“Simurq”un rəqibini bir daha tanıyaq. “Bney Yehuda” bizə başağrısı ola bilər

“Simurq”un rəqibini bir daha tanıyaq. “Bney Yehuda” bizə başağrısı ola bilər
XƏBƏR 26 İyun 2009 / 12:42 2670
-  A +

Avropa Liqasının ilkin mərhələsinin ilk oyunu çərçivəsində iyulun 2-də Bakıda “Simurq”un qonağı olacaq İsrailin “Bney Yehuda” klubunu güclü rəqiblərdən sayılır. Çoxları püşkün ən çətin rəqibi “Qarabağ”a qismət etdiyini desə də, “Simurq”un da bəxtinə asan rəqib düşdüyünü söyləmək olmaz. Qol.Az İsrail klubu haqqında elə püşkün ilk günü oxucuları bu komandayla tanış etmişdi. İndi isə bu komanda haqqında bir qədər də ətraflı məlumat vermək istərdik. Həqiqətən də, cəmi 4 yaşı olan və ilk dəfə avrokuboklarda debüt edəcək Zaqatala klubunu israillilərlə müqayisə etmək olmaz. İlk növbədə İsrail futbolunun hazırkı gücü hamıya məlumdur. Avropa qrandlarından sayılmasalar da, istər milli komandası, istər klubları, istər milli çempionatları, istərsə də futbolçuları bizimkindən qat-qat yüksəkdir. Paytaxt Təl-Əvivi təmsil edən “Bney Yehuda”nın 74 yaşı var və klub bu müddətdə 2 dəfə İsrail çempionluğunu, bir o qədər İsrail kuboku və superkubokunu qazanıb. Klub Avropada müəyyən təcrübəyə malikdir. Elə onların 2006-07-ci il UEFA kuboku çərçivəsində Bolqarıstanın köklü klublarından sayılan Sofiya “Lokomotiv”ini 6:1 hesabı ilə darmadağın etməsi də komandanın gücündən xəbər verir. Komanda son İsrail çempionatında 12 komanda arasında 5-ci pilləni tutub. Sona yaxın komanda ani diqqətsizliklər ucbatından vacib xallar itirməsəydi, mövsümü ilk üçlükdə də tamamlaya bilərdi.

“Bney Yehuda”nın heyətində Nigeriya, Xorvatiya, Slovakiya, Kolumbiya və Argentina kimi müxtəlif oyun üslublarına malik legionerlər çıxış edir. Bu isə klubun rəngarəng oyun üslubuna xas olduğunu düşünməyə əsas verir. Komanda ev oyunlarını Təl-Əvivdəki 20 minlik “Bloomfiled” stadionunda keçirir ki, bu da Zaqatala şəhər stadionundan 6 dəfə böyükdür. Komandanın özünə görə bazası, maddi durumu, təşkilatlanmış azarkeş ordusu var. “Bney Yehuda”nın heyətində istedadlı gənclər də yer alıb ki, onların da bir neçəsi müxtəlif yaş qrupundan olan milli komandaların da şərəfini qoruyurlar. Gördüyünüz kimi, Təl-Əviv klubu heç də asanlıqla məğlub ediləsi klub deyil. Rəqib bir çoxlarının düşündüyü kimi “asan yem” deyil və Zaqatala təmsilçisi üçün hər iki oyun çox ağır keçəcək.

 


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə