Bizimkilər yaponlar kimi edərmi? – “Stadionda zibil təmizləmək...”

Bizimkilər yaponlar kimi edərmi? – “Stadionda zibil təmizləmək...”
ÖLKƏ FUTBOLU 25 İyun 2018 / 16:00 4180
-  A +

Futbolun bəzəyi qoldur deyirlər. Amma ora azarkeşləri də əlavə etmək lazımdır. Məhz onların sayəsində meydanda gərgin mübarizə, baxımlı oyun gedir. Futbolçular dolu tribunalar qarşısında sanki bir başqa cür oynayır, bacardıqlarından da artığını ortaya qoymağa çalışırlar.

Azarkeşlər oyunu maraqlı etdikləri kimi, tribunaları da gözəlləşdirirlər. Hazırda Rusiyada davam edən dünya çempionatı da bunu deməyə əsas verir. Fərqli ölkələrdən fərqli mədəniyyətləri, adət-ənənələri olan tərəfdarlar oyunlara xüsusi rəng qatırlar. Bir çox ilklərin yaşandığı bu mundialda Seneqal və Yaponiya azarkeşlərinin hərəkətləri də diqqətdən yayınmadı.

Xüsusilə asiyalıların oyunlar bitdikdən sonra öz zibillədikləri tribunaları təmizləməsi tərəfli-tərəfsiz, bütün dünyanın rəğbətini qazandı.

Ölkəmizdə çempionat oyunlarına maraq olmasa da, klublarımızın, xüsusilə “Qarabağ”ın avrokubok matçlarında stadiona kifayət qədər azarkeş toplaşır. Və hər oyundan sonra tribunalarda kifayət qədər zir-zibil görmək olur. Təbii ki, bunu təkcə fanatların oturduğu sektorlara aid etmək olmaz. Elə media üçün ayrılmış tribunlarda da bir neçə dəfə bunun şahidi olmuşuq. Yapon azarkeşlər öz yerində, bəs görəsən, bizim azərbaycanlı tərəfdarlar bu barədə nə düşünür? Onlar da nə vaxtsa yerə atdıqları zibilləri götürərlərmi, yaxud da bu barədə insanlar arasında hansısa təbliğat aparırlarmı?

“İmarət Tayfa” azarkeş qrupunun idarə heyətinin sədri Elnur Quliyev deyir ki, yaponlardan təkcə azarkeşlər deyil, elə digər insanlarımız da nümunə götürməlidir:

“Həmin görüntülərə sosial şəbəkələrdə mən də baxdım, çox xoşuma gəldi. Nəinki bu, yaponların bir çox hərəkəti təqdirəlayiqdir. Həmişə istəmişəm ki, bizim xalqımızda da o cəhətlər olsun. Biz heç vaxt elə şey etməmişik. Amma “İmarət” dərnəyi təzə yarananda müxtəlif ideayalar irəli sürürdü. Çalışırdıq ki, ölkədə heç nəyə ziyan vurmayaq. Tribunalarda oturacaqları sındırmayaq, yerə, meydançaya artıq əşyalar atmayaq. Bu, mənim yaralı yerimdir, çox həssas mövzudur. Hamımız edirik. Amma mən uzun illərdir ki, etməməyə çalışıram. Yolla gedəndə böyüklü-kiçikli siqareti, dondurmanın kağızını yerə atırıq. Bir də görürsən ki, qalstuk-kostyumlu adamdır, düşünürsən ki, mədəni insandır, “Feysbuk”da da vətən, millət sevgisi ilə bağlı yaxşı statuslar yazır, amma ətrafı zibilləyir.




Vətəni sevmək elə belə şeylərdən başlayır. Yola, küçəyə zir-zibil atırlar, şəhərimizi çirkləndirirlər. Mən razıyam, belə bir təşəbbüs olsun. Bunu ənənə halına salsaq, daha yaxşı olar. Ümumiyyətlə, biz oturduğumuz tribunanı təmiz saxlamağa çalışırıq. Maksimum dərəcədə zir-zibili özümüzlə götürürük. Təbliğat aparılmayıb, amma ümumi olaraq deyilib ki, oturacaqları  qırmayaq, yerə zibil atmayaq. Bir həqiqəti də deyim. Səhv etmirəmsə, Azərbaycan ya Malta, ya da San-Marino ilə oynayırdı, mən media sektora yaxın yerdə oturmuşdum. Azarkeşləri qoyaq bir kənara, jurnalistlərin oturduğu sektorda yer tum qabıqları və paketləri ilə dolu idi. Çox pis vəziyyətdə idi. Onlar da belə edirlərsə, sabah azarkeşdən nə gözləyəsən? Bir vətəndaş olaraq bizim borcumuzdur ki, hər bir yeri təmiz saxlayaq. Belə olsa, heç haranı təmizləməyə də ehtiyac qalmaz”.

“Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyir ki, özləri dəfələrlə tribunalardakı lazımsız əşyaları təmizləyiblər:

“Yapon azarkeşlər çox gözəl hərəkət ediblər, alqışlanası addımdır. Biz də onların bu hərəkətini dəstəkləyirik. Bizim stadionlarda da belə şeylərə rast gəlmişik. Elə “Forza Neftçi” olaraq, biz də dəfələrlə oyun qurtarandan sonra stadiondan lazımsız əşyaları yığıb-təmizləmişik. Sadəcə, Yaponiyanın oyununda onu çəkib işıqlandırıblar, bizdə isə cəmi 1 çəkiliş olub deyə diqqət ayıran olmayıb. Ancaq yenə deyirəm, çox olub ki, zir-zibilləri özümüzlə götürmüşük və aparıb bayırda atmışıq. Amma bu kimi halların sayı nə qədər çox olsa, bir o qədər gözəl olar”.



“SECTOR 11” azad azarkeş qrupunun rəhbəri Atanur Cəfərli də yaponiyalı azarkeşlərin addımını alqışlayır. Ancaq o, Azərbaycanda belə bir şeyin mümkün olmadığını düşünür:

“Əlbəttə ki, yaponiyalı azarkeşlərin hərəkəti çox yaxşı haldır. Çünki doğrudan da oyundan sonra sektorlarda çoxlu zibillər qalır. Onları yığıb təmizləmək çox gözəl addımdır. Biz də belə bir təşəbbüs göstərməyə hazırıq. Amma düşünürəm ki, bizdən asılı olmayan səbəblərə görə alınmaya bilər. Çünki Avropa tribunalarından fərqli olaraq, bizdə polislər var və onlar oyun bitən kimi stadionda öz xidmətlərini tez başa vurmaq üçün azarkeşləri sektordan çıxmağa tələsdirirlər. Oyundan sonra tribunaya tərəf gələn futbolçuları alqışlamağa belə imkan vermirlər, o ki qalsın sektoru təmizləməyə. Amma imkan olsaydı, böyük məmnuniyyətlə edərdik. Məncə, hərə öz zibilini götürüb çıxsa, buna ehtiyac da olmaz. Amma hansısa oyunda sektorlarda azarkeşlərin kütləvi təmizlik işləri apardığını görməmişəm”.

Yazıya xüsusi əlavə

Yaponiya millisinin futbolçusu Maya Yoşida: "Mən azarkeşlərimizin tribunaları zibildən təmizləməsini alqışlayıram. Bizdə yeyib-içdiyin yeri təmizləmək qayda kimidir. Biz burda meydanda futbol oynayırıq, azarkeşlər bizi dəstəkləyir, eyni zamanda da hamımız Yaponiyanı təmsil edirik. Daha da vacibi bunu layiqincə etməliyik. Azarkeşlərimiz bunu hərəkətləri ilə sübut etdilər”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
topaz banner