Ruslan Abışova görə “Neftçi”yə kələk gəlmək istədilər

Ruslan Abışova görə “Neftçi”yə kələk gəlmək istədilər
ÖLKƏ FUTBOLU 13 Mart 2010 / 13:54 2721
-  A +

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov komandanın müdafiəçisi Ruslan Abışovun Norveçin “Valerenqa” klubuna transferinin baş tutmaması ilə bağlı sensasiyalı açıqlama verib. Qol.Az-ın “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, Tahir Süleymanov özünü “Valerenqa” klubunun meneceri kimi təqdim edən Qlen Şillerlə Bakıda apardığı danışıqlar barədə açıqlama verərkən həmin şəxsi fırıldaqçı adlandırıb: “Şiller bazamıza təşrif buyurarkən onunla şəxsi söhbətim oldu. Menecer fırıldaqlarından xəbərdar olduğumdan ondan öncə “Valerenqa”da hansı vəzifə tutduğunu təsdiq edən sənəd istədim. Şiller də öz növbəsində FİFA agenti olduğunu sübut edən vəsiqəni göstərdi. Dedim, “Valerenqa”nın rəsmi təmsilçisi qismində Bakıya gəlmisinizsə, o zaman klubun sizə verdiyi etibarnaməni göstərin. Yaxud klubdan bizə bildiriş vərəqəsi gəlsin ki, həqiqətən də siz Abışovun transfer məsələsində müəyyən səlahiyyətlərə maliksiniz. Lakin Şiller söhbətimiz baş tutan günün ertəsi “Valerenqa” rəsmilərinin Bakıya gələcəyini dedi. Həmin gün isə bildirdi ki, qonaqlar artıq Bakıdadır, sadəcə yorğun olduqlarından müəyyən istirahətə ehtiyacları var. Yenə razılaşdıq. Növbəti gün məsələ ilə bağlı maraqlananda Şiller söylədi ki, həmin şəxslər Bakıya başqa iş dalınca gəlib və artıq paytaxtımızı tərk ediblər. Həmin vaxta kimi Şillerin “Valerenqa”nın rəsmi nümayəndəsi olduğunu təsdiq edən rəsmi sənəd də gəlib çıxmadı. Bütün bunlardan sonra Ruslanın “Valerenqa”ya transfer olunmasına necə razı ola bilərdik? Futbolçumuzu yerdən tapmamışıq ki?”. T.Süleymanov məsələ ilə bağlı “Neftçi”yə rəsmi dəvət məktubunda adı qeyd olunan “Valerenqa”nın idman direktoru Truls Hakonsenlə əlaqə saxlamağa çalışdıqlarını deyib: “Dəfələrlə Norveçə zəng etməyimizə baxmayaraq, nə həmin şəxs nə də klubdan bir kimsə zənglərimizə cavab verdi. Danışıqların iki-üç dəfə təxirə salınması da bunun nəticəsi idi. Çünki peşəkar addım atmaq istəyiriksə, hər bir işi qanunauyğun şəkildə yoluna qoymalıyıq”.

Daha çox


Son xəbərlər