“Onu “Neftçi” prezidentliyinə Fuad Musayev gətirmişdi”

“Onu “Neftçi” prezidentliyinə Fuad Musayev gətirmişdi”
ÖLKƏ FUTBOLU 26 Fevral 2017 / 10:34 3637
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudumur.


Lətif Novruzov Fuad Musayevin AFFA-nın prezidenti olduğu dövrdə Azərbaycan futbolunun üzdəki simalarından olub. O, futbolumuzun çətin dövrlərində qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Xatirələri çoxdu. Elə bu səbəbdən layihəmizin budəfəki qonağı kimi onu seçdik.


-  Öncə ondan başlayaq ki, AFFA-ya gəlişiniz necə oldu?

- Nə qədər qəribə olsa da, bu günə kimi bu sualı mənə verən olmayıb. O vaxtlar mən “Ədalət” qəzetində idman bölməsinin rəhbəri idim. Həm də jurnalist kimi fəaliyyət göstərirdim. Yazılarımın da 70-80 faizi futbolla bağlı idi. Həm daxili, həm də xarici futboldan yazırdım. Özü də qoşa səhifə idi. “Ədalət” qəzeti də gündəlik çıxan qəzet idi. Həmin vaxt qəzetdə AFFA ilə bağlı yazılarım getdi və böyük maraqla qarşılandı. AFFA prezidenti Fuad Musayev də oxumuşdu. Bir gün işə gələndə “Ədalət”in baş redaktoru Aqil Abbas dedi ki, AFFA-dan zəng eləmişdilər, səninlə görüşmək istəyirlər. Məlum oldu ki, mənimlə Fuad Musayev görüşmək istəyir. Getdim görüşdük, söhbət elədik və bildirdi ki, yazını oxuyub, məni də ona görə görüşə çağırıb. Həmin ərəfədə millimiz seçmə mərhələ oyunu çərçivəsində Rumıniyaya yollanmalı idi. Fuad Musayev məni də jurnalist kimi milli komanda ilə həmin səfərə apardı. Dedi ki, yazıda yazdığın fikirlər əsasında da neyləmək olar, onu da hazırla, Bakıya qayıdandan sonra danışaq. Elə oldu ki, Bakıya qayıtdıq və mən mətbuat katibi kimi AFFA-da işə başladım. 1990-cı illərin sonları idi. Onu da deyim ki, mənə qədər federasiyada mətbuat katibi vəzifəsi yox idi. Media və ictimaiyyətlə əlaqəni AFFA İcraiyyə Komitəsinin üzvü Məzahir Süleymanzadə qururdu. Süleymanzadə həmçinin AFFA-nın media orqanı olan “AFFA News”ün baş redaktoru idi. Mən demək olar ki, həm də mətbuat xidmətinin qurulmasında iştirak etdim.

- O dövrün futbolunu necə xatırlayırsınız?

- O vaxt çempionat daha maraqlı idi. Güclü komandalar çox idi. Xüsusilə regionlarda komandaların sayının çox olması çempionata marağı artırırdı. Masallı, Tovuz, Şəmkir, Qusar, hamısında futbola böyük maraq vardı, oyunlarda tribunalar dolu olurdu. Əhali bir həftə öncədən oyuna hazırlaşırdı. Hansı ki, mən tələbə olan vaxtlarımda “Neftçi”nin SSRİ çempionatındakı ev oyunlarına o cür həyəcala hazırlaşırdım. O dövrdə futbola öz sərmayəsini qoyan Vidadi Əhmədov, Şahbaz Süleymanov kimi iş adamları vardı. Allah Şahbaz müəllimə rəhmət eləsin, Vidadi müəllimə isə can sağlığı arzulayıram. Futbolçular arasında rəqabət çox idi. İndi məsələn bir mövqeyə bir futbolçu var, o da arxayındı ki, hazır oldu-olmadı, onu çağıracaqlar. Amma əvvəllər eyni mövqeyə 2-3 eyni güclü futbolçu olurdu.

- Fuad Musayevlə necə yola gedirdiniz? Çoxları deyir ki, Musayev xaraktercə çətin insan idi.

- Əslində Fuad Musayevlə işləmək çox asan idi. Bilirsiniz niyə? Çünki  işinin peşəkarı idi, futbolu da yaxşı bilirdi. Nəzərə alaq ki, o dövr futbolda indiki qədər vəsait axmırdı, AFFA-nın büdcəsi indiki kimi böyük deyildi. Fuad müəllim əldə olan pulu da qəpik-qəpik hesablayırdı ki, milli komanda pis vəziyyətdə qalmasın, oyunlara gedə bilsin. Bəzən Fuad Musayevdən mövcud imkanlardan daha artığını tələb edirdilər. Amma reallığı nəzərə almırdılar. İndiki və o vaxtkı AFFA-nın imkanları müqayisə belə, gəlmir. Bir faktı deyim. Hazırda təkcəı AFFA-nın mətbuat xidmətində çalışanların sayı o dövr AFFA-nın idarəetmə sistemində işləyənlərin sayından daha çoxdur. Bizim vaxtımızda cəmi 7-8 işçi ilə o boyda işi görürdük, bütün beynəlxalq oyunları təşkil edirdik. Burada isə Musayevin böyük əməyi vardı. O insan təşkilatı işləri gözəl bacarırdı.

- Mətbuatla münasibəti necə qururdunuz?

- Çətinliyimiz çox idi. Çünki indiki kimi internet, emael adres, texniki resuslar yox idi. Yalnız faks var idi. Hansısa məlumat olanda mediaya faksla göndərirdim. O vaxt saytlar yox idi, ancaq qəzetlər idi. Elə qəzet var idi ki, heç onun faks telefonu da yox idi. Elə olanda telefonla əlaqə yaradırdıq. Təbii ki, mübahisələrimiz də olurdu iş zamanı, bunsuz keçinmək mümkün deyildi. Əsas odur ki, bu gün də həmin jurnalistləri görəndə o günləri xoş hislərlə xatırlayırıq.

- Bir az da milli komandanın o dövrkü şəraitinə toxunaq. Təbii ki, indiki şəraitlə müqayisəyə gəlməz idi...

- Şərait birbaşa maliyyə ilə bağlı məsələdir. İndi milli komanda Avstriyada, Dubayda, ən pis halda Türkiyədə təlim-məşq toplanışı keçir. Biz o vaxt ildə bir dəfə pul tapanda Bolqarıstana gedirdik. Çünki Bolqarıstan kasıb ölkə olduğu üçün ora səfər ucuz başa gəlirdi. Ondan əvvəl isə elə Bakıda toplaşırdıq. İndi klublarımız da hazırlığı ölkə xaricində keçir. Hətta I Divizion klublarımız da Türkiyəyə gedir. O dövr klubların belə imkanı yox idi deyə bu, milliyə də təsir edirdi. Ona görə Fuad Musayevin təşəbbüsü ilə “Neftçi”ni millinin bazasına çevirmişdik və millinin əksər üzvləri də elə “Neftçi”də forma geyinirdi. Bu addım ona görə atılmışdı ki, heç olmasa milli üzvləri daha çox bir yerdə olsun

-  Səfərlərə yəqin ki, çarterlə yollanmırdınız...

- Yox, nə çarter? Çarter reysini heç yuxumuzda da görmürdük. Adi reyslə gedirdik. Bəzən hansısa şəhərdə düşüb 4 saat gözləyib, digər təyyarəyə minirdik.

- Məskunlaşma məsələsini necə həll edirdiniz?

- İndiki kimi millinin meneceri yox idi. Hansı ki, 1 ay öncədən oyunun keçiriləcəyi şəhərə yollansın, otel seçimi eləsin, yerləri sifariş versin. Biz o vaxt bu cür məsələləri də elə səfər ərəfəsində həll edirdik. Pul da yox idi ki, bahalı otellərdə qalaq. Bir dəfə yadımdadır, Uelslə oyuna getmişdik. Orda qaldığımız oteldə bizimlə bərabər azarkeşlər də qalırdı. Yəni milli üçün xüsusi otel sifarişı olunsun filan, belə şeylər yox idi.

- Qeyd etdiniz ki, o dövrdə bir mövqeyə 2-3 namizəd olurdu. Elədirsə, nəyə görə Dağıstandan milliyə legionerlər dəvət edirdiniz?

- Razıyam, o vaxt milliyə legionerlər cəlb olunurdu. Narvik Sırxayev, Deni Qaysumov və s. Amma indikilərlə müqayisədə bizim dövrdə legionerlərin sayı çox az idi. Yerli futbolçular çox olsa da, onlar beynəlxalq oyun təcrübəsi baxımında korluq çəkirdi. Ona görə legionerləri cəlb edirdik ki, bu boşluğu dolduraq. Düzdü, onlar gələndən sonra da əksər oyunları uduzurduq. Amma həmin legionerlərin hesabına daha baxımlı oyun sərgiləyirdik.

- Vəli Qasımovla bağlı məsələyə də toxunaq. Çoxları Qasımovdan narazılıq edirdi ki, milliyə gəlməkdən imtina edir. Qasımov özü isə deyirdi ki, hətta öz cibinin puluna bilet alıb millinin düşərgəsinə gəlirdi.

- Vəli Qasımov o dövrlər həmişə milliyə dəvət olunurdu və həmişə də gəlib oynayırdı. Düzü, məsələni tam detallarına kimi bilmirəm. Ola bilsin Vəlinin hansısa tələbləri olub və AFFA-nın da maddi sıxıntısı olduğu üçün o tələbləri qarşlaya bilməyib. AFFA-nı da başa düşmək lazım idi. Ad çəkməyəcəm, amma o dövr elə futbolçu olub ki, Moldova ilə heç-heçəyə görə verilən mükafatdan narazılıq edib. Bəziləri başa düşmürdü ki, büdcəmiz çox kasaddır.

- Milli çempionatı necə təşkil edirdiniz?

- O vaxt PFL yox idi. Milli çempionatı da AFFA keçirdirdi. Federasiyada Yarışların Təşkili və Keçirilməsi Komitəsi vardı, rəhbəri də Məlik Həsənov idi. Hazırda da PFL-də analoji departamentə rəhbərlik edir.

- Hakimlik məsələsi necə idi? O dövr hakimlik etmək çox ağır idi...

- Az öncə haqqında danışdığım komitəhakim təyinatlarını hazırlayıb AFFA-nın baş katibinə təqdim edirdi. Baş katib həmin təyinatı təsdiqləyəndən sonra təyinatlar açıqlanırdı. Həqiqətən də o dövrdə hakimlik etmək çox çətin idi. Xüsusilə də rayonlarda. İndi hakimlərə heç yaxın düşmək olmur. Çünki ciddi mühafizə olunurlar. O vaxt bunlar yox idi. Yadımdadır, ölkə kubokunun yarımfinal mərhələsinin “Turan” – “Neftçi” matçı var idi. İlk oyunda “Neftçi” rəqibini Bakıda 3:0 məğlub etmişdi. Cavab oyununda “Turan” 1:0 qalib gəlsə də, mübarizəni dayandırdı. Həmin oyunun hakimi də İmanxan Sultani idi. Oyunu izləmək üçün Tovuzun icra başçısı, Tovuzun polis idarəsinin rəisi də stadiona gəlmişdi. Amma nə olsun? Oyundan sonra tuneldə hakimləri yenə döymüşdülər. Mən özüm də həmin vaxt döyülmüşdüm (gülür). Bu səbəbdən də hakimlərin çoxu rayonlara getmək istəmirdi.

- Valeri Hacıyevlə bağlı məsələyə də toxunaq. O vaxt mətbuata müsahibəsində demişdi ki, stadiondan bayrağı çıxarıb yerinə dollar asmaq lazımdır. O fikrinə görə uzun müddət sərt etirazlara tuş gəldi. Həmin vaxt AFFA rəhbərliyi Hacıyevi məzənmət eləmişdi?

- Düzdür, elə söhbət olmuşdu. Valeri Hacıyev güclü futbolçu olub. Amma şəxsiyyətin ziddiyətli məqamlar vardı. Hacıyev əslində millidə məşqçilik etməyib. Milli komandaların rəisi olub. Əslində o da istəyirdi ki, milli üzvlərinə daha çox pul verilsin. Amma başa düşmək lazım idi ki, AFFA gücü nəyə çatırsa, onu verirdi. O ki qaldı məzənmətə, təbii ki, həmin açıqlamasına görə federasiyada ciddi tənqid edildi.

- Gələk qalmaqallı 2002-03-cü il mövsümünə...

- Çox qalmaqallı mövsüm oldu. 2003-cü ildə çempionat yarımçıq qaldı. Həmin vaxt sanki gündəm AFFA, futbol idi. Ətraf təsirlər də çox idi. Bütün bunların fonunda “Şəfa” – “Xəzər Universiteti” matçında Xaqani Məmmədovun səhv bir penaltisi aləmi bir-birinə qatdı. Bu oyundan sonra bütün klublar çempionatı boykot etdi. Bildiyiniz kimi, ardınca FİFA-dan sanksiya gəldi, bizim beynəlxalq yarışlardan kənarlaşdırlar, 1 il də ölkədə futbol olmadı. Halbuki klubları dəfələrlə danışıqlara dəvət etdik ki, gəlin, oynayın bu cür etmək, başqa çempionat keçirmək düzgün deyil, FİFA və UEFA-dan sanskiya olacaq. Amma təəssüf ki, heç kim qulaq asmadı. Təsəvvür edin, ölkə çempionatı keçirilməyə-keçirilməyə milli komanda beynəlxalq oyunlarda iştirak edirdi. Milli üçün də ağır dönəm idi.

- Bilirik ki, klublar futbolçularını milli komandaya da buraxmırdılar. Belə olan halda vəziyyətdən necə çıxış yolu axtardınız?

- Bəli, düz vurğuladınız o hadisədən sonra futbolçulara milliyə getmək də qadağan olundu. Demişdilər ki, kim milliyə getsə, klubdan qovulacaq. İndi təsəvvür edin, biz hansı vəziyyətdə qalmışdıq. Milli komandanı boykot etmək bilirsiniz nədir? Mən buna anlam verə bilmirəm. Hələ o vaxt şəxsən klub rəhbərlərinə demişdim ki, sizin Fuad Musayevlə şəxsi ədavətiniz varsa, milli komandanı bura qatmayın. Təəssüf ki, klublar bu yolu seçdilər. Yaxşı ki, həmin vaxtı bir qrup futbolçumuz ölkədən kənarda legioner həyatı yaşayırdı. Samir Əliyev, Kamal Quliyev, Fərrux İsmayılov Ukraynada oynadırdılar. Digər futbolçularımız Rusiyada, İranda legioner həyatı yaşayırdı. Həmin futbolçuların hesabına birtəhər millini toparlayıb Serbiya və Çernaqoriyaya getdik və ordan da heç kimin gözləmədiyi halda xalla qayıtdıq.  Həmin rəqibi Bakıda məğlub etdik və ümumilikdə 4 xal aldıq. Çempionat keçirilməyən ölkənin millisi üçün bu, böyük uğur idi.

- Bir məqama da toxunaq. Həmin dövrdə məsələni yoluna qoymaq və müxaliflərlə görüşmək üçün UEFA-dan Bakıya nümayəndə heyəi gəlmişdi. “Şəfa” stadionunda görüş baş tutmalı idi. Lakin həmin vaxt “Neftçi”nin prezidenti, sonradan isə AFFA prezidenti olan rəhmətlik Ramiz Mirzəyevi içəri buraxmaq istəmirdiniz. Aranızdakı mübahisə telekameralara da düşmüşdü.

- Çox gözəl məqama toxundunuz. Həmin olay indi də gözümün qabağındadır və yaxşı xatırlayıram. Bəli, həmin gün məsələ ilə yerindəcə tanış olmaq üçün FİFA və UEFA nümayəndələrindən təşkil olunmuş komissiya Bakıya gəlmişdi. Nümayəndə heyətinə də Rusiya Futbol İttifaqının prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidenti Vyaçeslav Koloskov başçılıq edirdi. İspaniya Futbol Federasiyasının prezidenti də nümayəndə heyətinin tərkibində idi. Plan belə idi ki, ilk olaraq AFFA rəhbərliyi ilə görüş keçiriləcək, sonra da klub rəhbərləri ilə. Görüş yeri kimi də “Şəfa” stadionunu seçmişdik. Onsuz başqa yerimiz də yox idi. Bəli, nümayəndə heyəti gəldi və görüş başladı. Sonra növbə klublara çatdı. Mən onları içəri dəvət elədim. Lakin onlar razı olmadılar. Sonra başa düşdüm ki, hamısı Ramiz müəllimi gözləyir. Bir qədər sonra Ramiz müəllim də gəldi və içəri maşınla daxil olmaq istəyəndə ona dedim ki, heç bir maşın stadion ərazisinə buaxılmayacq. "Neftç“nin prezidenti olsa da, bu qaydaya əməl etməli idi. Yeri gəlmişkən, Ramiz Mirzəyevi “Neftçi”yə Fuad Musayev prezident gətirmişdi. Daha sonra maşından düşən kimi soruşdu ki, niyə klub rəhbərlərini qapıda saxlamısınız, içəri buraxmırsınız. Mən də dedim ki, biz dəvət edirik, onlar özləri gəlmir, sizi gözləyir. Sonra siyahı əlimdə çölə çıxdım və dedim ki, indi bir-bir gəlin, nümayəndə heyəti ilə görüşüb fikirlərinizi deyin. Amma Ramiz Mirzəyev qayıtdı ki, bir-bir yox, hamımız birgə görüşməliyik. Mən də izah elədim ki, elə alınmayacaq, yalnız fərdi qaydada görüşməlisiniz. Beləcə mübahisə yarandı. Koloskov məsələni bilən kimi mənə dedi ki, aşağı düşək görüm, onlar nə istəyir. Klub rəhbərlərinə bildirdi ki, onların vaxtı yoxdur və daha bir gün əlavə olaraq Bakıda qalmayacaqlar. Odur ki, bütün görüşləri bu gün keçirib geri qayıtmalıdırlar. Bundan sonra tək-tək görüşlər keçirildi. İnanın ki, bütün klublar da ancaq hakimlikdən şikayət etdilər.

- Sonda. AFFA-dan gedişiniz necə oldu?

- Həmin hadisələrdən sonra konfrans keçirildi, yeni AFFA formalaşdırıldı. Baş katib Fuad Əsədov təyin olundu. O da konfransın sonunda açıqlama verdi ki, köhnə AFFA bütün tərkibi ilə istefaya göndərildi və yeni komanda qurulacaq. Əslində həyatda daimi heç nə yoxdur. Nə vaxtsa tutduğun vəzifədən gedəcəksən. Sadəcə, ayrılanda da köhnə komanda ilə yeni komanda mehribanlıqla, qarşılıqlı hörmətlə ayrılmalıdır. Təəssüf ki, bizə qarşı bu olmadı. Mənə də ən çox bu məqam təsir eləmişdi. Onsuz mən özüm də gedəcəkdim. Çünki mənim prezidentim, baş katibim gedibsə, mən də getməliydim.

Anar XANLAROV

Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu