"Renat Azərbaycan millisini seçibsə..."

"Renat Azərbaycan millisini seçibsə..."
GÜNDƏM 9 Noyabr 2017 / 20:27 7702
-  A +

Almaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stefan Kuntz Avro-2019-un seçmə mərhələsində səfərdə yığmamıza 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

-İlk oyunda böyükhesablı qələbə qazansaq da, oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycanın yaxşı oyun sərgiləməməsi üçün hər şey etdik. Sözsüz ki, erkən qol vurduğumuz üçün çox sevindim. Rəqib top saxlamaq istəsə də, buna imkan vermədik. Ümumilikdə komandamdan razıyam. Bu tempi qarşıdakı oyunlarda da saxlamalıyıq.

- Vaxtı ilə millimizin baş məşqçisi olan Berti Foqts Azərbaycanı şahmat ölkəsi kimi təqdim edirdi. Bəs siz 2 oyuna 13 qol vurduğunuz ölkə haqda nə deyə bilərsiniz?

- Mən şahmat oynaya bilmirəm, ölkənizdə necə şahmatçılar olduğundan xəbərsizəm. Hər bir rəqibə hörmətlə yanaşıram, həmçinin də Azərbaycan. Ona görə Azərbaycanın oyunu barədə heç nə deyə bilmərəm.

- İlk oyunda böyükhesablı qələbə qazanmışdınız. Futbolçuları cavab görüşünə kökləmək çətin olmadı?

- Komandamızda peşəkar futbolçular var. Dahud və Amiri Çempionlar Liqasında oynamış futbolçulardı. Onlar 80 min azarkeş qarşısında oynaya biliblərsə, deməli, 100 nəfər azarkeş önündə də peşəkarcasına oynamalı idilər.

- Necə düşünürsünüz, Almaniyanın 17 yaşlılardan ibarət komandasının sabiq üzvü Renat Dadaşov Azərbaycan millisini seçməkdə tələsməyib?

- Renat barədə məlumatım azdır. Onun haqda əvvəlki baş məşqçi daha dəqiq məlumat verə bilər. Renat Azərbaycan millisini seçibsə, onun fikrinə hörmətlə yanaşmalıyıq.

 

Daha çox


Son xəbərlər