Əmircanov: "Mənə "İnter"dən artıq pul təklif edənlər olub"

Əmircanov: "Mənə "İnter"dən artıq pul təklif edənlər olub"
ÖLKƏ FUTBOLU 11 Aprel 2014 / 17:52 2574
-  A +

"İnter" klubunun müdafiəçisi Ruslan Əmircanov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın 30-cu turunda sabah "Neftçi" ilə keçiriləcək oyundan və  komandası ilə mövcud müqaviləsi haqda danışıb.

- Topaz Premyer Liqanın növbəti turunda sabah "Neftçi" ilə qarşılaşacaqsınız. Rəqibinizin sizi üç xal qabaqladığını nəzərə alsaq, sabahkı derbini həllədeci oyunlardan adlandırmaq olar.

- Həqiqətən sabahkı oyunun əhəmiyyəti çox böyükdür. Bunu siz də bilirsiniz, biz də. Bəlkə də "Neftçi" ilə qarşılaşmanı altı xallıq oyun  kimi qıymətləndirmək olar. Çünki doğma meydanda rəqibə qalib gəlsək, ikinci pilləyə yüksələ bilərik. Məğlub olacağımız təqdirdə isə "Neftçi" bizi 6 xal qabaqlayacaq. Qalib gəlmək üçün çox diqqətli olmalıyıq. İlk növbədə səhvsiz oynamalıyıq. Çünki "Neftçi" bir səhvimizi belə bağışlamaz. Zədə səbəbindən görüşdə iştirak edə bilməyəcəm. Komanda yoldaşlarıma tövsiyyəm odur ki, müdafiədə səhvə yol verməsinlər. Kubok oyununda öz səhvimizdən "Neftçi" qapımıza qol vurdu. Həmin qola görə də kubokda mübarizəni dayandırdıq. Çalışırıq ki, məğlubiyyətsizlik seriyamızı davam etdirək. Bilirsiniz ki, qış fasiləsindən sonra cəmi bir dəfə məğlub olmuşuq. Bu seriyanı davam etdirmək lazımdır. Mən oynaya bilməsəm də, komanda yoldaşlarım sabahkı oyuna tam hazırdılar. İnşallah çalışacağıq ki, doğma meydanda qələbə qazanaq.

- Zədən nə dərəcədə ciddidir?

- Zədəm hələ tam sağalmayıb. "Neftçi" ilə oyundan sonra yəqin ki, məşqlərə başlayacam. Həkimlər müayinədən sonra bir söz deyəcəklər. Əgər ağrılarım davam etsə, "Bakı" ilə oyunu da buraxacam. Məşqçilər də bildiriblər ki, bizə tam sağalandan sonra  lazımsan.

- Kubok oyunlarını da nəzərəsə alsaq, bu mövsüm "Neftçi" ilə beş dəfə qarşılaşmısınız. Ancaq statistikaya baxanda hansısa komandanın üstünlüyünü görmürük. Bu dəfə güclü tərəfi müəyyən etmək olacaq?

- Düzdü, bu mövsümün kimin güclü olduğunu aydınlaşdıra  bilməmişik. Növbəti oyunda bunun müəyyənləşəcəyini deyə bilmərik.  Elə bir çempionatımız var ki, heç bir oyuna proqnoz vermək olmur. Desəm ki, sabah "Neftçi"yə qalib gələcəyik, bu, düzgün olmaz. İlk növbədə rəqibə hörmətlə yanaşmalıyıq. Bəli, oyunun əhəmiyyəti böyükdür. Həlledici qarşılaşmalardan biridr. Biz də istəmirik ki, uğursuz nəticə qazanıb, indiyə qədər çəkdiyimiz əziyyətə yerə vuraq. Bizim bu pilləyə necə çətinliklə qalxdığımızı hamı bilir. Sanki dərənin dibindən dağın başına qalxmışıq. İndiki halda bizə bir xal da çox vacibdir. Hər halda məşqçilərin verdiyi tapşırıqları yerinə yetirə bilsək, nə dərəcədə güclü olduğumuz görünər. Bu mövsüm "Neftçi"ni 3:1 hesabı ilə məğlub etməyi bacarmışıq. Həmin oyunda "Neftçi" kimi komandanı hərtərəfli üstələyirdik. Çünki, futbolçuların gözündə qələbə istəyi görünürdü.  Həmin oyunu sərgiləyə bilsək, sabah qalib gələcəyik.

- "İnter"lə müqavilən nə vaxt başa çatır?

- Müqaviləm mövsümün sonunda başa çatacaq. Başqa yerli klublardan təklif almışam. Ancaq təklifləri dəyərləndirmirəm. Çünki "İnter"in futbolçusuyam, bu komandaya məxsusam. Müqaviləm başa çatmamış heç bir klubla danışıqlar aparmayacam.  Keçən mövsüm də başqa klublardan təklif almışdım. Hətta "İnter"dən artıq pul təklif edənlər olub, ancaq mən pula baxmadım. Çünki baş məşqçimiz Kaxaber Sxadadzeni yaxşı tanıyıram. Onun yanında oynamaq mənə rahatdır. Ona görə də heç yerə getmədim. Həm də "İnter"də ab-hava gözəldir. Şükürlər olsun ki, getdikcə oyunumda da inkişaf hiss olunur. Özüm də "İnter"dən getmək istəmirəm. Razılığa gəlsək, müqaviləmi artıracam. 

- Baş məşqçiniz "İnter"dən getsə, komandada qalacaqsan?

- "İnter" mənə doğma və rahat komandadır. Burda hamı sakit şəkildə öz çörək pulunu qazanır. Rəhbərlik də futbolçularla isti münasibətdədir. Baş məşqçinin getməyinə gəldikdə isə, indidən heç nə deyə bilmərəm. Demirəm ki, baş məşqçimiz getsə, mən də komandanı tərk edəcəm.   Hər halda başqa klubla danışıq aparmaq fikrim yoxdur.

- Ölkə xaricindən təklif gəlsə necə?

- Hər bir futbolçunun istəyidir ki, ölkə xaricində oynasın. Mənə də təklif gəlsə, dəyərləndirərəm. Ancaq ilk növbədə pulu yox, həmin komandada heyətə düşə biləcəyimi götür-qoy edərəm. Mənə lazım deyil ki, "İnter"dən artıq pul alım, ancaq ehtiyat skamyasında əyləşim.   Ondansa elə öz klubumda oynasam yaxşıdır. Hazırda 29 yaşım var. Bilmək olmaz ki, bundan sonra nə qədər oynayacam. Ona görə də çalışıram ki, Azərbaycan futbolu tarixində mənim də adım yazılsın. Bunun üçün çalışıram.

Ramiq AĞAMƏMMƏDOV

 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq