bilər ki, həmin matçda meydana çıxsınlar.
- «Qarabağ»ın «Neftçi»yə son məğlubiyyətinin səbəbini nədə görürsünüz? Əvvəl deyirdiniz ki, millinin düşərgəsində çox olduqlarına görə futbolçularda yorğunluq olub, komandanı oyuna tam hazırlaya bilməmisiniz.
- Bu söhbətlər əslində çox şişirdildi. Uğursuzluğun çox səbəbi var. Hər bir komandada eniş və yüksəliş dövrü olur. Amma yenə də mən məğlubiyyətlərimizin bütün məsuliyyətini öz üzərimə götürürəm. Çünki komandanın baş məşqçisiyəm. Lakin hamı görüb ki, həmişə çıxış yolu axtarmışıq. Bütün oyunlarda sonadək mübarizə aparmışıq. Qol imkanlarımız çox olub. Udduğumuz oyunlarda bunlar haqda danışılmayıb. Amma indi uduzuruq deyə danışırlar. Bunu da normal qəbul edirəm.
Biz hər şeyi unudub indi qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq. Çünki bu çempionat sürprizlərlə doludur. Ona görə də bütün matçlarda diqqətli olmalıyıq.
- «Neftçi»ylə matçda «Qarabağ» rəhbərliyi rəqibin qapısına penalti təyin edilmədiyini iddia edir. Sizin mübahisəli epizodlarla bağlı fikirləriniz necədir?
- Hərə o epizodlara bir cür yanaşa bilər. Məncə, bunları şişirtmək lazım deyil. Bilirsiniz, məğlubiyyətdən sonra futbolçular, rəhbərlik emosiyalarını saxlaya bilmirlər. Ola bilər ki, həmin epizodda hakim haqlı olduğunu düşünüb və penalti təyin etməyib. Birdə ki, hakimin əlində faktlar çox olur. Mən indiyədək hakimlərlə bağlı mübahisə etməmişəm.
- Siz birmənalı olaraq, penaltinin olub-olmadığını deyə bilmirsiniz?
- O epizodlarla bağlı mətbuatda çox yazı getdi. Əslində «Neftçi»nin qələbəsinə etirazımız yoxdur. Mən həmişə «Neftçi»nin uğurlarına sevinmişəm. Başda Sadıq Sadıqov olmaqla orada bizim çox dostumuz var. Amma mən «Qarabağ»da çalışıram və təbii olaraq, öz komandamızın uğurları haqda daha çox düşünürəm.
- «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov iddia edir ki, son iki mövsümdə hakimlər «Qarabağ»a dəstək olublar.
- Mən onun fikirlərinə münasibət bidirmək istəməzdim. Axı, o, bizim nə iş gördüyümüz bilmir, bizim yanımızda deyil. Əgər belə deyirsə, sağ olsun. Bunu şişirtmək istəmirəm. Amma əgər hətta nəsə olubsa belə, hər şeyi zamanında demək lazımdır. Bizim fikrimiz Azərbaycan futbolunun inkişafına xidmət etməyə yönəlib. Buna görə də gəlin, heç kimə cavab verməyək. Tahir müəllimi görəndə onunla futbolumuzun problemləri haqda danışarıq. Gəlin, xırda söhbətlərə fikir verməyək.
- Bu həftə «İnter»lə qarşılaşacaqsınız. «Qarabağ»dan bu oyunda hansı nəticəni gözləyək?
- «İnter» çempionluğa iddialılardan biridir. Baxmayaraq ki, son turda «Muğan»a məğlub oldular, bu komanda tam komplekləşib. Sxadadze orada öz oyun üslubunu yarada bilib. Ağır oyun olacaq. Hər iki komandaya qələbə lazımdır. Çıxıb sonadək mübarizə aparacağıq.

 


Son xəbərlər