Tahir Süleymanov: "Qarabağ"ı təzyiq altında saxlamayın!"

Tahir Süleymanov: "Qarabağ"ı təzyiq altında saxlamayın!"
ÖLKƏ FUTBOLU 3 İyun 2014 / 15:05 3991
-  A +

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi


- İlk öncə "Neftçi"nin transfer planları haqda məlumat almaq istərdik. Komandaya yeni oyunçular cəlb olunacaq?

- "Neftçi"nin strategiyası hamıya bəllidir. Sevindirici haldır ki, Samir Məsimov, Məqsəd İsayev kimi gənc futbolçularla ölkə kubokunu qazandıq. Komandada gəncləşdirmə işini davam etdiririk. Yerli futbolçuların olmadığı mövqelərə çox az sayda - 1-2  yeni oyunçu transfer olunacaq. Klub rəhbərliyi ilə məşqçilər korpusu bu haqda geniş müzakirələr aparıb.

- Yəqin ki, klub ilk növbədə hücumda olan boşluqları aradan qaldırmaq istəyir.

- Tək "Neftçi"də yox, Azərbaycan futbolunda, bütün klublarımızda hücumçu və dayaq yarımmüdafiəçisi mövqeyində çatışmazlıqlar var. Biz də bu mövqelər üçün futbolçu axtarışındayıq. Bu yöndə müəyyən futbolçularla danışıqlar gedir. Müqavilə imzalandıqdan sonra ictimaiyyətə açıqlama verikəcək.

- Mətbuatda bəzi legioner futbolçuların adı "Neftçi" ilə hallanır. Buna aydınlıq gətirməyinizi istərdik.

- Mən də bu xəbərləri oxumuşam. Bütün futbol ictimaiyyətinə bildirmək istəyirəm, xahiş edirəm, "Neftçi"nin adından süni şəkildə istifadə etməsinlər. Heç kimə inanmaq lazım deyil. "Neftçi" danışıq apardığı futbolçulara rəsmi təklif göndərdiyi halda bu haqda nəsə yazmaq olar. Yazırlar ki, guya əlcəzairli futbolçu ilə maraqlanırıq. Hər hansı bir əlcəzairli futbolçu maraq dairəmizdə yoxdur. Yaxşı olardı ki, ictimaiyyətdə azərbaycanlı futboçuların xaricə çıxa bilməməsi müzakirə olunsun.

- İcarə əsasında hansısa kluba futbolçu veriləcək?

- Cavid İmamverdiyevə Türkiyə birinci liqasında çıxış edən "Ankaraspor"dan rəsmi təklif gəlib. Danışıqlarımız davam edir. Klub prezidentinin nəzarəti altında bu məsələ müzakirə olunur. Təklifə müsbət yanaşırıq. "Ankaraspor"un hədəfi Super Liqaya yüksəlməkdir. İstərdik ki, yerli gənc futbolçularımız ölkə xaricində çıxış etsin. Bu, Azərbaycan futbolu üçün çox vacibdir.

- Mirhüseyn Seyidovun "Araz Naxçıvan"a transfer olunacağı nə dərəcədə realdır?

- "Araz Naxçıvan"dan hər hansı rəsmi təklif almamışıq. Yeganə rəsmi təklif "Simurq"dan gəlib. Tərlan Quliyev, Emin Mehdiyev və Elşən Abdullayevi icarə əsasında heyətlərinə cəlb etmək istəyirlər. Lakin bu futbolçuların hər biri "Neftçi" üçün lazımlıdır. Buna görə də onlar "Neftçi"də qalacaq.

-  Gənc futbolçulardan təşkil olunacaq "Neftçi"nin Avroliqada hədəfi nədir?

-  Hər bir klubun öz istiqaməti var. Hədəflər imkanlarla üst-üstə düşməlidir. Bilirsiniz ki, yeni mövsüm üçün legioner limiti azalıb. Bu proses Avropadakı uğurların qarşısını bir qədər alacaq. Yəni legionerləri Premyer Liqamızda oynada bilmiriksə, avrokubokların 1-2 oyununda onlardan istifadə etmək kifayətlənmək olmaz. Qeyd etdiyiniz kimi, "Neftçi" yenidən gənc futbolçulardan qurulur.  Bütün bunların fonunda Avropada böyük hədəflərdən danışa bilmərik. Hər zaman real danışmışıq və dediyimizi etmişik. Əgər 3-4 il bundan əvvəl qarşımıza Avroliqanın qrup mərhələsinə düşməyi məqsəd qoymuşduqsa, indi yeni komanda formalaşıdırmağı və tarixi uğurumuzu növbəti illərdə təkrarlamaq istəyirik. Bunun üçün komandamıza bir il vaxt lazımdır. Bir il ərzində formalşdıdığımız komanda ilə 3-4 il stabil çıxış etmək olar. Təbii ki, Avroliqada mümkün qədər irəliləmək istəyirik. Ancaq ən önəmli məsələ yeni komanda formalaşdırmaqdır. Qarşıdakı mövsümdə gənc futbolçulara daha çox şans veriləcək. Onlar tezliklə Araz Abdullayev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə kimi gənc, eyni zamanda təcrübəli futbolçuların səviyyəsinə çatmalıdır. Qarşımızda duran əsas məqsəd budur.

- Bu il ölkəmizi Çempionlar Liqasında "Qarabağ" təmsil edəcək. Sizcə, "Qarabağ" "Neftçi"nin uğurunu təkrarlaya bilər?

-  İlk növbədə "Qarabağ"a uğurlar arzulayıram. İctimaiyyətə səslənmək istəyirəm ki, "Qarabağ"ı təzyiq altında saxlamayın! Gecə-gündüz "Qarabağ"ın qrup mərhələsinə düşməli olduğunu demək komandaya psixoloji cəhətdən pis təsir edə bilər. Unutmayın ki, "Qarabağ" 21 il ərzində çempion olmayıb və Çempionlar Liqasında ilk dəfədir çıxış edir. Bu turnidə uğur qazanmaq daha çətindir. "Qarabağ"a dəstək olmaq lazımdır. İnanıram ki, "Qarabağ" təzyiqlərə məruz qalıb psixoloji gərginlik yaşamasa, minimum Avroliqanın qrup mərhələsində oynaya bilər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda