Vüqar Nadirov niyə qol vura bilmir?

Vüqar Nadirov niyə qol vura bilmir?
ÖLKƏ FUTBOLU 24 Noyabr 2009 / 12:19 2686
-  A +

Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Premyer Liqada keçirdiyi son 11 görüşdə qapılara yol tapa bilməyib. Qol.Az-ın məlumatına görə, futbolçunun sonuncu dəfə vurduğu qol “Qarabağ”ın avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqust ayının 21-də səfərdə Hollandiya “Tvente”siylə keçirdiyi matçda qeydə alınıb. Həmin görüşdə müdafiəçilərin səhvindən istifadə edən Nadirov komandasını hesabda irəli çıxara bilmişdi. Təəssüf ki, bu qoldan sonra hücumçu nə milli komandanın, nə də “Qarabağ”ın heyətində keçirdiyi oyunlarda qapıya yol tapa bilib. Bəs, görəsən, bunun səbəbi nədir? Yaxşısı budu, futbolçunun özünü və futbol mütəxəssislərini dinləyək.

Vüqar Nadirov:

- Doğrusu, nə baş verdiyini heç özüm də bilmirəm. Qapıya nə qədər zərbə endirsəm də, top çərçivəyə getmir ki, getmir. Hər matça qol vurmaq ümidilə çıxıram. Amma təəssüf ki, bu, hələ məndə alınmır. Fikrimcə, belə hal hər bir hücumçunun başına gələ bilər. İnanıram ki, tezliklə qollarımı sıralayacam. 

Adil Nadirov (“Qarabağ” klubunun təsisçilərindən biri, Vüqar Nadirovun əmisi):

- Bilirsiniz, Vüqar çox istedadlı oyunçudur. Oyun vaxtı komandaya dəstəyini hər cür göstərir. Onun uzun müddətdir qol vura bilməməsinə gəlincə, bunu normal qarşılamaq lazımdır. Belə problemlə bizim bir çox ünlü futbolçumuz üzləşib. Məsələn, hətta İsgəndər Cavadov kimi futbolçuda da bu şansızlıq özünü göstərirdi. Cavadov az qala qapıçını da keçərək topu qapıya göndərirdi, amma top dirəyə dəyib geri qayıdırdı.

Müşfiq Hüseynov (keçmiş futbolçu və hucümçu):

- Məncə, bu, psixoloji faktorla bağlıdır. Vüqardan bir hücumçu kimi heç bir narazılığımız yoxdur. Meydanda çox işləyir və komandaya çox xeyir verir. Elə “Olimpik-Şüvəlan”la son tur matçında da yaxşı oynadı, iki real qol imkanı əldə etdi. Yeganə çatışmayan cəhəti odur ki, son vaxtlar qol vura bilmir. Bir vaxtlar məndə də belə hallar olub. Bir müddət qol vurmayanda psixoloji gərginliyə düşürsən. Bu səddi aşmaq üçün növbəti oyunlardan birində fərqlənmək lazımdır. Bir qol vurduqdan sonra özünəinam yenidən geri qayıdacaq və qolların ardı gələcək.

Qurban Qurbanov («Qarabağ»ın baş məşqçisi, keçmiş futbolçu):

- Böyük futbolda hər zaman futbolçunun başına belə şeylər gələ bilər. Bəzən hansısa bir oyunçu 5-10 oyun qol vura bilmir, amma sonradan hər matç qol vurmağa başlayır. Biz Vüqar Nadirovu komandamıza böyük ümidlərlə dəvət etmişik. Onun komandamızın hər bir uğurunda böyük əməyi var. Vüqarın qol vura bilməməsinə baxmayaraq, hər zaman ötürmələri və müdafiəçiləri təzyiqdə saxlamağı ilə komandamıza öz töhfəsini verir. 90 dəqiqə meydanda hərəkətdə olur. Yəqin ki, bir-iki oyun qol vura bilməyəndə özünü narahat hiss edir. Bütün bunlara baxmayaraq, biz ona tam güvənirik. Mən bir neçə dəfə də qeyd etmişəm ki, Vüqar Azərbaycanda ən yaxşı mövqe seçiminə malik futbolçudur. Onun hissiyatı çox güclüdür. Hər oyun fərdi ustalığı sayəsində heç nədən iki-üç qol epizodu yarada bilir.


 


Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi