Bir yaşlı "İdman Azərbaycan" kanalı

Bir yaşlı "İdman Azərbaycan" kanalı
ÖLKƏ FUTBOLU 30 Yanvar 2010 / 12:05 2980
-  A +

“İdman Azərbaycan” kanalı bir yaşını qeyd etməyə hazırlaşır. 2009-cu ilin fevralında Azərbaycanın efir məkanına qədəm qoyan “İdman Azərbaycan” arxada qalan dövr ərzində ölkəmizin idmansevərləri üçün bacardığı qədər işlər görə bildi.
Bəs, “İdman Azərbaycan” necə yarandı? Telekanalın əməkdaşları ad günlərini hansı ovqatla qarşılayırlar? Bu və digər suallara cavab almaq, həm də həmkarlarımız üçün əlamətdar olan bu bayram əhval-ruhiyyəsini paylaşmaq məqsədilə “İdman Azərbaycan”ın əməkdaşları ilə görüşdük, telekanalın iş fəaliyyətilə yaxından tanış olduq.
Təbii ki, suallarımızı ilk olaraq “İdman Azərbaycan” kanalının direktoru Elsevər Dünyamalıyevə ünvanladıq. Elsevər müəllim ilk öncə telekanalın yaranma tarixçəsindən danışdı:
“Ölkəmizdə son illər idman o qədər inkişaf edib bu sahəyə maraq o qədər artdı ki, idmanla bağlı ayrıca telekanalın yaranması zərurətə çevrildi. İdmanın inkişafı üçün hər bir şərait yaradılsa da, onun tam təbliği üçün sırf idman kanalı çatışmırdı. Əsasən, şənbə-bazar günləri futbol matçlarının və digər idman verilişlərinin AzTV-nin efir vaxtını tutması da bu kanalın açılmasına əsaslı zəmin yaratdı.
Sirr deyil ki, öz tarixi keçmişi və yaddaqalan qələbələri ilə zəngin olan Azərbaycan idmanı son illər ərzində inkişaf mərhələsini yaşayır. Respublika prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində idmanın bütün sahələrində nəzərəçarpacaq dərəcədə yeniliklər və uğurlar var. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi illərində digər sahələrlə yanaşı Azərbaycan idmanının da inkişafına xüsusi diqqət ayırırdı. Ulu öndərin rəhbərliyi dönəmində idman sahəsində maddi-texniki bazanın gücləndirilməsi məqsədilə bir çox idman kompleksləri, qurğular, zallar tikildi, meydançalar salındı, idman-sağlamlıq mərkəzləri yaradıldı. Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra da idmana münasibət kökündən dəyişdi. Müstəqil Azərbaycanımız həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanındı. Həmin dövrlərdə Azərbaycanın olimpiya hərəkatına qoşulması da geniş vüsət aldı. 1997-ci ildən rəhbərlik etdiyi bütün sahələrdə uğurlar qazanan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi isə Azərbaycanın idman həyatında əlamətdar hadisə oldu. Qeyd edək ki, bu seçim ümummilli lider Heydər Əliyevin idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə həyata keçirilməsinə böyük zəmin yaratdı. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa vaxt ərzində öz bəhrəsini verdi. 2000-ci ildən başlayaraq respublikamızın müxtəlif bölgələrində müasir tipli idman kompleksləri tikilərək istifadəyə verildi.
Azərbaycan televiziyasında idman kanalının açılması və qısa müddət ərzində bu sahədə birinciliyi əldə etməsi əyani şəkildə sübut etdi ki, həqiqətən sağlam rəqabət olan yerdə inkişaf da olur. Bu isə məhz Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarının cəmiyyətin bütün sahələrində olduğu kimi televiziya sahəsində də sağlam rəqabətin tərəfdarı olduğunu göstərir. Məhz möhtərəm prezidentimizin bu cür sağlam rəqabət üçün yaratdığı şəraitin nəticəsi idi ki, kadr potensialına, maddi-texniki bazasına güvənən Azərbaycan televiziyası tamamilə şəffaf şəkildə keçirilən müsabiqənin sonluğunda idman kanalı açmaq hüququnu əldə etdi. Artıq “İdman Azərbaycan” kanalının vasitəsilə ölkə tamaşaçısı heç bir haqq ödəmədən – halbuki xarici ölkələrdə idman kanallarının demək olar ki, hamısı pulludur – nüfuzlu beynəlxalq yarışları və çempionatları rahatlıqla izləyə bilir.
Bu gün tamaşaçı istənilən futbol matçların və digər idman yarışlarını “İdman-Azərbacyan” kanalından asanlıqla seyr etmək imkanı qazanıb. Kanalın yaranması ilə cəmiyyətdə, xüsusən uşaq, yeniyetmə və gənclər arasında idmana maraq ikiqat artıb. Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin rəhbərliyi bizlərə çox yüksək səviyyədə iş şəraiti yaradıb. Bu dəstək kanalın hərtərəfli, əsl idman kanalı formatında qurulmasını təmin edib. Kanalın fəaliyyətini tamaşaçılar qiymətləndirsələr, daha obyektiv olar”.
Efir vaxtının artırıldığını deyən telekanal rəhbəri artıq “İdman Azərbaycan”a bütün dünyanın baxdığını bildirib: “Bu il yanvarın 15-dən kanal gün ərzində 12 saatdan 15 saatlıq efir vaxtına keçərək, peyklə yayımlanmağa başlayıb. İndi bizə bütün dünya baxır. Gələcəkdə verilişlərimizin sayını artıraraq, peyk vasitəsilə 24 saat yayımlanmağı nəzərdə tutmuşuq. Həmçinin daha yaxşı fəaliyyət üçün yeni layihələr və müəllif proqramları hazırlayırıq. Bir neçə yeni layihəmiz var. Bu yaxınlarda bir saatlıq “İntellekt idman” adlı proqram da işıq üzü görəcək. Bəzi işlək proqramlarımız da var. Müxtəlif idman növləri haqqında sənədli filmlər hazırlayırıq. İlk filmimiz dünya şöhrətli hakimimiz Tofiq Bəhramova həsr olunub və “Hakim mərkəzi göstərir” adlanır. Paralimpiyaçılarımızla bağlı 35 dəqiqəlik “İdmanda tapılan xoşbəxtlik” sənədli film isə artıq efirə verilib. Hazırda Azərbaycan pəhləvanları haqqında film üzərində işləyirik. Ümumiyyətlə, xalqımızın qədim, kölgədə qalan idman növləri ilə bağlı filmlər hazırlamağı planlaşdırırıq. Əyləncəli idman verilişləri hazırlamağı da nəzərdə tutmuşuq”.
“İdman Azərbaycan”da olarkən bu bir il ərzində telekanalın uğurlarında əməyi olan yaradıcı kollektivin üzvləri ilə də söhbət elədik. Onlar ötən bir ili belə xatırladılar:
Fikrət Adıgözəlli: “Bir illik fəaliyyətimizi yüksək qiymətləndirirəm. Bu müddətdə kollektivin əsas məqsədi kanalı ayağa qaldırmaq idi. Çox şadam ki, buna nail olduq. Artıq “İdman Azərbaycan” telekanal kimi formalaşıb, öz yerini tutub. 1 yaş nədir ki?! İşçilərimizin yarısı ötən ilin sonu gəlib. Əksər kanalların 3-4 ilə gördüyü işi biz bir il ərzində həyata keçirdik. İnşallah, efir vaxtını 24 saata çatdıracağımıza inanıram. Arzum odur ki, dünya çempionatlarının final mərhələsi və Olimpiya Oyunlarından birbaşa reportajlar verək. İdmançılarımızın qələbələri nə qədər çox olsa, verilişlərimiz də bir o qədər maraqlı, baxımlı olar”.
Altay Əliyev: “Azərbaycan Dövlət Televiziyası idman sahəsinin geniş işıqlandırılmasında həmişə fəal olub, digər kanallardan seçilib, müxtəlif ölkədaxili və mötəbər yarışlardan canlı yayımlar verib. Ölkə idmanı sürətlə inkişaf etdiyindən idman kanalının açılması labüd idi. Çox sevindirici haldır ki, hamının arzusu reallığa çevrildi, özü də bu kanal pulsuz yayımlanmağa başladı. Elə ilk ildə milli komandanın, İspaniya, İngiltərə və İtaliya çempionatlarının oyunları tamaşaçılara təqdim olundu. Bundan başqa, Unibank Premyer Liqasının matçları canlı yayımlanır. Telekanalımızın fəaliyyəti futbol yarışlarının işıqlandırılması ilə bitmir, digər idman növləri üzrə turnirlərə də xüsusi yer ayrılır. Yayım saatımız artırılaraq 15 saata çatdırılıb. Bir məqamı xüsusi qeyd edim ki, bizə artıq bütün dünya baxır. Bu isə o deməkdir ki, telekanalımız 1 il ərzində çox şeyə nail olub. İnanıram ki, daha yaxşı çalışıb yeni layihələr həyata keçirməklə “İdman Azərbaycan” daha böyük uğurlar əldə edəcək”.
Siyavuş Əliyev: “İşimiz məsuliyyətli və çətin olsa da, idmana böyük sevgim olduğundan qəti yorulmuram, əksinə daha həvəslə çalışıram. Futbolla yanaşı digər idman növlərinə də böyük marağım var. Əsas odur ki, telekanalımız azarkeşlər üçün maraqlı olsun. Azərbaycanda idmanın yüksək səviyyədə olmasını çox istəyirik. Bunun işimizə daha da müsbət təsiri olacaq”.
Elnur Məmmədli: “Fəaliyyətimiz göz qabağındadır. Telekanalımızda bir çox xarici ölkələrin çempionatları, bütün respublikadaxili, həmçinin bir sıra nüfuzlu mötəbər yarışlardan canlı yayımlarımız olur. Əgər tamaşaçılar bizi izləyirsə, deməli, bu, gördüyümüz işlərin nəticəsidir. Çalışacağıq ki, daha yaxşı işləyib daha böyük uğurlara imza ataq. Fikrimcə, bir illik fəaliyyətimizi qənaətbəxş saymaq olar”.
İsmayıl Abdullayev: “İdmana böyük marağım olduğundan və kanalda bu sahəyə xüsusi diqqət yetirildiyindən “İdman Azərbaycan”a üz tutdum. Futbolla bağlı ilk şərhim burada olub. Ümumiyyətlə, bütün idman növlərinə eyni cür yanaşıram. Telekanalımızdakı təcrübəlilərdən daim faydalanmağa çalışıram. Arzu edirəm elə bir gün gəlsin ki, Azərbaycan millisinin dünya çempionatının final mərhələsində və klublarımızın Çempionlar Liqasının qrup turnirində oyunlarını şərh edim”.
Bəli, “İdman Azərbaycan” bir yaşını qeyd etməyə hazırlaşır. Fevralın 1-i bu kanal üçün bayramdır. Biz də həmkarlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Mənbə: "525-ci qəzet"

Daha çox


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir