AFFA öz komandasını necə qabağa çəkirdi?

AFFA öz komandasını necə qabağa çəkirdi?
ÖLKƏ FUTBOLU 6 Mart 2017 / 12:44 3706
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unuldulmur!


Yəqin ki, futbolumuzun tarixinə qara ləkə kimi düşən 2003-cü ili hər kəs xatırlayır. Hansı ki, ölkədə futbol çempionatı dayandı, bir il futbolsuz qaldıq və UEFA-dan çıxarılmaq təhlükəsi ilə üzləşdik. Çoxları da bütün bu olanlara səbəb kimi “Şəfa” – “Xəzər Universiteti” matçını və həmin matçda hazırda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsini tutan Xaqani Məmmədovun “Xəzər Universiteti”nin qapısına olmayan penaltini təyin etməsini göstərdi. Həqiqətən də bu epizodda penalti yox idi. Çox gülməli mənzərə yaranmışdı. Təbii ki, Məmmədov o penaltini özbaşına təyin etməmişdi. Güman ki, ona da bununla bağlı tapşırıq verilmişdi. Həmin vaxt penaltini qola çevirən AZAL-ın hazırkı baş məşqçisi Tərlan Əhmədov da çox tənqiflərə tuş gəldi. Çünki Tərlan həmin vaxt millinin şərəfini qoruyan və ölkədə müəyyən çəkisi olan futbolçulardan idi. Bu mənada çoxları hələ tribunadan da qışqıraraq onun topu kənara vurmasını məsləhət gördü. Lakin Tərlan bunu etmədi və olmayan penaltini qola çevirdi.
Bundan sonra “Xəzər Universiteti” öncə meydançanı, ardınca isə çempionatı tərk etdi və digər klublar da onlara qoşuldu. Bununla da klublarla AFFA arasında yaşanan qalmaqal zirvə həddinə çatdı və çempionat yarımçıq dayanmalı oldu.

Ancaq bir qədər də geriyə boylanıb tarixi vərəqləsək görərik ki, əslində bütün bu olanlara səbəb tək “Şəfa” – “Xəzər Universiteti” və həmin oyunda təyin olunan penalti qərarı deyildi. Hər şeyin buna doğru getdiyi onsuz da görünürdü. Sadəcə, sözügedən oyun və penalti bardağı daşdıran son damla oldu. Belə deyək, klublar yığdı, yığdı və axırda partladı. Əslində isə bu olanların təməli hələ 1999-2000-ci futbol mövsümünün startına qoyulmuşdu. Düzdür, ona qədər də AFFA ilə klublar arasında müəyyən narazılıqlar, gərginliklər olmuşdu. Məsələn “Turan”ın o vaxtkı prezidenti Vidadi Əhmədov AFFA rəhbərliyi, Fuad Musayevlə yola getmirdi, tərəflər arasında ciddi narazılıqlar yaşanmışdı. Bundan başqa, zaman-zaman “Neftçi” ilə də analoji problemlər yaşanmışdı. Hətta bir mövsümün ikinci yarısında bakılılar onlara qarşı haqsızlığa dözməyərək çempionatdan imtina etmiş və mövsümün qalan bütün oyunlarında onlara texniki məğlubiyyət verilmişdi. Bir dönəm klublarla federasiya arasında daha böyük qalmaqal yaşanmış və 1994-cü ildə hətta başda “Neftçi” olmaqla əksər klublar AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatından imtina edərək, yeni yaradılmış PFL-in təşkil etdiyi çempionatda oynamağa qərar vermişdilər. Lakin sonradan olaya müdaxilə edən UEFA Azərbaycanı sərt sanksiyalarla hədələmiş və yalnız bundan sonra PFL ləğv olunmuş, bütün klublar yenidən AFFA-nın çempionatına qayıtmışdı. Lakin “Azəri” klubunun rəhbərliyi federasiyaya qarşı tutduğu prinsipial mövqeydən əl çəkməyərək o vaxtkı AFFA rəhbərliyinin təşkil etdiyi çempionatda oynamaqdansa klubu buraxmağa qərar vermişdi.

Sözümüzün canı odur ki, 2003-cü ildə yaşananlar birdən-birə olmamışdı və ona qədər futbolumuzda gedən proseslər nə vaxtsa belə bir halın baş verəcəyini labüd edirdi. Bu mənada 1999-00-ci il mövsümü 2003-cü ildə olacaqların siqnalını daha gur şəkildə vermişdi.

1999-00 il mövsümü qalmaqalla start götürdü. Əslində vaxtında start götürmədi desək, daha düzgün olardı. Çünki təqvimə görə mövsüm sentyabr ayında başlamalı idi. Daha da konkretləşdirsək sentyabrın 12-də ilk turun oyunları oynanılmalı idi. Lakin bu, baş tutmadı. Buna səbəb isə AFFA-nın “Turan” və “ANS Pivani” klublarını heç bir səbəb olmadan çempionatdan uzaqlaşdırması idi. Həmin dönəmdə bu iki klubun rəhbərliyi federasiyanın apardığı siyasətdən narazı idi və buna qarşı çıxırdı. Mətbuatda da zaman-zaman tənqidi fikirlər səslənirdi. Bu fikirlər isə federasiya rəhbərliyinin xoşuna gəlmirdi. Buna görə də Fuad Musayev bu iki klubun 1999-00-ci il futbol mövsümündə oynamasına icazə vermədi. Bu qərar isə digər klubların haqlı narazılığına səbəb oldu və onlar da məhz bu qərara etiraz olaraq ilk tur matçına çıxmaqdan imtina etdilər. Paralel olaraq AFFA prezidenti Fuad Musayevlə müxtəlif səviyyələrdə görüşlər aparıb onu fikirindən daşındırmağa çalışdılar. Di gəl ki, sabiq AFFA prezidenti inadkarlıq göstərərək dediyindən dönmürdü. Bu inadkarlıq oktyabrın 25-ə kimi davam etdi. Yalnız sonradan federasiya başçısı qərarını dəyişərək “Turan” və “ANS Pivani”ni çempionata buraxmağa qərar verdi.

Komandalar ilk 7 turu başa vurdular və 2 aylıq qış fasiləsinə yollandılar. Fevralda baş tutmalı olan 8-ci tur öncəsi növbəti qalmaqal yaşandı və AFFA ilə yola getməyən klublar meydançaya çıxmaqdan imtina etdilər. Yalnız “Viləş” və AFFA-nın öz klubu olan “Şəfa” bu boykota getmədi. Nətcədə meydançaya çıxmayan 10 klubun hamısına texniki məğlubiyyət verildi.
 
Ümumiyyətlə, AFFA-nın öz doğma balası kimi olan “Şəfa”ya atalıq qayğısı tədricən özünü göstərməyə başlayırdı ki, bu məqam da digər klubların narazı qaldığı məqamların başında dururdu. Adi bir misal çəkək. 2000-ci ildə AFFA rəhbərliyi heç bir qanuna sığmayan addım ataraq millinin qapıçısı Cahangir Həsənzadənin “Neftçi”dən “Şəfa”ya keçməsinə qərar verdi. Bu, dünyada görünməmiş hadisə idi ki, futbol federasiyası hansısa klubun futbolçusunun digər kluba keçməsi haqda qərar versin. Bu azmış kimi, bakılılara təcrübəli qapıçı transfer etməyə də imkan vermədilər. Nəticədə əlacsız qalan Əhməd Ələsgərov gənc və təcrübəsiz Fərhad Əfəndiyevi çərçivəyə qoymalı oldu. Bütün bu proseslər təcrübəli məşqçini də cana yığmışdı. Federasiya tərəfindən olunan təzyiqləri o da görürdü. Buna görə də ikinci dövrədə Masallıda “Viləş”ə 1:2-lik məğlubiyyətdən sonra həm “Neftçi”ni, həm də Azərbaycanı tərk edərək yaşadığı Ukraynaya döndü. Düzdür, istənilən halda “Neftçi”nin ikinci dövrədə Masallıda “Viləş”ə uduzmasında baş məşqçinin də günahı var idi. Amma görünən budur ki, ümumi futbolda olan mühitin xoş sonluq vəd etmədiyini təcrübəl məşqçi əvvəlcədən görürdü və buna görə də daha öncədən getməyi üstün tutdu.

AFFA-nın “Şəfa” ilə bağlı planı isə 2000-01 mövsümündə öz bəhrəsini verdi. Fuad Musayev nə olur olsun, bu komandanı avrokuboklara çıxarmağı düşünürdü. Hətta deyilənə görə “Şəfa” futolçularının maaşları da artırılmış, qələbələrə görə mükafatlar təyin olunmuşdu. Düzdür, çempionatda ilk “üçlüy”ə düşmək çətin idi. Çünki “Neftçi”, “Şəmkir”, “Kəpəz”, “Viləş” kimi iddialılar var idi. Lakin kubokda bir şey fikirləşmək olardı ki, hər şey də elə bu cür oldu.

2000-01-ci il mövsümü “Neftçi” üçün uğursuz bitdi. Halbuki komanda həmin mövsümü çox yaxşı keçirirdi və sona bir neçə tur qalmış ən yaxın izləyicisi “Şəmkir”i 5 xal qabaqlayırdı. Lakin Masallıda “Viləş”in müqavimətini qıra bilməyən bakılılar 5 xallıq fərqin 3-ə enməsinə imkan yaratdı. İki tur sonra isə Şəmkirdə “Şəmkir”ə 0:2 hesabı ilə məğlub olaraq 3 xallıq üstünlüyü də əldən verdi. Halbuki heç-heçə böyük ölçüdə “Neftçi”ni çempion edəcəkdi. Lakin 30-cu dəqiqədə Zaur İsmayılovun qırmızı vərəqə alması “Şəmkir” üçün böyük üstünlük yaratdı ki, onlar da bu üstünlükdən istifadə edib 2:0-lıq qələbə qazandılar. Nəticədə xallar bərabərləşdi və hər iki komanda mövsümü eyni xalla aşa vurdu. Yekunda mayın 15-də Sumqayıtda “qızıl oyun” təşkil olundu və 18 000-ə yaxın azarkeşin izlədiyi oyunda Arif Əsədovun avtoqolu sayəsində qələbə qazanan “Şəmkir” ölkə çempionu adını qazandı.

Çempionluğun əldən getməsi bakılılara çox pis təsir etmişdi. Lakin onlar üçün mövsüm bitməmişdi və qarşıda ölkə kubokunun finalı var idi. Əksər futbol azarkeşləri bilir ki, əvvəllər ölkə kubokunun finalı bir qayda olaraq mayın 28-də, ADR yarandığı tarixdə Respublika stadionunda keçirilirdi. 2000-01-ci il futbol mövsümünün təqvimində də kubokun finalı deyilən tarixdə və deyilən məkanda göstərilmişdi. Lakin oyuna 1 həftə qalmış AFFA gözlənilmədən matçın tarixini və məkanını dəyişdi. Qərar qəbul olundu ki, ölkə kubokunun finalı mayın 28 deyil, 25-də oynanılacaq. Özü də Tofiq Bəhramov adına Respublika stadionunda yox, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda. Federasiyanın bu qərarından sonra çox adam barmağını dişlədi. Çünki bu cür qərar üçün heç bir əsas yox idi. Nəyə görə AFFA 1 həftə qalmış finalın tarixini və məkanını dəyişsin? Oyun günü bu sual çırpaqlığı ilə cavabını tapdı. AFFA-nın “Şəfa” planı məhz bu oyuna həyata keçməli idi. Oyunun vaxtını 3 gün geri çəkmək, məkanı paytaxdan kənara dəyişmək də bu planın tərkib hissəsi idi. Oyuna gəlincə, ilk dəqiqələrdən hiss olunurdu ki, meydançada heç bir mübarizə getməyəcək. Komandalar sanki yoldaşlıq görüşünə çıxıblar. Oyunda hesabı 7-ci dəqiqədə Ramiz Məmmədov açdı. 27-ci dəqiqədə Samir Əliyev “Neftçi”nin cavab qolunu vurdu. Bundan sonra uzun müddət hesabda dəyişiklik olmadı və komandalar belə demək mümkünsə oyunu yola verdilər. Tribunada əyləşənlər də meydanada oyun yox, “oyun” getdiyini görürdü. Bu “oyun”un məntiqi sonluğu olaraq 83-cü dəqiqədə Emin İmaməliyev “Şəfa”nın ikinci qolunu vurdu və beləliklə 2:1 hesablı qələbə qazanan AFFA-nın komandası UEFA kubokunda oynamaq hüququ qazandı. Görünən bu idi ki, AFFA “Neftçi” rəhbərliyini də yola gətirib məsələni öncədən həll etmişdi. Təsadüfi deyil ki, “Neftçi”nin 70 illik yubileyi ərəfəsində çap olunmuş “Unyudulmayan keçmiş” kitabında da bu oyun haqda qısaca bu cümlə yazılıb: “Ölkə kubokunun  Sumqayıtda keçirilən finalında futbolçularımız olduqca zəif çıxış etdilər və kuboku heç kimin gözləmədiyi halda o qədər də güclü olmayan “Şəfa”ya “uduzdular”. Burada uduzdular sözünün dırnaq içərisinə salınması da hər şeyi deyir.

Oyundan sonra isə Sumqayıta gəlmiş bir qrup “Neftçi” azarkeşi bu biabırçılığa dözməyərək klubun futbolçularına və məşqçilər heyətinə çox sərt şəkildə etiraz bildirdilər, hətta bəziləri futbolçuları təhqir də etdi. Azarkeşlərdən biri isə kapitan Tərlan Əhmədovla az qala əlbəyaxa olacaqdı. Sonra klubun bayrağını sındıraraq meydançaya atan “Neftçi” fanatları narazı şəkildə “istefa” qışqıraraq stadionu tərk etdilər.

Bütün bu proseslər və AFFA-nın “Şəfa”nı aşkar himayə etməsi hər şeyin sonunun yaxınlaşmasına işarə idi. Nəhayət 2002-03-cü il mövsümü bu sonluq da gəlib çatdı və AFFA-nın “Şəfa”nı növbəti dəfə Avropaya göndərmək istəyi ölkənin bir il futbolsuz qalması ilə nəticələndi.

“Şəfa” fəaliyyətini Fuad Musayevin AFFA prezidentliyi başa çatandan sonra çox çəkmədi. Klub 2004/05 mövsümünün gedişatında maliyyə çətinliyi ucbatında çıxışını yarımçıq dayandırdı.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər