Murad Ağakişiyev “Gəncə”dən əxlaqsız davranışa görə uzaqlaşdırılıb?

Murad Ağakişiyev “Gəncə”dən əxlaqsız davranışa görə uzaqlaşdırılıb?
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2010 / 15:03 4702
-  A +

Mövsümün əvvəllərində “Gəncə”nin düşərgəsində olan Murad Ağakişiyev bir müddət sonra komandadan kənarlaşdırıldı. Qol.Az-ın məlumatına görə, bundan sonra o, birinci divizionda mübarizə aparan “Abşeron”la razılaşdı. Lakin Muradın “Gəncə”dən getməsinin səbəbləri açıqlanmamışdı. Bu haqda çox söz-söhbətlər gəzsə də, konkret bir məlumat yox idi. Lakin deyilənə görə, Ağakişiyev klubda işləyən xadimələrdən biri ilə “yaxın münasibət” yaratmaq fikrində olub və xadimə bu barədə birbaşa klubun prezidenti Elmir Əliyevə məlumat verib. Nəticədə prezident Murad Ağakişiyevi yanına çağırıb və onu komandadan uzaqlaşdırıb.
Bu xəbərlə bağlı hər iki tərəf – Murad və klub rəsmisi “Futbol+” qəzetinə açıqlama verib. Murad Ağakişiyev hadisəni təkzib etməyib: “Belə hadisə olub. Amma mənim heç bir günahım olmayıb. Belə bir şeyi yalandan mənim üstümə yıxırlar. Bunu mənim üstümə yıxanın Allah balasının qabağına ən pis şeyləri çıxarsın. Mən heç 50 yaşlı qadına nəsə deyərəm?! O, mənim anam yaşındadır. Şərəfsizlər mənim adıma yalandan belə bir şey uydurublar. Mən çox danışmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, bunu mənim adıma yalandan çıxarana Ramazan ayı qənim olsun. Özüm oruc tutan, namaz qılan biriyəm. Oruc, namaz adamın belini qırar. Onlar qəsdən, məndən nəsə umduqlarına görə belə bir oyun düzəltdilər. Deyə bilmirlər axı “sən filankəsdən zəifsən”, “sən bizə lazım deyilsən”. Lap istəyirsiz, kamera götürək gedək ora. Canlı yayıma həmin qadını çağırsınlar. O, mənim üzümə desin ki, sən bu hərəkəti eləmisən. Hamı görsün ki, doğru kimdi, yalan kim. Nə isə... Onlar özləri bilər, Allahları bilər”.
Klubun icraçı direktoru Adil Tağıyev isə bu hadisəni təkzib edib. Ağakişiyevin klubla heç bir probleminin olmadığını və onun qarşılıqlı razılıq ilə komandanı tərk etdiyini bildirib: “Muradın komandadan getməsində başqa heç bir səbəb olmayıb. Özünün şəxsi istəyi belə oldu, biz də etiraz etmədik. Onun dediklərinin hamısı yalandır. Bilmirəm Ağakişiyev bunu hansı şəraitdə deyir, ancaq həqiqətən belə bir şey yoxdur. O ki qaldı bizim nəsə ummağımıza, bu da ağ yalandır. Biz bura futbol oynamağa gəlmişik, başqa bir niyyətimiz də yoxdur. “Gəncə” Azərbaycanın ən təmiz, ən sağlam klublarından biridir. Burda başqa heç nə ola bilməz”.

Son xəbərlər