Yaşlı məşqçilərin gənclərin təyinatına reaksiyaları - "Deyəcəklər, özünə iş axtarır"

Yaşlı məşqçilərin gənclərin təyinatına reaksiyaları - "Deyəcəklər, özünə iş axtarır"
ÖLKƏ FUTBOLU 31 May 2018 / 17:24 3988
-  A +

Son illər Azərbaycan futbolunda yerli məşqçilərin gəncləşmə prosesi olduqca sürətli gedir. Klublar demək olar ki, yaşlı mütəxəssislərə ehtiyac duymurlar. Maraqlıdır ki, məşqçilərlə bağlı yeni strategiya özünü doğruldur və komandalar az büdcə ilə yaxşı nəticələr qazana bilirlər.

Bunu Ayxan Abbasovun "Zirə"də, Samir Abasovun “Sumqayıt”da, Samir Əliyevin yeni yaradılmış və ilk mövsümündə Topaz Premyer Liqada qalmağı bacaran "Səbail"də, bu gün istefaya göndərilən Tərlan Əhmədovun "Neftçi"də gördükləri işlər də təsdiqləyir. Digər gənc məşqçilər Rəşad Sadıqovun U-21 və U-20-in, Vüqar Məmmədin U-19, Zaur Həşimovun U-18, Ramin Quliyevin U-17 millilərinə, son olaraq isə Aftandil Hacıyevin "Səbail"ə, Sənan Qurbanovun "Qəbələ"yə baş məşqçi təyin olunması isə gənc çalışdırıcılara etimadın davam etdiyini və daha da artdığını göstərir. Düzdür, gənclərə şans vermək, özlərini sübut etmək üçün onlara şərait yaratmaq müsbət haldır.

Bəs, gənclərə yolun açılmasını bu gün işsiz qalan yaşlı və nisbətən yaşlı məşqçilər necə qarşılayır? Yaxud bu fakt onları narahat edirmi? Mövzumuzla bağlı ilk olaraq Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şahin Diniyevə müraciət etdik, amma söhbət birbaşa gənc məşqçilərdən getdiyindən yazıya da elə gənc mütəxəssis - Ayxan Abbasovun fikirləri ilə yekun vuracağıq.


Ağasəlim Mircavadov deyir ki, cavanlara yol vermək lazımdır, onlar da öyrənməli, hazır olmalıdırlar: “Klub işi tamam başqadır. Hərəsinin öz strategiyası var. Ona görə bir söz deyə bilmərəm. Gənc məşqçiləri öz klubları hazırlayır. Bu, çox yaxşı haldır. O ki qaldı təcrübəli mütəxəssislərin kənarda qalmasına, bunu məndən yox, klub prezidentlərindən soruşmaq lazımdır. Mən danışmağa başlasam, deyərlər ki, bu, özünə iş axtarır. Sovet dövründə belə bir qayda var idi ki, cavanlar yaşlıların yanında işləyib, təcrübə qazanırdılar. Həmin təcrübəli məşqçi gedəndən sonra da gənc mütəxəssis onun işini davam etdirirdi. Amma bizdə belə şey yoxdur, bu sistem dağılıb. Qurtardı getdi. Gənc məşqçilərin nə dərəcədə hazır olub-olmadıqlarını dəqiq bilmirəm. Düzdür, onlarla ünsiyyətim olub, amma işlərinə bələd deyiləm. Əgər klublar cavanlara şans verirsə, onların arxasında da dayanmalıdırlar. 1-2 il işləyəndən sonra çıxaracaqsansa, niyə baş məşqçi qoyursan? Hər şeyin bir məqsədi olmalıdır. Kroyf "Barselona"ya futbolçu kimi gəldi, məşqçi kimi işlədi. Futbolu necə oynayırdısa, komandaya da onu yeritdi. Sonra onun rəhbərliyi altında oynamış Qvardiola gəldi. Kroyf məktəbi keçib, buna qədər 3 il "Barselona"nın gənclər komandasında işləmişdi. Gəldi və yeni gənclərlə həmin sistemi davam etdirdi. Söhbət bu sistemdən gedir. Mən də istəyirəm ki, bizdə də belə olsun. Cavan məşqçilər püxtələşdikdən sonra işləsinlər. Biz belə görmüşük, belə öyrənmişik. Həmişə gənclərin yanında olmuşam. Amma təcrübəli məşqçiləri də itirmək olmaz. Hər zaman məsləhət almalıdırlar. Məşqçi özü öyrənməyə can atmalıdır. Bizdə bu yoxdur. Hələ elə gənc məşqçi görməmişəm, desin ki, mən hazır deyiləm. Hamısı deyir ki, baş məşqçi olmağa hazıram. Allah xeyirlərini versin. Yenə deyirəm, onların yanında olmuşam, olacam da. Amma arxalarında durmaq lazımdır. 1-2 il işlədib çıxarmaqla olmaz".




AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da deyir ki, gənc məşqçilərə şans verilməsi yaxşı haldır və bu, ancaq Azərbaycan futbolunun xeyirinə ola bilər: “Vaxtı ilə biz də cavan olmuşuq, işləmişik. İndi növbə onlarındır. Özlərini sübut etmək üçün əla imkanları var. Biz təcrübəli mütəxəssislər olaraq, bu cür təyinatları müsbət qarşılayırıq. Onlar da çalışıb, öz işləri ilə Azərbaycan futboluna xeyir versinlər. Amma çox istərdik ki, onların nəyə qadir olduğu sağlam rəqabətlə ortaya çıxsın. Özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Təcrübəli mütəxəssislərin kənarda qalmasına gəlincə, futboldur, burda nə var ki? Əsas odur rəhbərlik öz seçimində səhv etməsin. Axıra qədər gənc məşqçilərin arxasında dursunlar. Biz onların bu addımlarını hər zaman dəstəkləyirik. Ümumiyyətlə, son vaxtlar bu yöndə işimizi qurub, istedadlı məşqçilər barədə klub rəhbərlərinə məlumat veririk. Sevindirici haldır ki, bu gün həmin gənc mütəxəssislər şans qazanırlar. Hamımız çempionatdan gileylənirik. Amma yadda saxlamaq lazımdır ki, səviyyəni qaldıran məşqçilər heyətidir. Ən əsas amil budur".

Millimizin sabiq baş məşqçisi Şahin Diniyev isə deyir: "Əslində mənim bu barədə danışmağım hər iki tərəf üçün düzgün çıxmayacaq. Hər bir gənc mütəxəssisə gec-tez şans verilməlidir. Bu, qaçılmazdır. Biz hamımız gənc olmuşuq. Heç birimiz məşqçiliyə bu yaşda başlamamışıq. Bu baxımdan gənclərə şans vermək lazımdır. Ancaq bu, kütləvi şəkildə olmamalıdır. Addım-addım həyata keçirilməlidir. Hər birinə uğurlar arzu edirəm və inanıram ki, öz işlərinin öhdəsindən inamla gələcəklər. Çünki onlara elə-belə şans verilməyib. Layiqdirlər ki, etimad göstəriblər. Təcrübəli mütəxəssislərə gəldikdə isə onların kənarda qalması bir qədər ağrılı məsələdir. Söhbət məndən getmir. Özümü kənara qoyub, neytral şəxs kimi danışıram. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şakir Qəribov və adlarını sadalamadığım bir çox təcrübəli mütəxəssislər var ki, onlardan mütləq bəhrələnmək lazımdır. Təcrübə hər yanda öz sözünü deyib. Təcrübə nəticə deməkdir. Kəsib, hər şeyi kənara qoymaq düzgün deyil, səhv addımdır. Gəncləşdirmə yavaş-yavaş aparılmalıdır. Təcrübəli məşqçilərimiz də nəticə vermək gücündədirlər".

“Zirə”nin 36 yaşlı gənc baş məşqçisi Ayxan Abbasov hesab edir ki, ilk növbədə gənc məşqçiyə inanmaq lazımdır: “Əsas amillərdən biri rəhbərliyin sənə olan inamı, istədiyin şəraiti yaratmasıdır. Son dövrlər doğrudan da Azərbaycanda gənclərin məşqçiliyə həvəsi artıb. Öz üzərlərində çox işləyirlər. UEFA-nın kurslarına qatılmağa, xarici klublarda təcrübə keçməyə can atırlar. Bu gün klubların gənc məşqçilərə güvənməyi normaldır. Digər ölkələrə baxsaq, görərik ki, Avropanın ən aparıcı çempionatlarında da gənc məşçilərə üstünlük verirlər. Almaniya Bundesliqasında hətta 28, 32 yaşlı məşqçilər işləyirlər ki, onlar da özlərini doğruldurlar. Amma bu o demək deyil ki, təcrübəli məşqçilərə ehtiyac yoxdur, onlar heç kimə lazım deyil. Onlar da öz sözlərini deyiblər, indi də deyirlər. Əsas odur ki, gənc məşqçilər etimadı doğrultsunlar. Onların üzərində məsuliyyət daha çox olur. Səni hansısa kluba baş məşqçi təyin edirlərsə, deməli, nəsə gözləyirlər. Təcrübə baxımından hardasa axsaya bilərsən. Əzmkarlıq göstərməlisən ki, təcrübəni tez qazanasan. Bu da elə bir şeydir ki, o vəziyyətə düşməsən, öyrənə bilməyəcəksən. Təcrübəli məşqçiylə söhbətləşəndə sənə nəyisə nəsihət edər. Amma həmin vəziyyətə düşəndə sənin hansı qərarı verməyin daha önəmlidir. Çətin peşədir. Bəlkə də kənardan asan görünür. Mən də bu qədər qəliz olduğunu bilməzdim. Həm məsuliyyətli, həm də çətin işdir. Ona görə də gənc mütəxəssislərin bura meyl etməsi, futbolçuların karyeralarını bitirəndən sonra məşqçiliyə başlamaq istəyi üstünlükdür. Çünki futbolun içində olublar. Ona görə də məşqçiliyə bir addım daha yaxındırlar. Amma istənilən halda öz üzərində işləməlisən. Sən yaxşı futbolçu olmusansa, o demək deyil ki, həm də yaxşı məşqçi olacaqsan. Bu, tamam başqa bir sahədir. Hansısa bir təcrübəli məşqçinin köməkçisi olsan, bu, gələcəkdə sənə kömək edə bilər. Amma bir məsələ var ki, mən işlədiyim komandanı heç kim məndən yaxşı tanıya bilməz. Bu yöndə kənardan kiminsə məsləhəti yaxşı da ola bilər, pis də. Çünki komandanın içində olanları onlar bilmirlər. Lakin təcrübəli məşqçinin yanında işə başlasan, nəsə qazanmaq olar. Mən özüm də "Qarabağ"da bu cür məşqçilərin yanında işləyib, müəyyən şeylər öyrənmişəm. Bu iş elədir ki, hər gün nəsə öyrənməlisən. Kim deyirsə ki, mən hər şeyi bilirəm, səhv edir".

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə