"İndi "Qarabağ" haqda düşünmürəm" - Roberto Bordin

"İndi "Qarabağ" haqda düşünmürəm" - Roberto Bordin
GÜNDƏM 12 Avqust 2018 / 00:01 6786
-  A +

“İlk oyunun iştirakçısı olmaq xoşdur. Qalib gəslək də, istədiyimiz oyunu göstərə bilmədik. Hərçənd, oyunda rəqibdən sayca üstün idik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt"a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Anton Krivotsyukun müdafiənin mərkəzində oyunundan razı qaldınız?

- Anton yığmada da bu mövqedə oynayıb. O, sol cinahda da çıxış edə bilər. Təəssüf ki, sarı vərəqə aldı. Ancaq ümumilikdə Krivotsyukdan razı qaldım.

- Matç boyu qapıçınız Səlahət Ağayevə iradlarınızı bildirirdiniz. Bu, nə ilə bağlı idi?

- Təkcə qapıçıya yox, bütün futbolçura iradlarımı bildirirdim ki, oyuna tez başlayaq, xüsusilə say üstünlüyünə malik olduğumuz vaxtda. Sona yaxın Səlahət bir az oyunu yubadırdı. Qarşılaşmada 3-cü qolu vurmaq istəyirdik. Ağayev ilk hissədə çox yaxşı qurtarış etdi.

- Ruslan Abışov bir neçə ay çıxış etməyəcək. Müdafiədəki boşluqları aradan qaldırmaq üçün transfer etməyi düşünürsünüz?

- Əlbəttə, bunun üzərində işləyirik. Müdafiəni daha da təkmilləşdirməyi fikirləşirik.

- Daha çox qol vurmaq istədiyinizi dediniz. Ancaq ikinci hissənin əvvəlində iki müdafəyəmeyilli futbolçu - Ömər Buludovla Qoran Paratskini meydana buraxdınız. Əvəzetmələriniz hesabı qorumaq üçün idi?

- Yarımmüdafiə xəttində zədəli futbolçu oldu. Ona görə məcburi əvəzləmə etməli oldum. Taktiki gediş deyildi.

- "Qarabağ"la liderlik mübarizəsi apara biləcəksinizmi?

- İndi "Qarabağ" haqda düşünmürəm. Çünki növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq. Hazırda bu matç haqda fikirləşməliyik.

- Moldovadan sonra Azərbaycan Premyer Liqasında debüt etdiniz. Təəssüratlarınız necədir? Bu iki ölkənin çempionatını necə müqayisə edərdiniz?

- Azərbaycan çempionatında yaxşı legionerlərlə yanaşı, səviyyəli, bacarıqlı yerli futbolçular da var. Təəssüratlarım yaxşıdır.

- Ötən mövsümün bombardiri olan Baqali Dabonu cinahda oynatdınız. Hesab etmirsinizmi ki, o, hücumda daha çox effektli olardı?

- Dabo elə futbolçudur ki, hücumda da oynaya bilər, cinahda da. Onu cinahda ona görə oynatdım ki, təkbətək mübarizələrdə üstün idi və bu keyfiyyətlərini göstərdi.

- Əsas heyət üzvlərindən olan Rəhman Hacıyevi ehtiyatda saxladınız. Bu, taktiki gedişlə bağlı idi, yoxsa başqa səbəb vardı?

- Bu, sadəcə taktiki seçim idi. Qərar belə oldu ki, orta sahədə Soni Mustifar, Rəşad Eyubov və Emin Mahmudov oynasın.

- Gənc futbolçulara şans verdiniz. Rəhbərlik qarşınıza belə tapşırıq qoyub ki, onlara xüsusi diqqət ayırasınız?

- Bacarıqlı, gənc futbolçularımız var və hər birinə növbəti matçlarda şans verəcəyik (Report).

Daha çox


Son xəbərlər